“Qədim və ölü dilləri bilən mütəxəssislərimiz yoxdur”
Tarix: 01.05.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


“Azərbaycan dilinin internet məkanında işlənməsi, dilimizin xarici dil kimi öyrədilməsi sahəsində qısa və uzunmüddətli elmi layihələr hazırlanmalıdır”

Ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapan məsələlərlə bağlı 2013-2020-ci illər ərzində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət Proqramının icrasına dair Tədbirlər Planında mövcud məsələlərin əsas icraçıları sırasında Azərbaycan Milli Elmlər Akademiyası yer alıb. Müsahibimiz AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur:

-"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilir ki, “Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”. Bu fikrin təhlili bizə belə nəticə çıxarmağa əsas verir ki, Prezident müasir qloballaşan dünyada uzun müddətə hesablanmış strateji seçimlər etməyi zəruri hesab edir. Dövlət başçısı Azərbaycanın gələcək inkişafında müxtəlif amilləri, o cümlədən yaşadığımız regionun xüsusiyyətlərini, ölkəmiz və xalqımız üçün mövcud və potensial təhdidlərin aradan qaldırılması üçün zəruri mexanizmlərin işlənib hazırlanmasını, qloballaşan dünyada bütün universal konsepsiyalara, siyasi-iqtisadi proseslərə milli-mənəvi dəyərlərin qorunması fonunda yanaşmaq, gələcək inkişafımızı öz milli xüsusiyyətlərimizlə uzlaşdıqmaqla müəyyənləşdirmək zərurətini nəzərə alır. Fikrimizcə, bütün bunlar ona hesablanıb ki, qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi indiki dövrdə milli ruhda və özünüdərketmədə xarici təsirlərə ümumi müqaviməti təşkil etmək mümkün olsun. Milli-mənəvi dəyərlərimizin vacib komponentlərindən biri olaraq və milli ruhumuzun özünüifadə forması olan dilimizə də bu prizmadan yanaşmaq lazım gəlir. Bu baxımdan Azərbaycan dilinin və dilçiliyinin inkişafına dair Dövlət Proqramını “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” (18 iyun 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-ci il) və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il) ümummilli lider Heydər Əliyevin imzaladığı mühüm tarixi və siyasi əhəmiyyətli sənədlərin yeni mərhələdə uğurlu davamı hesab edirəm. Başqa cür ifadə etsək, sözügedən Dövlət Proqramı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, milli dövlət quruculuğunda yürüdülən dil siyasətinin zaman və məkan etibarilə yeni müstəvidə dövrümüzün siyasi, ideoloji və digər reallıqlarının nəzərə alınması ilə tətbiqini gerçəkləşdirmək istiqamətində mühüm dövlət sənədidir.
- Proqramda öz əksini tapan məsələlərdən biri də Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsidir. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini məqsəduyğun hesab edirsiniz?
-Qeyd etdiyiniz məsələ, yəni Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi bu Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biridir. Bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsinə gəldikdə, qeyd etmək lazımdır ki, həmin tədbirlərin konturları artıq məlumdur və bunlar ölkə başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli sərəncamının icrası ilə əlaqədar ölkənin dilçilik mərkəzi kimi AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzaladığı 29 may 2012-ci tarixli sərəncamında öz əksinin tapıb. Məsələn, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsini göstərmək olar. Fikrimcə, bu məsələlər xüsusi bir elmi proqram layihəsi əsasında gerçəkləşdirilməlidir. Bu yöndə işlərin aparılması üçün hər şeydən öncə, ölkədə dilçilik sahəsində fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərini müəyyənləşdirmək gərəkdir. Bunun üçün dünya dilçilik elminin müasir inkişaf meyillərini də nəzərə almaq lazımdır. Eyni zamanda Dilçilik İnstitutu əlaqələndirici qurum olaraq həm AMEA-da, həm də ölkəmizin digər elmi müəssisələrində, ali məktəblərində dilçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri də bu işə cəlb etməlidir. Prezidentin 29 may 2012-ci il tarixli sərəncamında qeyd olunan digər bir məsələ dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi ilə bağlıdır. Bəllidir ki, dünyanın bir sıra kitabxana və əlyazma fondlarında xalqımızın dili, ədəbiyyatı, tarixi, mədəniyyəti, bir sözlə, Azərbaycanla bağlı mənbələr var. Onların çoxu haqqında ya məlumatımız məhduddur, ya da onlar indiyə qədər bizə məlum deyil. Həmin mənbələrin aranıb-axtarılması, üzə çıxarılması və ölkəyə gətirilməsi müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin qarşısında bir vəzifə olaraq durur. Sözügedən ilkin mənbələrin yazıldığı qədim və ölü dilləri bilən mütəxəssislərimiz yoxdur. Mənbələrin başqa dillərə edilən tərcümələrində isə xalqımızın tarixinin araşdırılması baxımından kifayət qədər qüsurların olması aşkardır. Belə olan halda müstəqil ölkəmizdə qədim mənbələri, onların yazıldığı dilləri bilən mütəxəssislərin yetişdirilməsi bir vəzifə olaraq ortaya çıxır. Nəticədə qədim və ölü dillərin öyrənilməsi məqsədi ilə proqramların hazırlanması məsələsi gündəmə gəlir. Bu cür uzunmüddətli elmi proqram layihələrində qədim və ölü dilləri bilən mütəxəssislərin dünyanın aparıcı elmi mərkəzlərində doktorantura yolu ilə hazırlığından tutmuş, gənc alimlərin, doktorant­ların və ya maraqlanan şəxslərin həmin mərkəzlərə uzunmüddətli ezamiyyətinin təşkili kimi məsələlər əksini tapmalıdır. Nəzərə almaq lazımdır ki, bu işin planlı və mərkəzləşdirilmiş qaydada aparılması vacibdir. Bu deyilənlərdən əlavə, lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması, dialektoloji ekspedisiyaların təşkili, Azərbaycan dilinin internet məkanında işlənməsi, Azərbaycan dilində tətbiqi-linqvistik texnologiyaların yaradılması, Azərbaycan dilinin xarici dil kimi öyrədilməsi sahəsində də qısa və uzunmüddətli elmi layihələrin hazırlanıb gerçəkləşdirilməsi barəsində də düşünmək lazımdır.
- Burada öz əksini tapan amillərdən biri də dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yük­səl­di­lməsidir. Siz bir mütəxəssis kimi hazırda bu sahədə mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
-Azərbaycan dilçiliyi istər sovet dönəmində, istərsə də postsovet dövründə ənənələrə sahib olub, bu ənənələri nəsildən-nəsilə ötürüb. Azərbaycan dilçilərinin əməyi sayəsində dilimizin fonetikası, qrammatikası, leksikası, ədəbi dil, dil tarixi məsələləri, ədəbi dilin funksional üslubları, dialekt və şivələri araşdırılıb, Azərbaycan dilinin dünyanın bir çox dilləri ilə müqayisəli tədqiqatları aparılıb. Dilçilərimiz ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars və s. kimi dünya dillərinın elmi cəhətdən öyrənilməsinə öz töhfələrini veriblər. Təsadüfi deyil ki, Prezidentin 23 may tarixli sərəncamında dilçiliyimizin keçdiyi şərəfli yol geniş təhlil olunub, bu sahədə görkəmli dilçilərimizin adları və xidmətləri vurğulanıb. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay Azərbaycan dilçiliyinin nailiyyəti kimi qeyd olunub. Bütün bunlar dilçiliyimizə dövlət səviyyəsində verilən yüksək qiymət kimi qəbul edilməlidir. Belə şərəfli tarixi olan dilçilik elmimizin gələcəyi barədə də indidən düşünmək lazımdır. Bunu nəzərə alaraq, Dövlət Proqramında dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yük­səl­dilməsi məsələsi nəzərdə tutulub. Düşünürəm ki, ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi dedikdə belə anlaşılmamalıdır ki, dilçi kadrlarımızın səviyyəsi aşağıdır. Mən deyərdim ki, dilçi mütəxəssislərimiz, belə demək mümkündürsə, “qapalı” fəaliyyət göstərirlər. Onların məşğul olduğu elmi tədqiqat işləri müxtəlif səbəblərdən geniş məkana çıxa bilmir. Dilçilərimizin tədqiqatlarının bir növ “reklam”a ehtiyacı var. Bu isə dünyanın aparıcı elmi mərkəzləri, universitetləri, elmi cəmiyyətləri ilə beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin gerçəkləşdirilməsi, həmin elmi mərkəzlərlə elmi mütəxəssislərin hazırlanması, fikir mübadiləsi sayəsində mümkün ola bilər. Göstərilənlərin gerçəkləşməsində dilçilərimizin “dil baryeri”nin aradan qaldırılması mühüm rol oynayacaq. İxtisaslı kadr hazırlığı pilləsində dünyanın aparıcı dillərinin öyrədilməsi işində doğrudan-doğruya dönüş yaratmağın vaxtı artıq çatıb. Əvvəllər xarici dildən “namizədlik minimumu” adlandırılaraq qəbul edilən imtahanın artıq “doktorluq maksimumu” kimi qəbul edilməsi lazımdır. Yəni xarici dildən doktorluq imtahanına qoyulan tələblər dəyişilməlidir. Bütün bunları söyləməklə dilçilik sahəsində ixtisaslı kadr hazırlığında olan əyər-əskiklərin üstündən keçmək fikrindən də uzağam. Düşünmürəm ki, bu sahədə hər şey rəvan gedir. Şübhəsiz, çatışmazlıqlar var. Bunların obyektiv və subyektiv səbəbləri hamıya məlumdur. Hər bir sahədə olduğu kimi, dilçi kadrların hazırlığında da obyektivlik, dövlət və cəmiyyət qarşısında məsuliyyət hissi yüksəkdə dayanmalıdır.

“Antiplagiat sistemi internet məkanında əqli mülkiyyət hüququnu qoruyacaq”

- Tədbirlər Planında öz əksini tapan məqamlardan biri məhz 2013-2015-ci il üçün Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanmasıdır. Bu istiqamətdə hansı tədbirlər görülə bilər?
- Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması vacib məqamlardandır. Düşünürəm ki, təhsilin bütün pillələri üçün, yəni ibtidai, orta, ali və ondan sonrakı mərhələ üçün dövlət dilinin tədrisinin elə standartlar sistemi hazırlanmalıdır ki, iyerarxik cəhətdən əvvəlki pillə üçün nəzərdə tutulan standart növbəti pillənin standartı ilə üzvi şəkildə bağlı olsun və bir-birini tamamlasın. Deməliyəm ki, bu standartlar təhsilin məzmunu ilə də bağlı ola bilər və Təhsil Nazirliyi nümayəndələrinin, pedaqoq və metodistlərin bu sahədə mütəxəssis sözünə ehtiyac duyulacaq. Dilçilər isə həmin standartların hazırlanması prosesində onların linqvistik məzmununun yaxşılaşdırılmasına, təmin edilməsinə yardımçı ola bilərik. Əgər bu deyilənlər reallaşacaqsa, inanıram ki, təhsilin ibtidai, orta və digər pillələrini bitirənlər dövlət dilini hansı səviyyədə bilməli olması üçün nəzərdə tutulmuş standartlara cavab verəcək və gündəlik həyatda ondan sərbəst istifadə edəcək.
- Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsində icraçılardan biri də AMEA olacaq. Bununla bağlı “qaynar xətt”dən başqa hansı tədbirlərin reallaşdırılması nəzərdə tutulur?
- “Qaynar xətt”in yaradılması küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına operativ müdaxilə xarakteri daşıyacaq. Küçə adları, afişa və reklamlar gündəlik qarşılaşdığımız obyektlərdir. İşi elə qurmaq lazımdır ki, operativ müdaxiləyə ehtiyac qalmasın. Küçə, dalan, prospekt və bu kimi ünvan adlarının səliqə-sahmana salınması üçün hələ müəyyən qədər vaxt lazım olacaq. Çünki hələ də sovet dönəmindən qalma ünvanlar var, onlar yeri gəldikcə dəyişdirilir, yenilənir. Amma bu o mənaya gəlmir ki, bu işləri öz axarına buraxmaq lazımdır. Hər şeydən öncə, ölkə miqyasında küçə və prospekt və digər ünvan adlarının sistemləşdirilərək kataloqlaşdırılması, dəyişdirilmiş vahidlərin əvvəlki adlarının da qeydə alınaraq elektron bazasının yaradılması vacibdir. Bunu təkcə küçə adları ilə məhdudlaşdırmaq lazım deyil. Ümumiyyətlə, ölkənin inzibati ərazi vahidlərinin, coğrafi obyektlərin adlarının sistemləşdirilməsini təmin etmək, onların dövlət dilində yazılış qaydalarını və hətta xarici dillərə transliterasiya qaydalarını hazırlamaq lazımdır. Ölkənin inzibati ərazi vahidlərinin və cöğrafi obyekt adlarının əlifba göstəricilərinin və onomastik bülletenlərin nəşr edilməsi də mümkündür. Reklam və afişalarda ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almağa gəlincə, onların hazırlanması ekspertizasından sonra həyata keçirilməli, mətnlər səriştəli dilçi mütəxəssislər tərəfindən yoxlanılmalı və müzakirə olunmalıdır.

-Tədbirlər Planında Azərbaycan dilində antiplagiat sistemin yaradılması da öz əksini tapıb. Bu sistemin yaradılması hansı yeniliklər gətirəcək?
-Burada hansısa yenilikdən danışmaq əsas deyil. Bəllidir ki, antiplagiat sistemi İnternet şəbəkəsində yerləşdirilmiş qaynaqlardan, sənədlərdən, elektron kitabxana materiallarından mənbəyi göstərilmədən tam və ya qismən götürülmüş, özününküləşdirilmiş fikir, ideya və ya digər əqli mülkiyyət məhsulunun olub-olmadığını müəyyənləşdirmək texnologiyasıdır. Bu sistemin yaradılması nəticəsində internet şəbəkəsində yerləşdirilmiş və Azərbaycan dilində olan materiallardan istifadəçilərin əqli mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunan halların aradan qaldırılması mümkün olacaq. Bu sistemin yaradılması və ondan səmərəli istifadə edilməsi üçün indiyə qədər Azərbaycan dilində yazılmış elmi, elmi-kütləvi və s. materialların elektron formada verilənlər bazasının yaradılması lazımdır. Bunun üçün xeyli vaxt səy göstərmək lazım gələcək.

- Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi ilə bağlı hansı tədbirlər görülə bilər?
- Şübhəsiz ki, müəyyən tədbirlər həyata keçirilə bilər. Bu məqsədlə Dilçilik İnstitutu hələ bu Dövlət Proqramının meydana çıxmasından əvvəl də tədbirlər keçirib. Məsələn, 2010-cu ildə İnstitutda Azərbaycan Mətbuat Şurası ilə birgə “Kütləvi informasiya vasitələrinin dili” mövzusunda elmi konfransı keçirilib. Konfransda xeyli məsələlər müzakirə olunub, materialları çap edilib, mətbuat orqanlarına, radio və televiziya işçilərinə tövsiyələr verilib. 2011-ci ildə “Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri” elmi konfrans təşkil edilib. Konfransda nitq etiketi və nitq mədəniyyəti, televiziya və radio aparıcılarının nitqi, nitq mədəniyyəti və orfoqrafik norma, düzgün tələffüz qaydaları kimi məsələlər təhlil olunub, tövsiyələr hazırlanıb. Belə görüşlər yenə davam etdirilə bilər və edilməlidir də. Amma deməliyəm ki, biz əslində qeyd edilən sahələrdə “dilimiz əldən gedir” deməklə dilimizi qorumağa yox, savad səviyyəmizi qaldırmağa çalışmalıyıq. Sözün geniş mənasında savadsızlıqdan, biliksizlikdən qurtulmalıyıq. Məhz savadsızlıq ümumi mədəni səviyyəni aşağı düşürür. Təsadüfi deyildir ki, Prezidentin sərəncamında mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının, reklamlarda və afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulması kimi halları “təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə” çevrilməsi kimi səciyyələndirilib. Dil mədəniyyətinin KİV-də, xüsusilə televiziyada, qəzet mətbuatında aşağı düşməsinin müxtəlif səbəbləri var. Bu səbəblər üzündən son vaxtlarda Azərbaycan dilinin jarqon ifadə və əcnəbi alınmalarla çirklənməsi barədə danışılır. KİV-in, xüsusilə müstəqil qəzetlərin dilinin ümumi etik məsələləri (kobudluq, bayağılıq, həbsxana-dustaq jarqonu və s.) barədə daim müzakirələr gedir. Belə halların meydana çıxması ilə bağlı aparılmış sosioloji sorğularda, müzakirələrdə ilk sırada göstərilən səbəblərdən biri budur ki, dəyişikliklər və təhsil sisteminin birindən digərinə keçid dövründə formalaşmış insanlar, haqqında danışdığımız sahələrə axın ediblər. Bu axın xeyli qeyri-peşəkarı mətbuat sahəsinə gətirib. Qeyri-peşəkarlıq və dilin qayda-qanunlarına nabələdlik, eləcə də ümumi mədəni səviyyənin aşağı olması həmin qeyri-peşəkarların fəaliyyət göstərdiyi mətbuat orqanlarının dilində də əksini tapıb.
- Ümumiyyətlə, Dövlət Proqramı ölkəmizdə Azərbaycan dilinin və dilçiliyinin inkişafına hansı töhfələr verəcək və bu istiqamətdə hansı təkliflər irəli sürərdiniz?
-Deməliyəm ki, artıq təklif irəli sürmək vaxtı geridə qalıb. İndi dövlət dilimizin tədrisi və tədqiqi sahəsində çalışanlar üçün qollarını çırmalayıb iş görmək vaxtıdır. Reallaşdırılması əsasən 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Onun icrası, əminəm ki, dövlət dilimizin, eləcə də dilçiliyimiz inkişafına çox böyük töhfə verəcək. Nəticədə ölkədə təlimin bütün pillələrində dilin öyrədilməsini təmin edən ciddi iyerarxiya sistemi yaradılacaq, hər bir pillə üçün dilin saflığının saxlanılmasına yönəlmiş ciddi tələblər işlənib hazırlanacaq. Çağdaş elmi araşdırmalar vasitəsilə dilin tədrisi ilə əlaqəli tədqiqatlara diqqət artırılacaq. Azərbaycan dilinin tədrisi və ölkədə dilçiliyin informasiya təminatı möhkəmlənəcək, beynəlxalq elmi əlaqələr genişlənəcək, dilçilik tədqiqatları xalqımıza xas milli-mənəvi dəyərlərlə əlaqəli və azərbaycançılıq ideologiyası mövqeyindən aparılacaq.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info