Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir
Tarix: 25.07.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Naxçıvan özünün nadir təbii-tarixi ehtiyatları, müasir iqtisadi inkişafı və xidmət sektorundakı keyfiyyətli servisləri ilə hər kəsin diqqətini cəlb etməkdədir. Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Duzdağ Fizioterapiya Mərkəzi də təklif etdiyi səhiyyə xidməti ilə muxtar respublikaya gələn turistlərin sevimli istirahət və müalicə məkanıdır.
Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında bu il daha çox artım müşahidə olunur. Duzdağda göstərilən xidmətlər və pasiyentlərin təəssüratları ilə tanış olmaq üçün axşamüstü bu şəfa ocağına yollandıq.
Duzdağda qələbəliklə qarşılaşdıq. Buraya gələnlərin bir qismi çay-kofe xidmətindən istifadə edir, bir qismi də mərkəzin girəcəyində Günəşin qürubunun yaratdığı ecazkar mənzərəyə baxır, xatirə şəkilləri çəkdirirdi. Növbəti gecə seansı üçün servis avtobusları ilə buraya gələnlər arasında uşaqların çoxluğu ilk baxışda diqqətimizi cəlb etdi.
Pasiyentlərin qəbulu və sağlamlıq vəziyyəti ilə ciddi şəkildə maraqlanan mərkəzin baş həkimi Zülfiyyə Həsənova bizimlə söhbətində vurğuladı ki, son illər mərkəzə gələnlər arasında uşaqlar üstünlük təşkil edir. Bu il də belədir. İlin əvvəlindən müalicə üçün buraya gələn təxminən 3 minə yaxın pasiyentin üçdəikisi uşaqlar, 200 nəfərə yaxını isə xarici ölkə vətəndaşıdır.
Zülfiyyə həkim onu da qeyd etdi ki, Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir. Keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzinin şöhrəti hər tərəfə yayılıb. Burada tətbiq olunan müalicə üsulu mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti - buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı təşkil olunan müalicənin müsbət nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa duz şaxtasına daxil olması, il ərzində havanın sabit müsbət 20 dərəcə temperaturda qalması, 24 faiz nisbi rütubət, oksigenin havadakı miqdarının 20 faiz təşkil etməsi, sıfıra bərabər hava cərəyanı və zəhərli qazların son dərəcə minimum səviyyəsi Duzdağın müalicəvi effektini artıran əsas amillərdəndir. Şübhəsiz, son dövrlərdə burada yaradılan müasir infrastruktur şəraiti, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və habelə təşkil olunan digər xidmətlər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkanlar yaradır. Mərkəzdə fəaliyyət göstərən 25 nəfərlik tibbi heyət pasiyentlərə günboyu xidmət göstərir. Müalicə prosedurlarına gəldikdə, baş həkim burada böyüklər üçün axşam saatlarında 14, uşaqlara isə gündüz saatlarında 8-10 günlük müalicə kursları təşkil olunduğunu, indiyə qədər heç bir ağırlaşma hallarının olmadığını, əksinə, insanların antiallergik dərmanlardan birdəfəlik azad olduqlarını bildirdi.
Ölkə vətəndaşlarına burada qalmaq pulsuzdur. Buna görə də hər yaşdan və sosial kateqoriyadan olan insanların müalicəsinə imkan var. Elə xarici ölkələrdən gəlmiş turistlər üçün də Duzdağ çox əlverişlidir. Yaxınlıqdakı “Duzdağ” otelində və şəhərdəki digər otellərdə qalan qonaqlar arasında Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin vətəndaşları var. Pasiyentlərlə söhbət zamanı məlum oldu ki, onların bir çoxu buraya müalicə üçün artıq neçənci dəfədir gəlirlər.
Qazaxıstanın Astana şəhərindən gəlmiş Aliya Akpasova isə Naxçıvanda ilk dəfədir olur. O, bacısı Kamilla ilə birlikdə qızları 10 yaşlı Altias və 7 yaşlı Tomrisin müalicəsi üçün Duzdağa gəldiyini, artıq 5 gün ərzində onların səhhətində yaxşılaşma olduğunu bildirdi.
Rusiyanın Novosibirsk şəhərindən buraya üz tutan Oksana Prosekina isə oğlanları İlya və Aleksandrın Duzdağda müalicə oluna biləcəyini Bakıda yaşayan dostları sayəsində öyrəndiyini qeyd etdi. Artıq müalicə kursunun başa çatdığını və həftəsonu evlərinə qayıdacaqlarını söyləyən rusiyalı xanım növbəti səyahətində Naxçıvanın görməli yerləri ilə tanış olmaq istədiyini dedi.
Türkiyə vətəndaşı Nərgiz Akgündən və ölkəmizin digər yerlərindən gəlmiş pasiyentlər də xoş təəssüratlarını bizimlə bölüşdülər. Bakı şəhər sakini Sona Əzizova, Yevlaxdan gələn Mətanət Mirzəyeva və Nabat Muxtarova isə burada bütün insanlar, xüsusilə qadın və uşaqlar üçün hər cür şərait yaradılmasından, ciddi müalicə və yuxu rejiminin tətbiq olunmasından razılıqla söhbət açdılar.
Bəli, Naxçıvanın suyu, havası kimi, duzu da min bir dərdin dərmanıdır. Təbiətin bu torpağa bəxş etdiyi bütün nemətlər isə ölkəmizin milli sərvətidir.
AZERTAC




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
18.12.2018
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb
18.12.2018
İmişlidə 16 min ədəd tut tingi əkilib
18.12.2018
Naxçıvanda miqrasiya sahəsində ardıcıl tədbirlər görülür
18.12.2018
Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info