Qəbələ Beynəlxalq Musiqi Festivalına xarici turistlər böyük maraq göstərirlər
Tarix: 03.08.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan IX Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqdadır. Artıq 6 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada səsləndirilən rəngarəng musiqi əsərləri insanları öz sehrinə qərq edib.
Festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərirlər. Festival günlərində Qəbələnin bütün otelləri, istirahət və əyləncə mərkəzləri turistlərlə doludur. İnsanlar Qəbələnin müasir otellərində və kirayə verilən yüksək şəraitə malik kənd evlərində, kotteclərdə yerləşərək həm dincəlir, həm də dünyanın tanınmış musiqiçilərinin iştirakı ilə keçirilən konsertlərdə iştirak edərək unudulmaz anlar yaşayırlar. Festival çərçivəsində hər gün keçirilən iki konsertdə 1500-ə yaxın yerli və xarici tamaşaçı iştirak edir. Ümumiyyətlə, bir həftə davam edəcək festivalda 10 mindən çox tamaşaçının iştirakı gözlənilir.
Bu günlərdə Qəbələyə əsasən Rusiya, Türkiyə, Böyük Britaniya, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan və Misirdən olan turistlər gəlir. Turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb.
Əcnəbilər həm də Qəbələ Beynəlxalq Musiqi Festivalının sorağını eşidərək bura gəldiklərini bildirirlər. Klassik musiqi əsərlərini korifey sənətkarların ifasında canlı dinləmək üçün Qəbələyə gələn fransalı turist Pyotr İsakoviç Topyol AZƏRTAC-a müsahibəsində möhtəşəm səviyyədə təşkil edilən musiqi festivalının 3 konsertində iştirak etdiyini və dünya şöhrətli musiqiçilərin ifasından zövq aldığını bildirərək deyib: “Qəbələ festivalının yüksək səviyyəli tədbir olduğunu eşitmişdim. Bura dostlarımla gəlmişəm. Qəbələnin gözəl təbiəti və insanların qonaqpərvərliyi məni valeh edir”.
Festivalı izləyənlər arasında tanınmış teleaparıcı Hacı Nuran Hüseynov da var. O, AZƏRTAC-a müsahibəsində bildirib ki, musiqi festivalı başlayan gündən Qəbələdədir. Burada dincəlməklə yanaşı, hər gün konsertləri də izləyir: “Qəbələ Bakıdan uzaqda yerləşsə də konsertlərə paytaxt və bölgələrdən xeyli sayda tamaşaçının qatılması böyük uğurdur. Bu da heç şübhəsiz ki, festivalın yüksək səviyyədə təşkilinin və keyfiyyətinin göstəricisidir. Konsertlər çox xoşuma gəlir. Mən bu festivalın ötən 9 il ərzində inkişaf etdirilərək bu cür yüksək səviyyəyə çatacağını təsəvvür edə bilməzdim. Qəbələ festivalı artıq dünyaya səs salıb. İtaliyalı 9 yaşlı uşaq burada “Sarı gəlin” mahnısını gözəl ifa etdi. Sübut etdi ki, Azərbaycan musiqisi dünyada sevilir, qəbul edilir, Azərbaycan mədəniyyəti tanınır. Həmişə Azərbaycanı başqa ölkələrdə neft ölkəsi kimi tanıyıblar, amma indi həm də idman, mədəniyyət ölkəsi kimi yaddaşlarda qalır”.
Fransalı turist Jan Luc Landier ailə üzvləri və yaxın qohumları ilə birgə Azərbaycana ilk dəfə gəlib. Bakı və Qəbələni çox bəyəndiyini, insanların mehriban və qonaqpərvər olduğunu bildirən turist bu yerlərin füsunkar təbiətinə də heyran qalıb: “Çox gözəl təbiətiniz var. Dağlar, meşələr, çaylar hamısı bir məkandadır. Fransadan buraya 20 nəfər gəlmişik. Üç gündür ki, Qəbələdə dincəlirik. Özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir, xidmətlərə görə qiymətlər də yaxşıdır”.
Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov bildirib ki, bu günlərdə otel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, kanatla dağ gəzintisi, güllə atıcılığı kompleksinin xidmətlərindən bəhrələnmək, atla meşədə gəzintiyə çıxmaq, göldə qayıqla gəzmək və balıq tutmaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Beynəlxalq musiqi festivalı ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Sonra turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış edirlər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. Bu il rayona 200 minə yaxın turistin gələcəyi gözlənilir. Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2015-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 50 min 200 nəfər olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info