Dövlət sosial-iqtisadi problemlərin həllini prioritet vəzifə hesab edir
Tarix: 01.08.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Eldar İbrahimov:
“Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır”

Son illərdə Azərbaycan nəinki regionda, hətta dünyada surətlə inkişaf edən dövlətlərdən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra beynəlxalq layihələrin əsas iştirakçısından yaradıcısı və təşəbbüskarına çevrilib. Ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin də sayı artıb, “ASAN xidmət” və s. kimi layihələr isə dünyanın maraq dairəsinə düşüb. Hətta bu layihələrdən-Azərbaycanın təcrübəsindən yararlanmaq istəyənlərin də sayı ilbəil artır. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. İqtisadiyyatın artan xətt üzrə inkişaf etməsi Azərbaycanda sosial layihələrin daha çox artmasına gətirib çıxarır. Heç şübhəsiz ki, bu da əhalinin yaşayış səviyyəsinin ilbəil yüksəlməsi deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilməsi və mühüm uğurlar əldə olunması göz önündədir. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramlarının, böyük layihələr həyata keçirilməsi cəmiyyətimizdə də müsbət qarşılanır. Belə müsbət qarşılanan addımlardan biri də regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunması və onların uğurlu icrasıdır.
Son illərdə, həmçinin əhalinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdən biri də maaşlar, pensiyalar və digər sosial ödənişlərin dəfələrlə artırılmasıdır. Müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilməsi də təqdirəlayiq haldır. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Azərbaycan dövləti çoxuşaqlı ailələri daim diqqətdə saxlaması ilə də seçilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) açıqladığı son məlumata görə təkcə ƏƏSMN tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.
Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanına əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq 30 manat məbləğində sosial müavinət verilir. Cari ilin 1 iyul tarixinə ƏƏSMN tərəfindən ölkədə beşdən çox uşağı olan 3022 nəfər qadının 18 yaşına çatmamış 8760 nəfər uşağına aylıq sosial müavinət ödənilir.
Ümumilikdə, ölkədə aylıq sosial müavinətlə təmin olunanların bir hissəsini də uşaqlar təşkil edir. Belə ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES əlillərinin, şəhid ailələrinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, aztəminatlı ailələrin 1 yaşınadək uşaqları aylıq sosial müavinətlə təmin olunurlar.
Ailə başçısını itirməyə görə aylıq müavinət və əmək pensiyası ödənilən ailələrdəki ailə üzvlərinin mühüm hissəsi uşaqlardan ibarətdir.
ƏƏSMN tərəfindən cari ilin 6 ayında aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların ümumi sayı isə 442,8 min nəfər təşkil edib.
Deputatlar da ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin öz bəhrəsini verdiyini vurğulayırlar. Milli Məclisin deputatı Eldar İbrahimov əhalinin rifah halının yaxşılaşdığını deyib. Onun sözlərinə görə, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Deputat deyir ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır: “Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasında olmalıdır və bu istiqamətdə 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu, həm daxili, həm də xarici siyasətdə özünü göstərir”.E.İbrahimov əlavə edib ki, Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Onun sözlərinə görə, Azərbaycan dövləti neft kapitalının insan kapitalına çevrilməsini, neft gəlirlərinin qeyri-neft sektoruna yatırılması ilə ölkənin bütün regionlarının inkişafının təmin etdirilməsini qarşıya məqsəd qoyub. Deputat qeyd edib ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhələsi həyata keçirilir.
Onun sözlərinə görə, dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı, demək olar ki, icra olunur.
Azərbaycanda təhlükəsizlik tədbirlərinin də yüksək səviyyədə olduğunu vurğulayan E.İbrahimov bildirib ki, ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır. Belə bir şəraitdə isə həm investisiyaların qoyuluşuna maraq göstərilir, həm də əhalimizin rifah halı yaxşılaşır.

Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 450 min nəfərin bu xidmətlərdən istifadəsini yaxşılaşdıracaq
Azərbaycan iqtisadiyyatının stabil inkişafı əhalinin kommunal xidmətlərlə yüksək səviyyədə təmin edilməsinə şərait yaradıb. Regionlardan Bakıya yeni su xəttinin çəkilməsi, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırdı ki bu da yüksək göstərici sayıla bilər. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılır, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Dörd su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilməsini də xüsusi olaraq qeyd etmək olar. Xüsusən də bölgələrdə əhalinin su təminatının daha da yaxşılaşdırılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Buna misal olaraq Bakıdan sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işləri qeyd etmək olar. Belə ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində Gəncədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam etdirilir. Gəncə şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinin icrası ilə bağlı keçirilən müşavirədə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, məsləhətçi və podratçı şirkətlərin nümayəndələri iştirak ediblər və Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihənin mühəndis-qrup rəhbəri Bilal Əliyev layihənin icrası barədə məlumat verərək, hazırda işlərin intensiv şəkildə davam etdirildiyini bildirib. Onun sözlərinə görə hazırda şəhərdaxili şəbəkələrin, kanalizasiya kollektorunun inşası davam etdirilir və bu işlərə 20-dən çox tikinti briqadası cəlb olunub.

18 yaşına çatmamış 8760 uşağa aylıq sosial müavinət ödənilir

Layihə üzrə məsləhətçi şirkətin nümayəndəsi Uve Doyç işlərin keyfiyyətlə və qrafikə uyğun davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edək ki, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi 2014-cü ilin fevralında başa çatdırılıb. Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, 4 km magistral su kəməri, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 km anbarlararası xətt inşa edilib.
Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Buradan Gəncə şəhərinə 27,5 km uzunluğunda magistral su kəməri çəkilib. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək.
Gəncənin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 7 minə yaxın sayğac quraşdırılıb. Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.
Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alırlar.
Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə ilə yanaşı, Şəki şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info