“Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək”
Tarix: 07.08.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Qaxda keçirilən respublika müşavirəsində ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, strateji əhəmiyyətli, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrinin artırılması vacibdir.

“Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib”
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir. Deputat vurğulayıb ki, dövlət başçısı barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində də bildirdi ki, 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf tarixi nailiyyətdir: “Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb”.
E.Nəsirovun sözlərinə görə, sadalanan rəqəmlər bir daha onu göstərir ki, yürüdülən siyasət düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək: “Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar, təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir”.

Seymur Səfərli:
“Tütünçülük yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin yüksəldilməsi və ixrac potensialının artırılmasında geniş perspektivlərə malikdir”
Kənd təsərrüfatının böyük potensiala malik istehsal sahələrindən olan tütünçülüyün dirçəldilməsi bir daha prioritet vəzifələrdən biri kimi vurğulanıb, bu sahənin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.
Prezident İlham Əliyev müşavirədəki nitqində bildirib ki, 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməlidir. İndiki 3200 hektardan təqribən 6 min hektara çatdırılmalıdır. Buna imkan var və aidiyyəti qurumlar bu işlərlə ciddi məşğul olmalıdır. Dövlətimizin başçısı qeyd edib ki, belə olan halda, orta məhsuldarlıq 2 ton götürülərsə, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəyə böyük xeyir gətirəcək, valyuta xaricə getməyəcək, əksinə, ixrac imkanları yaranacaq.
Göründüyü kimi, ölkəmizdə ənənəvi və ixracyönümlü sahələrdən olan tütünçülükdə hədəflər müəyyən olunub, perspektivlər ətraflı nəzərdən keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərlinin tütünçülükdə əsas hədəflər və perspektivlər barədə bildirib ki, ölkəyə valyuta daxilolmalarında xüsusi çəkiyə malik tütünçülüyün inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi, rayonlarda tütünçülüyün sürətlə inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Tütün iqtisadi əhəmiyyətinə görə, Azərbaycanın ikinci texniki bitkisi hesab olunur. Tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi geniş inkişaf perspektivlərinə malikdir.
Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri də tütünçülük idi. Respublika tütün istehsalına görə, Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük çox sürətlə inkişaf etdirilib, bu sahənin böyük sənaye potensialı yaradılıb. 1986-cı ildə ölkəmizdə rekord miqdarda 16,7 min hektar sahədən 65 min ton tütün istehsal olunub. Əlverişli torpaq-iqlim şəraitinə malik olan respublikamızın şimal rayonları olan Qax, Balakən, Şəki və digər münbit torpaq sahələri olan ərazilərdə tütün bitkiləri əkilirdi. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə sonradan onun istehsalı Şəki-Zaqatala zonasından Lerik-Yardımlı, eyni zamanda, ölkənin qərbinə kimi genişləndirildi və 21 rayonda tütünçülüyün inkişafına təkan verildi.
Respublikanın təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksəkkeyfiyyətli məhsul alınması üçün əlverişlidir. Ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.
Lakin müstəqilliyin ilk illərində bütün sahələrdə baş vermiş tənəzzül tütünçülükdə də özünü göstərmiş, tütün əkini və istehsalı xeyli azalıb. 2015-ci ildə bu bitkinin əkin sahəsi azalaraq 1,4 min hektara, məhsul istehsal isə 3,5 min tona qədər düşüb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli Sərəncamına əsasən istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiyanın müəyyənləşdirilməsi bu sahənin inkişafına təkan verdi.
Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 1,4 min hektardan 2,4 min hektara qədər artdı. 2016-cı ilin məhsuluna görə 195 fermerə 95.542,7 manat məbləğində subsidiya, 2008-ci ildən başlayaraq tütünçülüyün inkişafı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 nəfərə 2 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
Dövlət Statistika Komitəsinin 2017-ci il iyunun 24-nə olan məlumatına əsasən, respublikada 3257 hektar sahədə tütün əkilib. Əkilən tütünün əksər hissəsini (2051 hektar və ya 62,9 faizi) “Virciniya”, 5,3 faizini “Berley” sortu təşkil edir.
2016-cı ildə Azərbaycan 2217.9 ton və ya 7982.7 min dollar dəyərində tütün xammalının (orta damarcığı çıxarılmayan tütün, orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünü) ixracını həyata keçirib.
Bu baxımdan, əminliklə demək olar ki, perspektiv və gəlirli sahə olan tütünçülüyün inkişaf etdirilməsi yaxın gələcəkdə həm yeni iş yerlərinin yaradılması, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq.

İpəkçiliyin inkişafında barama toxumçuluğunun təşkili xüsusi əhəmiyyət daşıyır
Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişaf etdirilməsi üçün də çox yaxşı ənənə və böyük potensialın olduğunu diqqətə çatdırıb. İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bu sahədə xarici bazarlardan asılılığın azaldılması və aradan götürülməsinin, lazım olan bütün materialların Azərbaycanda yetişdirilməsinin vacibliyini önə çəkib. Dövlətimizin başçısı bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması və ən yüksək avadanlıqla təchiz edilməsi üçün artıq Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait də ayrılıb.
Respublika müşavirəsinin iştirakçısı, Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib ki, stansiyanın layihə-smeta sənədlərinin hazırlanması işi artıq başa çatıb və avqustun ikinci ongünlüyündə tikinti işlərinə başlanılacaq. Yenidənqurma işləri zamanı stansiyanın ərazisində olan bina əsaslı təmir olunacaq, ərazidə əlavə istehsal korpusu, həmçinin inzibati bina və yardımçı tikililər inşa ediləcək. Stansiyada Çin Xalq Respublikasından gətiriləcək ən müasir avadanlıq quraşdırılacaq. Stansiya istifadəyə verildikdən sonra burada super-elit, elit və hibrid barama toxumları yetişdiriləcək.
Əkrəm Fətəliyev bildirib ki, son illər kümçülərin damazlıq barama toxumu ilə təmin edilməsi Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulan toxumlardan alınan ipəkqurdunun hesabına həyata keçirilib. Stansiya müasir standartlara uyğun yenidən qurudulduqdan sonra daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.
Direktorun sözlərinə görə, stansiya tam gücü ilə işlədikdə, burada 40 min qutu ipəkqurdu toxumu hazırlamaq mümkündür.
Xatırladaq ki, barama istehsalçılarını ipəkqurdu toxumu ilə təmin etmək üçün cari mövsümdə Çin Xalq Respublikasından ölkəmizə 6 min qutu ipəkqurdu toxumu gətirilib.
Əkrəm Fətəliyev onu da qeyd edib ki, baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə ötən il Çin Xalq Respublikasından ölkəmizə gətirilən 1,5 milyon tut tinginin 20 min ədədi stansiyanın yaxınlığında əkilib. Tinglərin bitişi normaldır və gələn mövsümdən etibarən onlardan istifadə etmək mümkün olacaq.
Fındıq bağlarının artırılması əhalinin maddi gəlirlərini daha da artıracaq
“Prezident İlham Əliyevin Qax rayonuna hər səfəri yeni-yeni obyektlərin, sosial-infrastruktur layihələrinin, emalyönümlü müəssisələrin açılışı ilə yadda qalır. Bu dəfəki səfər də istisna təşkil etməyib, yeni avtomobil yolları, elektrik yarımstansiyası istifadəyə verilib. Rayonumuzda Bayraq Muzeyinin açılışı isə, bir gənc kimi, məni çox qürurlandırdı. Fəxr edirəm ki, indi şəhərimizin girişində, 62 metr yüksəklikdə üçrəngli Azərbaycan bayrağı dalğalanır”.
Bu sözləri Qax şəhər sakini Elnur Abdullayev deyib. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin məhz Qaxda keçirilməsinin rayonun hər bir sakini kimi, onda da böyük qürur hissi doğurduğunu vurğulayan gənc deyib: “Qısa müddətdir ki, fındıq bağlarının salınması ilə məşğul olan şirkətin yerli qurumunda işlə təmin olunmuşam. Dövlətimizin başçısı müşavirədə digər sahələrlə yanaşı, fındıqçılığın da gələcək inkişafı ilə bağlı çox mühüm məsələlərə toxundu, tapşırıqlar verdi. Yaxın gələcəkdə respublikamızda mövcud fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması qarşıya hədəf olaraq qoyulub. Fındıqçılığın çox gəlirli sahə olduğunu nəzərə alsaq, deməli, gələcəkdə kənd əhalisinin gəlirlərinin daha da artması üçün real şərait yaranacaq. Bu sahədə çalışan gənc olaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün var qüvvəmlə çalışacağam”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info