Kartofçuluq və çayçılıq sahəsində böyük ixrac potensialı yaratmalıyıq
Tarix: 18.07.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Zeytun yağı emalı mümkündür. Bundan başqa, üzüm çəyirdəyindən yağ istehsalı ilə bağlı Şamaxıda brend yaratmaq olar”

Ölkədə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu, növbəti dövr üçün dəyişməz olaraq qalır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bunu bir daha qeyd edib. Ölkə başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir: “Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.

Mütəxəssislər də ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri vacib hesab edir və bu sahədə öz təkliflərini irəli sürürlər. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Ölkə başçısının toxunduğu məhsuldarlıq fərqi ilə bağlı əgər bir yerdə pambıqçılıqda məhsuldarlıq 25 sentner, digər yerdə 15 sentnerdirsə, təbii ki, təhlil olunmalıdır. Ancaq fərq 25-22-dirsə, bu, problem deyil. Əkinçilik, aqrar sahənin 90 faizi özəl sektordur. Fermerin marağındadır ki, məhsulu çox olsun. Yerli idarəetmə orqanları onlara, sadəcə, şərait yaratmalıdır. Mane olan faktorları aradan qaldırmağa kömək etməlidir, ancaq plan tələb edə bilməz.
- Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Ölkə başçısı qeyd edib ki, biz hələ böyük ixrac potensialına malik deyilik və bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun inkişafı prioritet olmalıdır...
- Sovet dövründə kartofla 102 faiz tələbatı təmin edirdik. Bunun səbəbini yalnız bir faktla izah etmək mümkün deyil. Bizdə ixrac yönümlü yeni sahələr formalaşır. Tütünçülük, baramaçılıq, çayçılıq, üzümçülük və s. Yəni rəqabət gedir. Sahibkarlarda iqtisadi maraq üstünlük təşkil edir. Kartofla məşğul olan düşünür ki, kartof əvəzinə meyvə-tərəvəz, yaxud başqa bir məhsul yetişdirsəm daha gəlirli olacaq və başqa məhsul yetişdirməyə başlayır. Hər bir halda konkret təhlil olunmalıdır. 3-5 il öncə özümüzü 100 faizdən çox həm şəkər məhsulları, həm də kartofla təmin edirdik. İndi ödəmirik. Onun səbəbi də odur ki, başqa sahələrlə rəqabət gedir. Əgər istehsal 3-5 faiz düşürsə, bu normaldır, ancaq 30 faiz düşürsə, təhlil olunmalıdır.


Professor Çingiz İsmayılov:
“3-5 il öncə özümüzü 100 faizdən çox həm şəkər məhsulları, həm də kartofla təmin edirdik. İndi ödəmirik. Əgər istehsal 3-5 faiz düşürsə, bu normaldır, ancaq 30 faiz düşürsə, təhlil olunmalıdır”


Əvvəllər ölkəmizə Gürcüstandan, Rusiyadan, Ukraynadan, İrandan kartof ixrac olunurdu. Qonşu ölkələrdə kartof var və daha ucuz qiymətə olduğuna görə biz rəqabətə davam gətirmirik. Ancaq biz gərək elə məhsulları ixrac edək ki, orada yoxdur, yaxud qiyməti bahadır. Bunlar baramadır, pambıqdır, tütündür, zəfərandır, üzümdür. Təbii ki, biz məqsəd qoymuruq ki, bütün məhsullar ixrac yönümlü olsun. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullardır. Biz Argentinaya məhsul göndərmirik. Türkiyə, İran, Rusiya, Gürcüstan kimi qonşu ölkələrə ixrac edirik. O məhsullar ixrac yönümlüdür ki, qiymətdə, keyfiyyətdə hansısa üstünlüklərə malikdir. Ona görə kartof ixrac yönümlü deyil ki, rəqabət var.
- Ölkə başçısı bildirib ki, çayçılığın bərpası istiqamətində işlər gedir. Biz çayı ixrac etsək də xammalı da idxal edirik. Daxili xammal hesabına daha çox çay istehsal edə bilmək üçün hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Lənkəran-Astara zonasında olan çay zavodları, əsasən, gətirilən xammal əsasında çeşidlənir. Qutulara yığılmış məhsul ixrac olunur. Xammal bizim müəssisələrin tələbatını tam ödəmir. Çayçılıq uzun illik məhsuldur. Bunun üçün vaxt lazımdır ki, bitsin və 5-7 ildən sonra keyfiyyətli çay olur. Vaxtilə sovet dövründə olan çay plantasiyalarının böyük əksəriyyəti dağılmışdı və onun yerində başqa məhsullar becərilmişdi. İndi onu bərpa etmək üçün vaxt, zaman lazımdı. Əsasən çay plantasiyaları sahələri azdır.
- Zeytunçuluğun inkişafı ilə bağlı bildirilib ki, əgər ehtiyac olarsa, yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksəkkeyfiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarmalıyıq. Siz bu sahədə hansı təkliflər irəli sürərdiniz?
- Bu sahədə problem texnologiya, həm də məhsulun keyfiyyəti ilə bağlıdır. Hələ sovet dövründə Rusiyadan ölkəmizə iqtisadçılar gəlmişdi və onlar şəhəri gəzərkən aeroport yolunun kənarlarında olan zeytun ağaclarına baxdılar. Həmin dövrdə biz zeytunu qablaşdırıb ittifaq ölkələrinə göndərirdik. Onlar gülə-gülə dedilər ki, biz görürük ki, siz bizə “hansı zeytunu” göndərirsiniz. Dedim ki, bizdə zeytun plantasiyaları var. Yol ətrafında olan zeytun ağaclarına avtomobillərin qazları hopurdu deyə, keyfiyyəti olmurdu. Hər bir məhsulun ixrac yönümlü olması ilə yanaşı, keyfiyyəti də vacibdir. Çünki o məhsullar analiz olunur və görürlər ki, keyfiyyəti aşağıdırsa, alınmır. Bir neçə il öncə Rusiya-Azərbaycan ticarət konfransında bildirdilər ki, Azərbaycandan 24 şirkətin narşərabını alırıq, ondan yalnız 2-si keyfiyyətlidir, digərləri isə tələblərə cavab vermir. Bu gün bir faktdır Aralıq dənizi sahili, Yunanıstan, Türkiyə, Balkan ölkələri zeytunun vətənidir. Yəni orada, təbii ki, iqlim bizdən fərqlidir, orada rütubətli subtropik iqlimdir, bizdə zeytunlar quru subtropikdə bitir. Keyfiyyətdə fərqlər də var. Ona görə də bazara zeytun çıxarsaq yunan, yaxud digər balkan ölkəsi ilə biz rəqabətə davam gətirməliyik. Onlar artıq öz brendini qazanıblar. İndiyədək Azərbaycan zeytunu barədə eşidilməyib. Nədəsə, ilk öncə keyfiyyətcə üstünlük qazanmalıyıq. Bizim plantasiyaların sahələrinə uyğun fabrik yaradıla bilər. O asılıdır xammal bazamız nə qədərdir. Xammalı gətirib bizdə zeytun yağı hazırlamaq iqtisadi baxımdan əlverişli deyil. Kənd təsərrüfatı məhsullarını daşımaq onun keyfiyyətinə təsir göstərir. Onun dəyərində öz əksini tapır. Ona görə də kənd təsərrüfatı məhsullarının emalını, əsasən, öz xammalı əsasında qurmalıyıq. Ancaq zeytun yağı emalı mümkündür. Bundan başqa,üzüm çəyirdəyindən yağ istehsalı ilə bağlı Şamaxıda brend yaratmaq olar. Biz qeyri-neft sektorunun inkişafına nail olmalıyıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info