Cəzasız qalan Ermənistan yenə uşaqları hədəfə alıb
Tarix: 08.08.2017 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Qənirə Paşayeva:
“Ermənistanın vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyada yaşayan soydaşlarımız daha geniş yaymalıdır”

Aureliya Qriqoriu:
“Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir”

XİN:
“Uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət terrorizm siyasətidir”

Ermənistan silahlı qüvvələri daim atəşkəs rejimini intensiv şəkildə pozaraq müxtəlif təxribatlar törədir. Dəfələrlə olub ki, Ermənistan ordusu qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejimini intensiv şəkildə pozub, nəticələr isə Azərbaycan üçün ağır olub-mülki əhali arasında itkilər, yaşayış evlərinin və sosial obyektlərin dağılması. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlərin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və sistematik şəkildə hədəfə alınması bir daha onu göstərir ki, qarşı tərəf sülh istəmir, münaqişənin həllində maraqlı deyil. Maraqlısı odur ki, Ermənistan ordusunun bu təxribatlarını çox vaxt beynəlxalq təşkilatlar görməzdən gəlirlər.

Amma Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu artıq Ermənistanın da əleyhinə işləyir. Törədilən təxribatları beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirən Azərbaycan bir daha dünya ictimaiyyətinin gözünü açaraq Ermənistanın kəskin şəkildə qınanmasına nail olur. Ən yaxın keçmişə-cəmi bir ay əvvələ baxanda görürük ki, Ermənistan hələ də öz təxribatlarında mülki əhalini hədəfə alır. İşğalçı ölkənin rəhbərlərinin qəddar əməllərinin nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə məlumdur.
Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən təxribatları, əslində, adi hal deyildi və bu təxribatlar avqust ayında da davam etdi. Maraqlısı odur ki, bu təxribatlar ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir.
Görünən odur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan daim danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və vəziyyəti qəsdən gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks-təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atır. Buna misal olaraq dünən erməni silahlı bölmələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutmasını göstərmək olar. Atılan güllələrdən biri kənd sakini, 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlunun ayağının altındakı daş qırıqlarına dəyib. Nəticədə daş qırıqları yeniyetməni zədələyib. Kənddə olan həkimlər tərəfindən R.Yusifova tibbi yardım göstərilib. Onun qəlpə yaraları da aldığı məlum olandan sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Bir neçə gün əvvəl ermənilər Qaralar kəndində mülki şəxsləri atəşə tutaraq onların əkin sahələrində təsərrüfatla məşğul olmalarına maneçilik törətmişdilər. Güllələr yaşayış evlərinin dam örtüklərinə də ziyan vurmuşdu.
Ermənistan ordusunun bu əməllərinə Azərbaycan ictimaiyyəti də kəskin reaksiya verir. Millət vəkili Qənirə Paşayeva işğalçı ölkənin azyaşlıları, mülki əhalini daim hədəf almasını təsadüfi hal saymır. O deyib: “İşğalçı Ermənistan yenə də kiçikyaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. İşğalçı ordu axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutdu və nəticədə öz evində, öz həyətində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifov yaralandı. Ermənistanın bu vandalizm əməllərini, kiçikyaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, türk kökənli insanlarımız daha geniş yaymalıdır. Bu təxribatları səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar. Balaca Ramin və atası hadisənin şokundan hələ tam çıxmayıblar. Allah hər zaman ön cəbhədəki insanlarımızı qorusun, ordumuza dəstək olsun. Bu işğalçı, vandalizm zehniyyətli Ermənistan, inşallah, daha betər cəzasını alacaq. Layiq olduğu cəzanı”.

Cəzasızlığın nəticəsidir ki, Ermənistan mülki insanları və obyektləri hədəfə almaqdan çəkinmir
Xarici İşlər Nazirliyinin Ermənistanın təxribatına reaksiyası özünü çox gözlətməyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan ordusunun növbəti barbar əməlini kəskin şəkildə pisləyib. O deyib: “Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib”. XİN rəsmisi bildirib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizmi siyasətidir: “25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırımı və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla, 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş nöqtələri susdurulub və işğal altında olan bir sıra strateji məntəqələr azad edilib”.
H. Hacıyevin sözlərinə görə, Ermənistanın yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması açıq şəkildə təsbit olunub: “Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiyini etiraf edən bəyanatlarla çıxış edir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar. Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilməlidir. Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.
Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu erməni təxribatına reaksiya verərək deyib ki, Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilməlidir. O deyib: “Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir. Dinc sakinlərin atəşə tutulması kimi hadisələr dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır”. A.Qriqoriu qeyd edib ki, bu cür hüquqazidd əməlləri törədənlər beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməlidirlər: “Ermənistan rəhbərliyi törədilən bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Ermənistan silahlı qüvvələri bu cür əməlləri yalnız komandanın icazəsi ilə həyata keçirə bilər”.
Qısası, Ermənistanın təbliğat maşınının beynəlxalq aləmdə yalançı səylərinə baxmayaraq, təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə aparıb, bu gün də törətdiyi təxribatların acı nəticəsi Ermənistan rəhbərliyinin “uşaq qatili” olmasını bir daha təsdiqləyir. Amma, həmişə olduğu kimi, bu gün də Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info