AXCP üzvü üsyan etdi: “Əli Kərimli 2 övladının təhsilinə 2 milyondan çox pul xərcləyib”
Tarix: 09.08.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Əli Kərimli bizləri avam yerinə qoyaraq AXCP brendi altında yaratdığı şirkətdə pulsuz olaraq istismar edir”

Azərbaycanda radikal müxalifət liderlərinin, xüsusən də AXCP sədri Əli Kərimlinin kübar həyatı-cangüdənlər, bahalı avtomobil və bir neçə yerdə evinin olması barədə dəfələrlə mətbuatda yazılar gedib. Onun bu qədər var-dövlətə, gəlirə haradan nail olması isə daim sual doğurub. Əslində, xaricdəki bəzi dairələr tərəfindən göstərişlərlə hərəkət edən müxalifət liderlərinin maddi gəlirlərinin də haradan gəldiyi gün kimi aydın olur.
Əli Kərimli isə xaricdəki qeyri-müəyyən mənbələrdən gələn vəsaitlərini artıq gizlədə bilmir. Hələ iki il öncə özünü cəmiyyətin gözündə yüksək tutmaq üçün məsum rola girib, kasıb, məzlum təbəqənin nümayəndəsi kimi görünməyə can atan Əli Kərimlinin sahib olduğu villalar, gizli biznesləri, gəzdiyi lüks maşınları üzə çıxanda o bunlara dolğun şəkildə aydınlıq gətirə bilmədi. Hamıdan sirr kimi saxladığı Şüvəlandakı villasının fotoları yayılanda ona yaxın şəxslər bunu adi ev kimi təqdim etsələr də, əslində, villanın qiyməti yarım milyon manat civarında idi. Qeyd edək ki, AXCP sədri həmin villanı 2014-cü ildə 500 min manata satışa çıxarsa da, real alıcı tapa bilməmişdi. Villanın tikintisi üçün torpağı isə Əli Kərimliyə 1992-1993-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Rauf Gülməmmədov bağışlamışdı. Bundan əlavə, AXCP sədrinin Bakının mərkəzində yeni tikilən hündürmərtəbəli binalarda bir neçə mənzilinin olduğu da məlumdur.
Əli Kərimlinin övladının bahalı həyat tərzi sürməsi də hər kəsə məlumdur. O, bu vaxta qədər öz gəlirlərinin mənbəyini açıb göstərə bilməsə də bu gəlirlər sayəsində oğlunu nəinki Britaniyanın bahalı universitetində oxuda bilib, üstəlik ona Londonda bahalı, dəbdəbəli, olduqca vulqar, qayğısız həyat təmin edir. Dəfələrlə onun oğlu Türkel Kərimlinin necə həyat tərzi sürməsi ilə bağlı mətbuatda fotolar dərc edilib. Londonda ən bahalı barlarda bahalı içkilərlə foto çəkdirən AXCP sədrinin oğlu, görünür, atasının yolunu davam etdirməyi qərara alıb. Amma bəzən bütün bu məsələlərlə bağlı fikirləri mətbuat yazanda faktları qəbul etməyən Əli Kərimli öz partiyasından olan birinin məlum faktlara dair yaydığı yeni məlumatlar qarşısında susmağa qərar verir. Sonuncu belə məlumatı AXCP üzvü Paşa Umudov yayıb ki, burada da bir sıra maraqlı məqamlar yer alıb. Partiya üzvü sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə də üsyan edib. Paşa Umudovun yazdıqlarından bir sıra məqamları oxucuların diqqətinə çatdırırıq:
“Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçilərin Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar edib. AXCP-nin çətin durumda olduğu, üzvlərin uşaqlarının boğazından kəsib partiyaya çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir. Rusiya ərazisində yaşayan qohumlarımın dəvəti ilə bir neçə gün öncə həmin ölkəyə gedərkən hava limanında Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşmasaydım bu məktubu heç yazmazdım da.
Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz.
Hava limanında rastlaşdığım mənzərə Əli Kərimlinin, sadəcə, bir partiya sədri deyil, böyük dələduz, hoqqabaz və sehrbaz olmasını, natiqlik, təşkilatçılıq qabiliyyətini AXC ideyaları, xalqın maraqları üçün deyil, özünün zənginləşməsi üçün istifadə etdiyi barədə yaranan fikirlər məni rahat buraxmadı. Bəli, son vaxtlaradək AXCP-çilər ona inanır, müqəddəs bir insan kimi baxırdılar.
Lakin 20 ildir təkrarlanan eyni ritorika (“artıq biz hakimiyyətə gəlmək üzrəyik”), bəzi cəbhə üzvləri həbsdə olan vaxtı Əli bəyin isə bayramdan-bayrama onların ailə üzvlərinə 300 manat yardım göndərməsi, əslində, hər şeyin bir məqsədə - Əli Kərimlinin və ailəsinin komfortlu yaşayışının təminatına yönəldiyini bizə göstərdi. Əli Kərimli bu şəxslərə edəcəyi 300 manatlıq yardımdan və bayağı, düşük şəkil aksiyalarından o tərəfə keçən də deyil. Təsəvvür edin ki, xeyli cəbhəçi əqidə yoldaşlarımızın azadlığa buraxılmasını tələb etmək əvəzinə, çayxanalarda yığışıb siyasi məhbusların plakatları ilə şəkil çəkdiririk və sonradan onu videoçarx kimi sosial şəbəkələrdə yayırıq. Görəsən, Əli Kərimli tutulsaydı Gözəl Bayramlı, Seymur Həzi, Fuad Qəhrəmanlı, Faiq Əmirli və digərləri onu, beləcə, ucuzvari yola verərdilərmi? Əli Kərimli həbs edilsəydi onun əqidə yoldaşları, onların ailə üzvləri Londonda və digər bahalı şəhərlərdə kef çəkərdilərmi? Heç inanmıram.
Və bu yalan 20 ildir davam edir. Gün kimi aydındır ki, onun Azərbaycanda hakimiyyətə gəlmək ümidləri yoxdur və bizləri, sadəcə, avam yerinə qoyaraq AXCP brendi altında yaratdığı şirkətdə pulsuz olaraq istismar edir. Belə olmasaydı o, kiçik oğlunu dünyaya gətirmək üçün bir neçə il əvvəl həyat yoldaşını Londona göndərməzdi. Soruşarsınız ki, burada nə var? Məntiq isə sadədir. Azərbaycan prezidenti olmaq istəyən və ümidlərini bu ölkə ilə bağlayan şəxs İngiltərədə dünyaya gələn övladına avtomatik həmin ölkənin vətəndaşlığını qazandırıb. Həmişə praqmatik düşünən Əli Kərimlinin bu şahmat gedişinin səbəblərini başa düşmək üçün vunderkind olmaq gərək deyil. Zatən bu şəxsin 20 ildir söylədiyi “hakimiyyətə gələcəyik” kimi nağıllarına heç özü belə inanmır (amma bizi inandırmağa bacarmışdı) və övladının gələcəyini sığortalamaq üçün onu… İngiltərə vətəndaşı edir!!!”

“Əli Kərimliyə qarşı çıxan bütün şəxslər partiyadan uzaqlaşdırılır, sosial şəbəkələrdə təhqir olunur, satqın damğası vurulur, şərə, böhtana məruz qalırlar”

Paşa Umudov Əli Kərimlinin övladlarının xərcləri barədə də maraqlı nüansları ortaya qoyub. O deyir: “Adi məktəblinin hesablaya biləcəyi və faktlara əsaslanan rəqəmlərə baxın. AXCP sədrinin hər iki övladı 11 il Bakı Oksford məktəbində (1 illik təhsil haqqı 11 min manatdır) oxuyub. Beləliklə, hər iki uşağa 242 min manat vəsait xərclənib.Hər iki uşaq dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik Böyük Britaniyada oxuyub və yaşayıblar. Londonda ortabab ali təhsilin bir ili 15 min funt-sterlinqdən (hazırkı kursla 33 min manat) aşağı deyil. Hər iki uşağın 5 illik təhsil xərci ən aşağısı 150 min funt-sterlinq (hazırkı kursla 332 min manat) edir. London şəhərində ən ucuz mənzil kirayəsi 700 funt-sterlinq (1 500 manat), 1 nəfər üçün minimum aylıq yaşayış xərci isə 650 (1400 manat) funt-sterlinqdir. Beləliklə, 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Hələ bura Bakı-London aviareyslərinə ayrılan vəsait, tətil, restoran, əyləncə və digər xərclər barədə rəqəmlər yazılmayıb. Adi hesablamalar göstərir ki, dələduz Əli bəyin son 15 ildə görünən xərcləri 242 min manat + 270 min funt-sterlinqdən (hazırki kursla 600 min manat) çoxdur ki, az deyil. Gözə görsənməyən xərcləri də nəzərə alsaq, həmin rəqəmləri (242 min manat + 270 min funt-sterlinq) 2, bəlkə də 3 əmsalına vurmağımız tamamilə ədalətli olardı. Qarşımızda oliqarxların həyatına bənzər və onlardan geri qalmayan bir mənzərə canlanır. Heç nə olmaz, Allah Fuadın, Faiqin, Gözəlin, Seymurun, Asifin və digərlərinin canını sağ eləsin, onlar yatar, Əli bəy isə qazanar.
Düzdür, bu məktubu oxuyan Əli Kərimli həmişə öyrəşdiyimiz kimi ya çıxıb öz sehrbaz bacarığını göstərəcək və camaatı avam yerinə qoyaraq, nağıl söyləməyə başlayacaq, ya da, ümumiyyətlə, heç nə olmamış kimi davranacaq. Lakin indidən bir şeyi xatırladaq ki, Əli bəy, sizin 2000-ci ildən etibarən söylədiyiniz “mənə dostlarım kömək edir, onların adlarını çəkə bilmərəm” kimi nağıllarınıza heç kəs inanmır. Çünki sonuncu dəfə mətbuata verdiyiniz açıqlamada sürücünüzün təmənnasız xidmət göstərməsi barədə dediklərinizə hamımız sizin tərəfinizdən edilmiş bir zarafat, camaatla növbəti məzələnmə şousu kimi yanaşmışdıq. Nə edək? Hər ay ona 350 manat verməyinizi hər bir cəbhəçi bilir.
Gördüyümüz bu reallıqları bir çox cəhbədaşlarımız dərk edir, lakin 20 ildir avtokrat kimi partiya sədrliyindən yapışmış Əli Kərimlinin bu fırıldaqlarına qarşı səsini çıxara bilmir.
Səbəbi çox sadədir. Əli Kərimliyə qarşı çıxan bütün şəxslər partiyadan uzaqlaşdırılır, sosial şəbəkələrdə təhqir olunur, satqın damğası vurulur, şərə, böhtana məruz qalırlar. Əli bəy, taktikanızı dəyişin, maskalar yırtılmışdır, artıq hamı sizin simanızı tanıyır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info