Ataların yolu
Tarix: 18.07.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Raci Quliyev:
“Atam hər yerdə azərbaycançılığı təbliğ edərdi”

İnsanı özündən sonra yaşadan onun qoyub getdiyi təmiz ad, etdiyi yaxşılıqlar və əməlisaleh övladlarıdır. Qazaxıstanda olarkən əksər soydaşlarımız orada dünyasını dəyişən Quliyev Pənah Xanlar oğlu haqqında fəxr və ürəkağrısı ilə danışırdılar. Hər kəs Pənah Quliyevin gördüyü işlər, xeyriyyə əməlləri haqqında elə danışırdı ki, sanki bu insanın dünyadan köçəndə 60-70 yaşı olub. Yəni onun fəaliyyətinin əhatə dairəsi o qədər geniş olub ki, haqqında deyilənlər mənim fikrimdə Pənah Quliyevi ağsaqqal bir kişi kimi canlandırırdı. Düzü, eşidəndə ki, Pənah Quliyev cəmi 45 il yaşayıb, heç inanmağım gəlmirdi.… Bütün hallarda Pənah Quliyev həyatda öz xeyirxahlığı, fəaliyyəti, şanı-şöhrəti ilə imzasını qoyub gedib. Qeyd edək ki, Pənah Quliyev Lerikdə dünyaya gəlib. Ali təhsilli inşaatçı olub. Peşəkar inşaatçı kimi Azərbaycanın bir neçə rayonunda çalışıb. 1999-cu ildən isə Qazaxıstanda yaşayıb və tikinti sektorunda çalışaraq öz şirkətini yaradıb. 2012-ci ildə rəhmətə gedib. Ailəli olub. Raci və Rahid adlı iki oğlu var. Pənah Quliyevin cəmiyyətə hədiyyəsi övladlarıdır. Onun övladlarına qoyduğu ən böyük kapital onlara verdiyi yüksək təhsildir. Məhz buna görə də bu gün onun yolunu oğlanları şərəflə davam etdirirlər. Qazaxıstanda onun böyük oğlu Raci Quliyevlə görüşüb atası haqqında danışmasını istədik. Öncə qeyd edək ki, Raci Quliyev 1989-cu ildə Sabirabad rayonunda anadan olub. Orta məktəbi 7-ci sinfə kimi Abşeron rayonunun Saray qəsəbəsində oxuyub. Daha sonra isə orta məktəbi Lerik rayonunda davam etdirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunudur. 2002-ci ildən Qazaxıstanın paytaxtı Astana şəhərində yaşayır. Hazırda tikinti sektorunda çalışır.
-Sizin atanızın az yaşda böyük yolu olub. Ona bu yolu kim göstərib?
-Atam həmişə deyərdi ki, həyatı rəhmətlik əmim İsrafildən öyrənib. Atam yaşda balaca olub, amma yolu böyük olub. Ümumiyyətlə, Xanlar babam övladlarına çox gözəl tərbiyə verib. Mənim atamgil ailədə 7 qardaş, iki bacı olublar. Əmilərim İsrafil, Bəylər, Valeh, Cəbrayıl, Baxış, Əliəkbər və Qulu arasında heç zaman mən, sən olmayıb. Quliyevlər olaraq hər zaman “biz” deyərək iş görüblər. Hazırda əmilərimin 4-ü Qazaxıstanda yaşayır.
-Atanızın yolunu davam etdirirsizmi?
-Atamın yolunu davam etdirmək çox çətin məsələdir. Atam mənəviyyat adamı olub. Ümumiyyətlə, hər adam onun yolunu gedə bilməz.
-Mənəvi olaraq, atanızdan sizə nə qalıb? Yəni gələcək nəslə ötürə bilməyiniz üçün atanız sizə nə ərməğan edib?
- Atam ancaq yaxşılıq edib. Kimsəyə pisliyi dəyməyib. Atamdan qalan ən yaxşı xatirə onun etdiyi xeyirxahlıqdır. O, saysız insanlara maddi və mənəvi dəstək olub. Mən inanmıram ki, onun etdiyi yaxşılıqları ikinci kimsə etsin. Onun etdiyi maddi köməkliyi burada hamı bilir. Onun sağ əlinin verdiyini sol əli bilməyib. Atamın mənə qoyduğu miras onun təmiz adıdır. Atam daima mütaliə edərdi. Onun yaxşı nitq qabiliyyəti var idi. O qədər bəlağətli, sərbəst danışırdı ki, atamın məni döyməyindən yox, onun mənə iki kəlmə ağır söz deməyindən qorxardım.
Atam şənlik adamı idi. Harada olurdusa, məclisi xoşladığı bu şeirlə açardı:
-Həyat, nə yaxşı ki, ellər içində,
Mənə bu obanı, eli veribsən.
Sərraf tək seçmisən dillər içində,
Mənə Azərbaycan dili veribsən.

Başqa bir yerə də ata bilərdin,
Oğul eyləyərdin başqa ünvana.
Onda paxıllıqdan coşub yanardım,
Uzaqdan baxanda Azərbaycana.

Atam birinci növbədə fəxr edərdi ki, azərbaycanlıdır. Hər yerdə, ilk növbədə azərbaycançılığı təbliğ edərdi. Bizə də bayrağımızı, millətimizi sevməyi öyrədərdi.
-Atanızın Qazaxıstan rəsmiləri ilə münasibəti necə idi?
- Atamın rəsmilərlə münasibəti çox yaxşı idi. Tədbirlərdə mütəmadi olaraq iştirak edərdi. Məsələn, görəndə ki, kimsənin qohumu rəhmətə gedib və Azərbaycana getməlidir, həmin adamın biletini alıb Vətənə yola salardı və bununla imkan verməzdi ki, başqalarına güc düşsün.
-Özünüzü atanızın missiyasını davam etdirməyə hazır bilirsizmi?
-Mən bacardığımı edirəm. Mənim dostlarım, yoldaşlarım var. Onlar məni yaxından tanıyırlar. Atamın yolunu davam etdirmək məsuliyyətli işdir. Amma ömrümün sonuna kimi çalışacam ki, onun etdiklərini davam etdirim və mənə qoyduğu yolla gedim.
Raci Quliyevlə söhbət edərkən bizimlə birgə olan Həbib Vəliyev də Pənah Quliyev haqqında fikirlərini bildirdi:
- Mən Pənah müəllimi 2 dəfə görmüşdüm. Mən onun ruhu qarşısında baş əyirəm. Allah ona rəhmət eləsin, Raci kimi oğul böyüdüb. Onun yaxşı qardaşları, dostları və tanışları var. Mən Pənah müəllimin dünyasını dəyişməyinə, hələ də inanmıram. Bizim qəlbimizdə onun yeri var və hər zaman yaşayacaq. Ümumiyyətlə, Pənah müəllimin qardaşlarının hamısı ürəyi təmiz, saf insanlardır. Bu gün onun qardaşı hacı Valehlə münasibətim var.
Fuad Hüseynzadə
(Bakı-Astana-Bakı)




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info