Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib
Tarix: 07.08.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Mübariz Qurbanlı: “Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir”
Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans keçirilib. Prezident İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən konfransı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edib.
“İslam Həmrəyliyi İli” çərçivəsində bir neçə xarici ölkədə tədbirlərin keçirilməsi nəzərdə tutulub və “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusundakı konfrans bu qəbildən ilk beynəlxalq tədbirdir. Konfransda İranın nüfuzlu din xadimləri, xarici işlər və mədəniyyət nazirliklərinin nümayəndələri iştirak ediblər.
Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq hazırkı mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir. Bu dinin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Təəssüf ki, son zamanlar İslama qarşı qərəzli mövqe tutulması halları müşahidə edilir və bu dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar.
A.Paşazadə qeyd edib ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd edildiyi bir vaxtda İranda bir araya gəlməyimiz xüsusilə önəmlidir. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev “Multikulturalizm İli”nin ardınca 2017-ci ili də “İslam Həmrəyliyi İli” elan edərək terrorçuluğa, milli və dini zəmində münaqişələrə həmrəyliklə qalib gəlmək ideyasını ortaya qoyub.
Qeyd olunub ki, Azərbaycan və İran xalqlarının yaxınlaşmasında, hər iki ölkənin əlaqələrini inkişaf etdirmələrində dövlət başçılarının rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei görüşləri zamanı ictimai həyatın bütün tərəfləri ilə yanaşı, dini və mənəvi əlaqələrin də inkişafının yüksək səviyyəyə çatdırılmasını müzakirə ediblər.
İran Prezidentinin andiçmə mərasiminə xüsusi dəvətlə qatılan Allahşükür Paşazadə çıxışında İran xalqının daha böyük nailiyyətlərə çatacağına inandığını bildirib. O əlavə edib ki, dost, qardaş xalqlarımız arasında dini-mənəvi, mədəni əlaqələrin inkişafı üçün biz mövcud imkanlardan istifadə edirik və bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İranın mötəbər din xadimi Ayətullah-üzma Həmədaninin ötən il Azərbaycana səfəri bu sahədə əlaqələrin yaxınlığını göstərir. Azərbaycan dünyada nadir məkanlardandır ki, burada dini və milli ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Azan və bayram vaxtları ilə bağlı təqvim birliyi mövcuddur. Məhərrəm ayının təziyələrində hər iki məzhəbin davamçıları bir arada olurlar. Bu, Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludunda iştirak edən, Bibiheybət məscidinə yeni həyat bəxş edən, Azərbaycanda İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət başçımız olub. Heydər Əliyevin sayəsində dini abidələr bərpa edilib, yeni məscidlər tikilib xalqın istifadəsinə verilib.
Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində Təzəpir, Əjdərbəy, İçərişəhər və Şamaxı cümə məscidlərinə yeni həyat bəxş olunub. Azərbaycanın dini memarlıq ənənələrini əks etdirən Heydər məscidi inşa edilib. Prezident İlham Əliyevin təbirincə desək, bizim dinimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi, biz buna sadiqik.
A.Paşazadə qeyd edib ki, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan ən son həddədək beynəlxalq hüquq normalarına uyğun ədalətli sülhə nail olmaqda israrlıdır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran dövlətinə təşəkkür edirik.
İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki çıxış edərək Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. Qeyd olunub ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir. Xalqların milli adət-ənənələrinin də eyniliyi dövlətlərin yaxınlaşmasını şərtləndirir.
“Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin. Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.
Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır. Odur ki, İslamın nüfuzdan salınmasında maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil”.
M.Qurbanlı bildirib ki, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Odur ki, bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda, bir yerdə vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur.
Vurğulanıb ki, Azərbaycan üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz digər müsəlman ölkələri kimi, İranın da dəstəyini həmişə hiss etmişik. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikri açıq və konkretdir: “Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər”.
Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda əcdadlarımızın qəbirlərini, məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır. Münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, məcburi köçkün həyatı yaşayır.
Komitə sədri vurğulayıb ki, İran ilə Azərbaycanın dostluğu iki xalqın əlaqələrinin inkişafına imkan yaratmaqla yanaşı, ümumilikdə, müsəlman dünyasının bu gün çox ehtiyac duyduğu həmrəyliyə öz töhfəsini verə bilər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycanda 450 İran şirkəti fəaliyyət göstərir. Azərbaycanda yaradılmış münbit investisiya mühiti İran şirkətlərinə daha geniş imkanlar yaradıb. Parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri və əldə edilən nəticələr iki dost və qardaş dövlət arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə də davam edəcəyini deməyə əsas verir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili çox faydalı ola bilər. Bu fayda isə ondan ibarətdir ki, İslam dinini araşdıran alimlər bu dini düzgün şəkildə insanlara çatdırırlar. İran və Azərbaycan xalqlarının eyni dinə mənsubluğu hər iki dövlətin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır.
Öz fəaliyyəti haqqında məlumat verən P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu nəmizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının Müşahidə Şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İran İslam Respublikasının Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyinin əhəmiyyətindən danışıblar.
Çıxış edənlər Prezident İlham Əliyevin İslam həmrəyliyi ideyasını yüksək qiymətləndiriblər, bu ideyanın çox əhəmiyyətli olduğunu, müasir dünyanın məhz həmrəyliyə ehtiyac duyduğunu bildiriblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info