Azərbaycana qarşı məkrli Qərb “tələ”si
Tarix: 03.08.2017 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz növbəti geopolitik dəyişikliklər mərhələsinə qədəm qoyur. Qara dəniz hövzəsi (Ukrayna) və Aralıq dənizi (Suriya) uğrunda maraqlarını qorumaq üçün hərbi əməliyyatlara belə əl atmaqdan çəkinməyən ənənəvi rəqiblərin - ABŞ və Rusiyanın növbəti toqquşma nöqtəsinin məhz Cənubi Qafqaz və Mərkəzi Asiya olacağı artıq kimsədə şübhə doğurmur.…Bu baxımdan, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrində son aylar ərzində baş verən ən xırda hadisələr belə, diqqətlə izlənilməli və bu hadisələrin bölgədə mümkün ABŞ-Rusiya savaşına qəfildən nə kimi “töhfələr” gətirə biləcəyi ehtimalları ciddi şəkildə incələnməlidir. Təəssüf ki, ölkəmiz Azərbaycan hər iki bölgəni - Cənubi Qafqazı Mərkəzi Asiyaya bağlayan əsas körpü, dəhliz olduğundan bu savaşın tən ortasına düşüb və indi ən çox diqqətdə saxlanılmalı olan da elə məhz bu keçiddə baş verənlərdir. Çünki bütün maraqlı güclər, ilk növbədə, bu körpünü tutmağa, bu dəhlizi nəzarətə götürməyə çalışırlar.…

Dezinformasiyalar balans siyasətinə təsir edəcəkmi?

Görünən odur ki, Azərbaycan hakimiyyətinin, xüsusən də Prezident İlham Əliyevin ölkənin ənənəvi xarici siyasət kursunu - savaşan iki dünya nəhəngi arasında qəti seçim etməmək və balansı saxlamaq cəhdləri bir çox gücləri qane etmir və bu səbəbdən də ona qarşı xarici basqılar getdikcə artır. Xüsusən də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra bu basqıların daha açıq xarakter aldığı və birbaşa Prezident İlham Əliyevin özünün və ailə üzvlərinin hədəfə gətirildiyi müşahidə olunmaqdadır…
Təsadüfi deyil ki, məhz bu görüş ərəfəsi və ondan dərhal sonra bir neçə istiqamətdən Azərbaycana, onun rəhbərinə qarşı həm də Azərbaycanın digər ölkələrlə münasibətlərini korlamağa hədəflənmiş dezinformasiyaların yayılmasınının təşkili başlanıb. Son belə ciddi və üzərində durulacaq fakt İsrailin rəsmi “Haaretz” qəzetində yayıldığı iddia edilən materialla bağlı baş verib. Sonradan üzə çıxdı ki, kimlərsə İsrailin bu nüfuzlu qəzetinin adına saxta domen açaraq belə bir dezinformasiyanı yaymağa və onu kütləvi şəkildə tirajlamağa qərar veriblər…
Görünən həqiqət budur ki, bu “kimsələr” İsrail kimi texnoloji cəhətdən yüksək inkişaf etmiş bir dövlətin adı və media resursu üzərində çoxkombinasiyalı siyasi oyun qura biləcək qədər qüdrətli, hətta məsələnin kökünün tam şəkildə çözülüb sona çatdırılmasının qarşısını alacaq qədər güclü və böyükdürlər.
“STRATEQ” Araşdırma Qrupu yazır ki, buna paralel olaraq diqqət çəkən digər bir mühüm fakt isə məhz bu ərəfədə başqa bir oyunun başladılmasıdır: 1993-cü il qiyamının müəllifi və daha sonra isə dövlət çevrilişinə cəhdə görə həbsə atılmış, sonra da azadlığa buraxılmış sabiq baş nazir Sürət Hüseynovun adı və fotoları qəfildən “Azərbaycanın gələcək prezidenti” təqdimatıyla yenə sosial şəbəkələr vasitəsilə gündəliyə gətirilib. Doğrudur, S.Hüseynov "Ölke.az" saytına müsahibə verərək deyib ki, bundan tamamilə xəbərsiz olub və onu bu oyuna salan da Türkiyədə yaşayan Sinan adlı əslən azərbaycanlı bir şəxsdir… Ancaq ortada Azərbaycan hakimiyyətinin taleyi ilə bağlı böyük bir oyunun olduğu göz önündədir və indi hər kəs də bu oyunu quranların kimliyini araşdırmaqla məşğuldur. Bəzi ekspertlər onlara təqdim edilənlərdən tələm-tələsik nəticə çıxararaq, işin arxasında Rusiyanın durduğunu deyir, Azərbaycanın İsraildən silah almaması üçün münasibətlərin pozulmasında maraqlı olduğunu söyləyir və bu zaman həm də son 1 ay ərzində fəallaşan şəxslərin vaxtilə Rusiya şəbəkəsinin üzvləri olduqlarına diqqət çəkirlər. Ancaq “sağ göstərib sol vurmaq” və “özgə bayrağı altında fəaliyyət göstərmək” qaydalarıyla məsələlərin mahiyyətinə vardıqda, əslində baş verənlərin daha çox əks cinahdan - Qərbdən qaynaqlandığı və işin içində də Qərb xüsusi xidmətlərilə yanaşı, onların nökəri olan erməni lobbisinin - Azərbaycanın əsas düşməninin əlinin olduğu üzə çıxır.

Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərini niyə gərginləşdirməyə çalışırlar?
Azərbaycan indiyədək hərbi-siyasi planda Cənubi Qafqazın digər iki ölkəsindən fərqli davranıb: nə Gürcüstan kimi NATO-nu, nə də Ermənistan kimi Rusiya hərbçilərini öz sərhədləri daxilinə buraxıb. NATO tərəfdarlarının ölkədə geniş əl-qol atmasına imkan verməsə də, Qərblə iqtisadi əlaqələrini yüksək səviyyədə qurub, eyni zamanda ən böyük sərhədləri olan Rusiya və İranla da mehriban qonşuluq münasibətlərini saxlayıb. Son zamanlar isə Rusiya-Türkiyə və Rusiya-İran oxu üzrə fəal siyasət aparmaqla, faktiki, özünə qonşu 3 əsas regional dövlətin - Rusiya-Türkiyə-İran yaxınlaşmasının əsas təşəbbüskarı kimi çıxış edib. Eyni zamanda, Qarabağ probleminin həllində Azərbaycana kömək edəcəyi təqdirdə, Rusiya ilə birgə Avrasiya İttifaqında təmsil olunacağını açıq mətnlə bəyan edib. Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər də, digərlərindən fərqli olaraq, dostluq və etibara söykənən xarakter alıb və hər ikisi son dövrlər çıxışlarında bunu tez-tez vurğulayırlar…
Sözsüz ki, Azərbaycan hakimiyyətinin bu mövqeyi və davranışları Rusiyanı qərb, cənub-qərb və cənub sərhədləri boyu hərbi-siyasi müstəvidə sıxışdırmağı, çəmbərə almağı və ipə-sapa yatmayan Putini neytrallaşdırmağı hədəfləyən ABŞ və Avropanın (NATO-nun) bəzi dövlətlərinin planlarını pozur. Odur ki, məqsədli və planlı şəkildə Azərbaycan hakimiyyətinin Rusiya ilə münasibətlərini gərginləşdirmək və pozmaq xətti seçilib. Qəsdən ölkədə elə təəssürat yaradılır ki, Azərbaycan hakimiyyətini “vuran” və onun əleyhinə “qara piar” təşkil edən Rusiyadır. Əslində isə…

Qərb müxalifətin ağırlıq mərkəzini niyə Avropaya - Fransaya köçürüb?

Əslində isə diqqətlə izlədikdə bütün bu prosesin SSRİ-nin dağılmasında önəmli rol oynamış erməni lobbisinin dərin kök atdığı və xeyli güclü olduğu iki ölkədən - ABŞ və Fransadan qaynaqlandığı, Azərbaycana qarşı bir çox məkrli ssenarilərin məhz bu iki ölkədən cızılıb işə salındığı faktlarını aşkarca görə bilərik. Doğrudur, bu ölkələrin xüsusi xidmətləri və onlara bu işdə əməlli-başlı yardım edən erməni lobbisi öz fəaliyyətini çox məharətlə “demokratiya uğrunda mübarizə" məqsədilə və ənənəvi müxalifətin adıyla, imkanlarıyla pərdələməyə çalışdıqlarından, onu hər kəs sezə, görə bilmir. Ancaq proseslərin gedişinə, son nəticələrə baxdıqda mənzərə göz önündə tam aydınlaşır…
Məsələn, diqqət yetirsək, görərik ki, son illər ərzində Azərbaycanda sıxışdırılan Qərb tərəfdarlarının, hakimiyyət əleyhdarlarının ən çox sığındığı və rahat fəaliyyət göstərdiyi Avropa ölkəsi Fransadır. Hazırda Fransa, faktiki olaraq, Azərbaycan müxalifətinin, hakimiyyətdən narazı düşmüş şəxslərin cəmləşdiyi və oradan ölkənin daxili həyatına "kompromat qovluğu" ilə nüfuz edə biləcək əsas ideoloji-siyasi təxribat mərkəzinə çevrilməkdədir. Qərbin, hələlik hakimiyyətlə mübarizədə zəif olan öz qüvvələrini ölkədən çıxararaq Avropaya daşıma, yerləşdirmə, qoruma və oradan rahat idarəetmə taktikası var. İndi Azərbaycanda adi məişət zəminində olan hadisəyə də etirazlar ölkənin özündən daha çox, kənardan - Avropadan gəlir. Burada isə Qənimət Zahidin açdığı “Turan TV” fəaliyyət göstərir.
Qənimət Zahidin mövcud Azərbaycan hakimiyyətinin ünvanına yönəlik əndazəsiz, qəzəb və nifrət saçan çıxışları, eləcə də ağına-bozuna baxmadan hakimiyyət əleyhinə istənilən dedi-qodunu yaymaq siyasəti “Turan TV”-ni media qurumundan daha çox siyasi mübarizə alətinə döndərib. Sözsüz ki, bu cür radikal kursun seçilməsi təkcə Azərbaycan hakimiyyətinə qarşı olan siyasi qüvvələr üçün yox, bir dövlət kimi Azərbaycanın varlığını istəməyən güclər, həmçinin erməni lobbisi üçün də “Turan Tv”ni, bir növ, cəlbedici resursa və öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə uydurduqları hansısa dezinformasiyaları və ya kompromatları tirajlamaqda örtüyə çevirib.
Məsələn, son vaxtlar tez-tez “Turan TV”-nin efirindən, əsasən, rusdilli təbəqəyə müraciət üçün yararlanan və Azərbaycan hakimiyyətini, həmçinin Rusiya rəhbərliyini sərt tənqid edən Beydulla Manafovun ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri aşkarlanıb. Xatırladaq ki, B. Manafov ABŞ və Avropadakı mühacirlərə hakimiyyətin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini söyləsə də, onun Azərbaycandan gediş səbəbləri, əslində, tamam başqa motivlər əsasında olub və hazırkı siyasi fəaliyyətinin kökündə də, heç də iddia etdiyi kimi, “ölkəni demokratikləşdirmək istəyi” durmur. Belə ki, B.Manafov, əslində, həyat yoldaşının erməni olmasına erməni lobbisindən bəhrələnmək şansı kimi baxıb və müvafiq təklif alan kimi ABŞ-a mühacirət edib. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır. “Beynəlmiləl” ailə hazırda Texas ştatında, Dallasda qalır. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıb. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında erməni lobbisi mühüm rol oynayıb. B.Manafov böyük bir oyundadır və bu oyunu quranların başı da gedib birbaşa erməni lobbisinə, Qərbdəki xüsusi xidmətlərə bağlanır. Onun həyat yoldaşı ilə yanaşı, kürəkəninin də erməni olduğu və mərkəzi qərargahı ABŞ-da yerləşən və Fransa ilə sıx işləyən erməni lobbisinin təmsilçilərilə təmaslarının olduğu, ancaq bunu mühacir soydaşlarından gizlətdiyinə dair faktlar qeydə alınıb.
Sözsüz ki, gözlərini Azərbaycan hakimiyyətinə qarşı kin və qəzəbin örtdüyü Qənimət Zahidin türk millətçilərinin böyük idealı olan TURAN adı altında yaratdığı televiziyasının efirini erməni maraqlarının müdafiəçilərinin üzərinə belə həvəslə açması səbəbsiz deyil. Zaman bir gün hər şeyi üzə çıxaracaq. Ancaq keçmişimizi yaxşı bilən Qənimət Zahid onu heç unutmamalıdır ki, tariximiz özünü dost kimi göstərən ermənilərin fürsət düşəndə neçə-neçə türk oğluna arxadan xəncər sapladığı faktlarıyla doludur…




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info