Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP üzrə Azərbaycana 500 milyon dollar kredit ayıracaq
Tarix: 04.08.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayıracaq.
Bankın rəhbərliyi “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə (CQD) ayrılması planlaşdırılan 500 milyon dollar məbləğində maliyyə paketinin oktyabrın 18-də keçiriləcək idarə heyətinin toplantısında təsdiq olunması gözlənilir.
EBRD edilən yazılı açıqlamada, ümumi dəyəri 8,6 milyard dollar olan TANAP layihəsi üçün daha əvvəl Dünya Bankının 800 milyon dollar və Asiya İnkişaf Bankının isə 600 milyon dollar maliyyə vəsaiti ayırdığı xatırladılıb.
Avropa İnvestisiya Bankının da TANAP-a kredit ayırmağı düşündüyü bildirilən açıqlamada, layihənin Türkiyə və Avropanın enerji təhlükəsizliyini və mənbələr şaxələndirilməsini təmin etməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb. “Cənub Qaz Dəhlizi”nin böyük bir hissəsini təşkil edən TANAP-ın tikinti müddətində 9 mindən çox, daimi olaraq isə təxminən 300 nəfərə məşğulluğunun təmin ediləcək.
TANAP-da 58 faiz iştirak payına malik olan və səhmlərinin əksəriyyəti Azərbaycan hökumətinə məxsus “Cənub Qaz Dəhlizi” QSC-nin EBRD-dan alacağı 500 milyon dollarla birgə layihəyə cəlb etdiyi ümumi investisiyanın 5 milyard dollara çatacağı qeyd olunub.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin təxminən 80 faizi görülüb. Boru kəməri iki fazada inşa olunur. Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, 1 ədəd ana xətt və 1 ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi həyata keçirilir. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər isə 48 düym diametrində yerüstü boru kəməri, iki ədəd ölçmə stansiyası və 36 düym diametrindəki qoşa boru xəttindən ibarət olan Dardanel boğazından keçən sualtı hissədir. Faza-1 üzrə işlərin 44 faizi tamamlanıb. Bununla da, TANAP layihəsi çərçivəsində Faza-0 və Faza-1 üzrə bütün işlərin təxminən 70 faizi icra edilib.
TANAP-ın inşasına hazırda 10 minədək işçi cəlb olunub. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1684 kilometr uzunluğunda xəndək qazılıb. Bu vaxtadək TANAP-ın tikintisi çərçivəsində 4 lot üzrə 1540 kilometr boru marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə 1463 kilometr uzunluğunda borunun qaynağı tamamlanıb. TANAP-ın Dardanel boğazından keçəcək 17,6 kilometrlik dəniz hissəsinin tikintisinə isə may ayının sonlarında başlanılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info