“Müxalif namizəd seçkidə iştirak etməmiş yeni sima olmalıdır”
Tarix: 01.05.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Müxalifətin birliyinə güman çox azdır”

Qarşıdakı prezident seçkiləri ilə bağlı olaraq müxalifət partiyaları pərakəndə və bir-birilərilə rəqabət şəraitindədirlər. Onlar bir-birinə rəqib şəraitində seçkidə iştirak etməyə sürükləniblər. Bu isə seçkidə müxalifətin məğlubiyyətini qaçılmaz edir. Bunu dərk edən bəzi müxalif partiyalar müxalifətin ümumi birliyinə müəyyən cəhdlər edirlər. Amma bu cür cəhdlər uzun illərdən bəridir ki, nəticəsiz qalıb. Buna səbəb isə müxalif başçıların şəxsi seçki hərislikləri, siyasi fəaliyyətdə cılız maraqlar güdmələri və namizədlikdə bir-birilərinə güzəştə getməmələridir.
Müxalifətin bu seçkidə birliyinə nail olmaq istəyən partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). Bu barədə “Palitra”ya fikirlərini bildirən AMİP sədri Yusif Bağırzadə seçkidə necə iştirak edəcəkləri ilə bağlı bunları dedi: “Biz müxalifətdəki bəzilərindən fərqli olaraq müxalifətin böyük birliyinə nail olmaq istəyirik. Bu istiqamətdə də səylərimiz var. Ancaq vaxt çox az olduğuna görə bu barədə iş görmək lazımdır. Birmənalı şəkildə bəyan edirik ki, AMİP seçkilərə qatılacaq. Bu yaxınlarda AMİP seçkiyə kimlə gedəcəyi barədə qərar verəcək”.
Bəs bu seçkidə müxalifətin hər hansı birliyinə nail olmaq mümkün görünürmü? AMİP sədri belə dedi: “Doğrusu, AMİP olaraq bu birliyə çalışsaq da, birliyə güman çox azdır. Amma biz Məşvərət Məclisində təmsil olunuruq. Məşvərət Məclisində 12 siyasi partiya təmsil olunur. Bu qurumun üzvləri arasında da tez-tez Məşvərət Məclisinin siyasi bloka çevrilməsi ilə bağlı fikirlər səsləndirilir. Belə olarsa, bu qurum da müxalifətin ümumi birliyi alınmasa, alternativ müxalif güc mərkəzinə çevrilə bilər. AMİP-in də təklifi var ki, heç olmasa, bu qurumun vahid seçki platforması hazırlansın. Bu məsələ ilə bağlı 15 gün ərzində yekun qərar veriləcək”.
Bu seçki ərəfəsində müxalifətin birliyinə mane olan amillər içərisində AMİP sədri bəzi partiya başçılarını şəxsi ambisiyalarını, ziddiyyətləri və müxalif başçıların ümumi maraqları görə bilməmələrini sadaladı: “Bəzi yoldaşlar hələki birliyə hazır deyillər”.
Tutalım, müxalifət birləşdi, yaxud da müxalifətin bir kəsimi birliyə nail oldu. Bu zaman onun namizədi necə adam olmalıdır, əvvəlki uğursuz namizədlərdən nə ilə fərqlənməlidir? AMİP sədri belə dedi: “Biz hesab edirik ki, müxalif namizəd yeni sima olmalıdır. Yəni indiyə qədər prezident seçkilərində iştirak etməmiş bir müxalif namizədin şanslarını daha yaxşı qiymətləndiririk. Məqsədəuyğun olardı ki, prezident seçkisində namizəd yeni sima olsun. Əvvəllər seçkidə namizəd olaraq iştirak etmiş şəxs yenə namizəd olsa, bu halda elektorat toplamaq şansları azalacaq”.
Müxalifətin radikal kəsiminin “milli şura” yaratmaq cəhdlərinin hələ də alınmamasına gəlincə, Y.Bağırzadə qeyd etdi ki, “milli şura”nın nəyə xidmət etdiyini açıb ortaya qoymaq lazımdır: “Onlar açıqlama verməlidirlər ki, bu qurumun məqsədləri nədir və sair. Onlar seçkiyə gedəcəklərini, yaxud seçki ilə bağlı hansı mövqe tutacaqlarını hələ də cəmiyyətə açıqlamayıblar. Əgər hər partiya sədri seçkidə öz namizədliyini irəli sürəcəksə, onda onların hər biri avtomatik olaraq müxalif səsi parçalamış olacaqlar. Çünki istər-istəməz belə halda müxalifət namizədləri bir-birilərilə rəqabətdə olacaqlar”. AMİP sədri qeyd etdi ki, müxalifət partiyalarının əksəriyyətinin ideoloji yönü oxşar və ya eyni olmasına baxmayaraq, onlar arasında dərin ziddiyyətlər var: “Bu isə ideoloji yönə yox, şəxsi ambisiyalara üstünlük verildiyinə görə baş verir. Müxalifət partiyaları ideoloji yön əsasında fəaliyyət göstərmirlər. İdeoloji prinsiplərə sadiqlik nümayiş etdirmək lazımdır. Bu partiyaların çoxunun nizamnamələrindəki müddəalar və prinsiplər də onların əslində bir-birilərinə ideoloji cəhətdən bağlılığını göstərir. Amma reallıqda belə bir bağlılıq nümayiş etdirilmir. Ona görə də bu gün ambisiyaları, şəxsi maraqları bir kənara atmaq lazımdır.
Biz birliklə bağlı Məşvərət Məclisi olaraq partiyalara müraciət qəbul etmişik. Bunun nəticəsi nə olacaqsa, ona uyğun hərəkət edəcəyik”.
Yusif Bağırzadə bəzi müxalifət partiyalarının müxalifətin müəyyən birliklərini öz monopoliyalarına almaq cəhdləri ilə bağlı bunu dedi: “Heç kim müxalifətin birliyi ilə bağlı təşəbbüsləri öz monopoliyasına ala bilməz. Bu birlik eynihüquqluluq əsasında yaranmalıdır”.
Hər hansı müxalif birliyin başında siyasətdən uzaq, naşı adamların durmasını isə Y.Bağırzadə qəbul etmir: “Bu cür siyasətdən kənar adamların müxalifət partiyalarını yönləndirmələri heç bir siyasi effekt verməz. Həm də bu cür həvəskar adamların siyasi birliklərin başında durmaları həmin siyasi birliklərin imicinə, onun xarici qurumlarla əməkdaşlığına xələl gətirə bilər. Çünki əməkdaşlıqlar üçün həmişə birinci qurumu yönləndirən adamın kimliyi, onun siyasi çəkisi və bacarıqları əsas götürülür. Bu baxımdan siyasətə aid olmayanların siyasi partiya və qurumları yönləndirmələrini məqbul saymıram. Yaxud da bu cür birliklərdə QHT-lərin, ictimai qurumların toplaşmasını da məqbul saymıram. Çünki onlarla siyasi partiyaların fəaliyyəti fərqlidir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info