Dünya mediasına necə inteqrasiya etməli
Tarix: 28.07.2017 | Saat: 12:07:00 | E-mail | Çapa göndər
Fuad HÜSEYNZADƏ |

İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən yararlanmaq vacib amildir. Etiraf edək ki, bizim xarici ölkələrdə media dayaqlarımız istənilən səviyyədə deyil. Xaricdə Qarabağ həqiqətlərini yaymaq, gündəmi bizim xeyrimizə dəyişmək üçün təbliğat aparan azərbaycanlı və əcnəbi jurnalistlərin azlığı bir çox məqamlarda daha çox özünü büruzə verir.
Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə çevrilib. Beynəlxalq aləmdə KİV vasitəsilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediası ilə əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Ümumiyyətlə, indiki məqamda jurnalistlərimizin öz yazıları ilə xarici aləmə çıxışı önəmli məsələdir. Bu haqda Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında KİV nümayəndələrinə tövsiyələrini verib. Son olaraq Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistlərə yeni mənzillərin paylanması mərasimində çıxış edərkən bu məsələyə toxunub. Dövlət başçısı xarici informasiya məkanına çıxış əldə edilməsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, xarici dillərdə saytların açılmasının, Azərbaycan həqiqətlərinin bu media qurumları vasitəsilə dünyaya çatdırılmasının əhəmiyyətindən də söhbət açıb: "Jurnalistlərlə əvvəlki görüşlərimdə də demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya, Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər”. Prezident deyib ki, bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar: “Ona görə də biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu işlər davam etdirilməlidir”.
Düzü, media mənsubu olaraq son illər, əsasən, xarici mediada yazılarımın çap olunmasına fokuslanmışam. Diaspor Jurnalistləri Birliyi sədri olaraq bu vaxta kimi 15 ölkənin 20-dən çox nüfuzlu mediasında Azərbaycan, eləcə də Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məqalələrim dərc edilib. Həqiqətən, xarici mediada Azərbaycanın təbliğini aparmaq qürur verir. Bir yazının hər hansı əcnəbi KİV-də çap olunması üçün aylar, bəzən il sərf olunur. Amma sonda müsbət nəticə əldə olunandan sonra həftələrlə bunun sevincini yaşayırsan. Və mən hər zaman öz yazılarımda, çıxışlarımda həmkarlarımı bu istiqamətdə də fəaliyyətə səsləmişəm. Hətta cənab Prezidentin yuxarıda qeyd olunan çağırışlarının reallaşdırılması üçün informasiya savaşında ölkəmizə qarşı təxribatların qarşısının alınması ilə bağlı aidiyyəti qurumlara təkliflərimi də vermişəm. Öz təkliflərimi bu yazımda da qeyd etməyi özümə borc bilirəm.

Azərbaycan xarici dildə fəaliyyət göstərən media resurslarının sayını artırmalıdır

Fikrimcə, xarici dövlətlərdə və xarici ölkələrin domenləri altında media portalları və televiziya kanalları yaradılmalı və yaxud sayt alınmalıdır. Bunların rəhbərləri və işçiləri qeyri-azərbaycanlılar olmalıdır. Məsələn, ermənilərin Ukrayna, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə, hətta Türkiyədə bu cür media resursları mövcuddur. Bu resurslar yalnız xəbərlər üzərində qurulmamalı, həmçinin intellektual, şou, musiqi istiqamətli olmalı və geniş auditoriyanı əhatə etməlidir. Azərbaycana lazım olan məqamlarda bu KİV-lərdən istifadə olunmalıdır.
Qeyd edim ki, hazırda Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov tərəfindən bu işi həyata keçirmək üçün niderlandlı jurnalistlərdən ibarət komanda mövcuddur.
Ölkə başçısının bildirdiyi kimi, Azərbaycanda xarici dildə fəaliyyət göstərən media resurslarının sayını artırmalıyıq. Ayrıca, xarici media resurslarına qrantlar ayrılmalıdır. Stimul üçün xarici ölkələrdə media sahəsində çalışan, istər professional, istər texniki işçiləri mükafatlandırmaq olar. Məsələn, Türkiyə vətəndaşları xarici ölkələrdə hansısa bir müddət ərzində oxuyub və ya çalışırsa, vətənə döndükdə ona gömrük və vergi güzəştləri edilir. Əlavə olaraq xaricdə çalışan azərbaycanlıların hər hansısa məlumatın yayılmasında əməyi keçərsə, ona mükafat verilməsini tənzimləmək olar.
Xarici ölkələrdə nüfuzlu media resurslarının rəhbərləri, müxbirləri və nüfuzlu bloggerlərlə şəxsi münasibətlər yaradılmalıdır. Onlarda Azərbaycana uyğun məlumatların yayılmasında maraq oyadılmalıdır. Bu istiqamətdə ermənilərin və digər millətlərin lobbisi böyük büdcə ayırır.
Sosial şəbəkələrdə və virtual forumlarda bloggerlər komandası yaradılmalıdır, həmin ölkənin universitetlərində Jurnalistika fakültələri nəzdində mədəniyyət mərkəzləri açılmalı və gənc jurnalistlərin startup layihələrinə dəstək göstərilməlidir. Bununla yanaşı, İT, marketinq və PR sahələri üzrə keçirilən forumlar, sərgilər və treninqlərdə yaxından iştirak olunmalı və bu cür tədbirlər hazırlanmalıdır.

Hücum mövqeyinə keçib erməniləri ifşaedici yazılarla dünya mediasına çıxmalıyıq
Jurnalistlərimiz səngərdə keşik çəkən əsgərlərimiz kimi daim aktiv şəkildə, gözlənilən təhdidlərin qarşısının alınması üçün fəaliyyət göstərməlidirlər. Bizim strategiyamız ancaq müdafiə mövqeyində qalıb cavab yazıları hazırlamaq deyil, hücum mövqeyinə keçib erməniləri ifşaedici yazılarla dünya mediasına çıxmaq olmalıdır.
Ölkəmizdə informasiya savaşında iştirak etmək üçün yeni nəsil jurnalistlər yetişməlidir. Bu jurnalistlər 2-3 dilli olmalı və çevik şəkildə istənilən məsələyə münasibət bildirməlidirlər. Çünki bu gün dünya mediasında Azərbaycanla bağlı verilən yazılarda pozitiv şərh boşluğu var. Əcnəbilərin neqativ şərhlərinə onların öz dillərində cavab verəcək çox az jurnalistimiz var. Ona görə də bu istiqamətdə aktiv olan jurnalistlərimizin sayı artmalıdır. İnformasiya Təlim Mərkəzi yaradıb orada jurnalistlərə informasiyanı Avropa standartlarına uyğun və bizim maraqlarımıza cavab verən şəkildə necə istehsal etməyi öyrətmək olar.
Bəzən xarici portallarda bizim ölkəmizlə bağlı pozitiv şərhlər yazan əcnəbi imzalar var. Həmin insanları cəlb edib ölkəmizin lobbiçiliyində istifadə etmək olar. Hansı ki, ermənilər bir çox əcnəbi jurnalistləri öz tərəflərinə çəkib, Azərbaycana qarşı istifadə edirlər.
Blogger jurnalistikası inkişaf etdirilməlidir. Bu, azərbaycanlı jurnalistlərin imzalarının xarici mediada tanınması üçün ən asan yoldur. Çünki istənilən xarici mediada kənar jurnalistlər üçün bloq yaratmaq imkanı var. Hətta, bəzən bu yazılar xarici KİV-lərin mövqeyinə uyğun olanda, öz saytlarında da yerləşdirirlər.
Azərbaycan saytlarının xarici saytlarla banner mübadiləsi etməsi mümkündür. Saytlarda ən azı bir əcnəbi dil bölməsi də olmalıdır. Həmçinin əcnəbi jurnalistlərlə informasiya mübadiləsinin edilməsi ölkəmizin PR-da əhəmiyyətlidir. Ümumiyyətlə, jurnalistlərimiz beynəlxalq aləmə açılmalı, dünya mediasına inteqrasiya xəttini tutmalıdırlar.




 
Müəllifin son yazıları

04.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
21.09.2015 Radikalların dözümsüzlüyü
17.08.2015 Sosial şəbəkə vərdişləri
22.07.2015 Mediamızın yeni yol xəritəsi
09.06.2015 ATƏT rəsmisinin “etirafı”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info