Ana dilimiz müstəqil Azərbaycanın ən böyük milli sərvətidir
Tarix: 01.05.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyev deyib:
“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Həmin maddənin II hissəsində isə göstərilir: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Xalqımızın başına zaman-zaman gətirilmiş faciələr, ədalətsizliklər ana dilimizdən də yan keçməyib. Lakin tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda dövlətimizdə çox əlverişli şərait yaranıb.

Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında, mədəniyyətimizdə, təhsilimizdə, incəsənətimizdə yüksəliş illəri olub. Ümummilli lider Heydər Əliyev keçmiş sovet rejiminin qadağalarına baxmayaraq, ana dilinin qorunmasına, onun tətbiqində öz prinsipial mövqeyinə həmişə sadiq olub.
Keçmiş Sovetlər Birliyi dövründə bütün rəsmi tədbirlər, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da yalnız rus dilində aparılırdı. Lakin ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçildikdən sonra o, bu sahədə də öz müstəqil, prinsipial mövqeyini nümayiş etdirdi.
Respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969-cu il tarixində Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev o dövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejiminin məhdudiyyətlərini pozaraq Azərbaycan dilində çıxış etdi və bu çıxış universitet ziyalılarının uzun illərdən bəri gözlədiyi milli oyanış istiqamətində həlledici addım oldu. Bu gün böyük qürur hissi keçirirəm ki, həmin yığıncaqda iştirak edərək bir qrup əlaçı və ictimaiyyətçi tələbə ilə birlikdə yığıncağın rəyasət heyətində qoyulmuş universitet bayrağının fəxri qarovulunda dayanmışdım, o bayrağın ki, ümummilli lider Heydər Əliyev yığıncaqda həmin bayrağa “Qırmızı Əmək Bayrağı” ordenini sancdı. Yığıncağın sonunda respublika rəhbəri səhnədən düşərkən fəxri qarovulda dayanmış tələbələrlə də səmimi görüşdü.
Azərbaycan Respublikasının 21 aprel 1978-ci il tarixli Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri olmuş Heydər Əliyevin ana dilinə olan sonsuz məhəbbəti və prinsipiallığı nəticəsində Konstitusiyanın 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə müddəa daxil edilmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə milli dilin yalnız üç müttəfiq respublikada dövlət dili olması nəzərdə tutulmuşdu.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 22 dekabr 1992-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda dövlət dilinin əsassız olaraq türk dili olması göstərilmişdi. Bizim türk xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına və dilinə böyük hörmətimiz var. Belə ki, Azərbaycan dili qədim və zəngin tarixə malik türk dilləri qrupunun Oğuz ailəsinə daxildir. Lakin zaman keçdikcə Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşa, zəngin lüğət fonduna, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normalarına malik müstəqil dil kimi formalaşıb. Ona görə də bu gün demək olmaz ki, müasir Azərbaycan dili elə türk dili deməkdir.
Doğrudur, xalqımız türk dilində danışığı başa düşür. Həmçinin türklər də Azərbaycan dilini başa düşür. Lakin tərcüməsiz hər hansı bir dildə danışmaq və danışığı başa düşmək heç də o demək deyildir ki, bu dillər arasında bərabərlik işarəsi qoymaq olar. Bu məntiqlə yanaşsaq, belə çıxır ki, rus, belarus, ukrayna və polyak dilləri də eyni bir dildir. Bəli, həmin dildə danışanlar az da olsa, bir-birini başa düşürlər. Halbuki bu dillərin hamısı slavyan dil qrupuna daxil olmaqla, uzun illər ərzində müstəqil dil kimi formalaşıblar.
Müstəqil dövlətimizin ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilərkən, məhz, ümummilli lider Heydər Əliyevin ana dilinə olan dəyişməz mövqeyi və prinsipiallığı nəticəsində Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa qanunvericilik qaydasında bir daha öz əksini tapdı.
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixdə qəbul etdiyi “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu uzun müddət icrasız qaldığına görə, təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 2001-ci il tarixdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı.
Fərmanın preambulasında Azərbaycan dilinin inkişaf tarixi və onun inkişaf mərhələləri barədə yığcam, əsl elmi məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər ilin avqust ayının 1-nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanında Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Həmin fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra tədbirlərin, o cümlədən Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərmək, onun hüquqlarının məhdudlaşdırılmasına cəhd etmək kimi hallara, latın qrafikasının tətbiq olunmasına maneələr törədilməsinə görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsinin hazırlanması, 2001-ci il avqust ayının 1-dək mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasının təmin edilməsi tapşırılıb.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” 22 dekabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə ciddi ehtiyac olması nəzərə alınaraq, qeyd olunan fərmanda “Azərbaycan Respublikasında dövlət dili haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulmuşdu.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Həmin qanunun 5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır, başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir, belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci il tarixli qanununun 7-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin bu zaman onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Təəssüflər olsun ki, bir çox hallarda qanunun bu tələbi ciddi surətdə pozulur, xüsusilə özəl müəssisələrdə lövhələr, reklamlar yalnız əcnəbi dildə yazılır.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin orqan 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 №-li qərarı ilə “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilib. Təəssüflər olsun ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilərkən qaydaların 1-ci və 3-cü bəndlərində orfoqrafik səhvə yol verilib. Belə ki, ara sözləri cümlənin əvvəlində gələrsə, özündən sonra, cümlənin ortasında gələrsə, hər iki tərəfdən, cümlənin axırında gələrsə, özündən əvvəl vergül qoyulmalıdır. Lakin qaydalar qəbul edilərkən bu qaydaya əməl edilməyib. Nəzərə alsaq ki, orfoqrafiya qaydaları bir etalon olmalıdır, belə qaydalarda orfoqrafik səhv yolverilməzdir.
Hazırda mətbuat vasitələrində gedən məlumata görə, Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanır. Ona görə də bu qaydaların layihəsi mətbuatda dərc edilərək geniş müzakirə predmeti olmalı, ixtisasından, peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş, xüsusilə, mütəxəssislər bu barədə öz sözünü deməli, dilimizin daha da təkmilləşdirilməsi və zənginləşdirilməsi üçün mövqeyini bildirməlidir. Bu, hər bir azərbaycanlının müqəddəs mənəvi borcudur.
Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanının bütün tədris müəssisələrində, ixtisas profilindən asılı olmayaraq, ali məktəblərdə öyrənilməsi üçün tədris planlarına müvafiq mövzuların daxil edilməsi vacibdir. Həmçinin qeyd edilən fərmanın mərkəzi icra orqanları və onların bütün tabe qurumlarında öyrənilməsinin təşkil edilməsi də xüsusilə vacibdir.
Ölkə başçısının qeyd edilən fərmanının öyrənilməsi ilə bağlı mövzular Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən vaxtaşırı təşkil olunan ixtisasartırma kurslarının tədris-təqvim planlarına, bir qayda olaraq, daxil edilir, bu haqda mühazirələr dinləyicilərin dərin marağına səbəb olmaqla, onlar da bu mövzu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan dilinin inkişafında müstəqil bir mərhələ olmaqla, qanunda və fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi qədim tarixə malik, özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşa, zəngin lüğət fonduna, geniş ifadə imkanlarına, yüksək səviyyəli yazı normalarına malik Ana dilimizin daha da inkişaf etdirilməsi üçün güclü təkan olacaq.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev idarəçilik məktəbinin layiqli nümayəndəsi, onun daxili və xarici siyasətinin davamçısı-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalaması ölkə başçısının bu məktəbin ənənələrinə sadiqliyinə bir daha dəlalət edir.
Hesab edirik ki, sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycan dilinin cəmiyyətdə rolunun daha da möhkəmlənməsinə xidmət edəcək.
Ümummilli lider Heydər Əliyev deyib: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”. Bunu hamı yadda saxlamalı, ixtisasından, təhsilindən, vəzifəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, bu milli sərvətin qorunması və inkişafı üçün əlindən gələni əsirgəməməlidir.

İlham ABBASOV
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info