Qəlblərdə yaşayan insan
Tarix: 15.08.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bu gün görkəmli uşaq yazıçısı, publisist, tərcüməçi, “Günəş” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Süleymanovun doğum günüdür. Nəriman müəllim 15 avqust 1930-cu ildə Qərbi Azərbaycanda, Yuxarı Körpülü kəndində məşhur Qori seminariyasının məzunu, tanınmış müəllim Qoca bəy Süleymanovun ailəsində dünyaya gəlmişdi. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsini bitirmişdi. Elə həmin ildən “Pioner”, indiki “Günəş” jurnalında əmək fəaliyyətinə başlamışdı. Ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdı. Jurnalın baş redaktoru görkəmli şair Zeynal Cabbarzadə dünyasını dəyişdikdən sonra Nəriman müəllim jurnala rəhbərlik etməyə başlamışdı. O, bu jurnalda fasiləsiz olaraq düz 43 il çalışmışdır. Ancaq bir həqiqəti də söyləmək lazımdır, Zeynal müəllim səhhəti ilə əlaqədar ayda bir, ya iki dəfə redaksiyaya gələ bilirdi. Bu səbəbdən Nəriman müəllim faktiki olaraq kollektivə uzun illər idi ki, qeyri-rəsmi redaktorluq edirdi.
Nəriman Süleymanov taleyini bütünlüklə uşaq ədəbiyyatına həsr etmişdi. O, ədəbi fəaliyyətinə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olunmuş kiçik bir hekayə ilə gəlmişdi. Elə həmin ildə də “Balaca atlı” adında ilk kitabını balaca oxucuların ixtiyarına vermişdi. Yaradıcılığı ərzində 15 kitabı işıq üzü görmüşdü. Sadə, aydın və oxunaqlı dili vardı. Dilimizin incəliklərindən məharətlə istifadə edə bilirdi. Bu barədə filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifli belə yazır: ”Nəriman Süleymanovun nəsri öz dilinin sadəliyi, üslubunun aydınlığı ilə də seçilir və onun əsərlərindən onlarla misallar gətirə bilərik ki, bu misallar müəllifin dilimizin incəliklərinə, xalq danışıq dili ilə ədəbi dilimizin vəhdətinə sübut olar.”
Bununla yanaşı, dünya xalqlarının qiymətli əsərlərini dilimizə çevirmiş, onlarla uşaq cizgi filmlərinə ssenarilər yazmışdı. Hekayələri müxtəlif dillərə tərcümə olunmuşdu. Bir sıra ölkələrdə uşaq ədəbiyyatına həsr olunmuş beynəlxalq tədbirlərdə, simpoziumlarda respublikamızı ləyaqətlə təmsil etmişdi.
Nəriman müəllimi uşaqlıqdan tanıyıram. Bibimlə ailə qurmuşdu. Allah ona hər şey vermişdi. Mülayim, yüksək mədəniyyətli, ədəb-ərkanlı, ünsiyyətcil, yaraşıqlı, boylu-buxunlu və maraqlı, incə yumoru olan işıqlı bir ziyalı idi. Onun ağzından təsadüfi kəlmələrin çıxdığını kimsə eşitməmişdi. Hər kəlməsinə fikir verirdi. Kiminsə qəlbinə dəyməzdi. Bir sözlə, əsil bəy balası idi. Atam söz düşəndə həmişə deyərdi ki, Qoca bəy kimi kişinin ailəsində böyümüş insan başqa cür ola bilməzdi. Onu tanıyanlar həmişə Nəriman müəllimin yüksək mədəniyyətindən, qayğıkeşliyindən və sadəliyindən danışırlar.
Tale elə gətirdi ki, mən bir müddət “Günəş” jurnalında işlədim. Onun qayğısını, diqqətini gördüm, müəllimim, həyatda yol göstərənim oldu. Aramızda böyük yaş fərqi olsa da münasibətlərimiz dostluğa çevrildi. Böyük ürəyi olan insan barədə o qədər danışmalı, yazmalı xatirələrim var ki.
Nəriman müəllimlə axırıncı görüşümüzü yaxşı xatırlayıram. 1995-ci ilin aprel ayının əvvəlləri idi. Hərdən vaxtım olanda “Azərbaycan” nəşriyyatının 3-cü mərtəbəsində yerləşən “Günəş” uşaq jurnalı redaksiyasına gedir, köhnə iş yoldaşlarımla görüşür, çayxanada qələm dostlarımla dərdləşirdim. Bir dəfə yenə yolum nəşriyyata düşmüşdü. Girişdə Nəriman müəllim böyük şairimiz Məmməd Arazla söhbət edirdi. Məmməd Araz Nəriman müəllimin qollarından tutmuşdu, aradabir özünə tərəf çəkir, nəsə deyirdi. Bir-biri ilə o qədər mehribancasına danışırdılar ki, mane olmaq istəmədim. Gözlədim. Və qəfildən hər ikisi məni gördü. Məmməd Araz dedi: - çoxdan səni görmürəm, haralardasan?
Qısaca iş yerimi söylədim. Nəriman müəllim ona iş yerimi dəqiqliyi ilə dedi və məni təbrik etdi: - Eşitdim işində irəliləyiş var, xeyirli olsun.
Məmməd Araz məsələni bilən kimi məni təbrik etdi və dönüb Nəriman müəllimə “oralarda qələm əhli nə qədər çox olsa, o qədər yaxşıdır, xeyirli-uğurlu olsun”, dedi. Nəriman müəllim böyük şairə tərəf döndü: - “Bax, nə istəyirsən, Məmməd müəllim də öz xeyir-duasını verdi, yaxşı olar, inşallah”.
Böyük hörmətim və rəğbətim olan insanların təbriki və xeyir-duaları məni çox sevindirdi, ürəkləndim. Təəssüf ki, bu mənim Nəriman müəllimlə sonuncu görüşümüz oldu.
15 aprel 1995-ci il, işdən çox gec, özü də yorğun qayıtmışdım. Atamın səsi hələ də qulağımdadır: - “Heyh Nərimandan, nə yaşı vardı”. Doğrudan da atam demişkən, nə yaşı vardı ki, 65 elə də böyük yaş deyil, axı. Qəbri nurla dolsun.
Nəriman Süleymanovun ölümündən 17 il keçir. Yaşasa 87 yaşı olacaqdı. Allah Elçinin və Azərin işlərini avand eləsin. Nəriman müəllimin özünəlayiq gözəl tərtibatlı, yüksək keyfiyyətli “Ruhlar çağırır” kitabını böyük tirajla çap etdirib təmənnasız respublikamızın məktəblərinə, mədəniyyət ocaqlarına payladılar. Qoy gəncliyimiz, uşaqlarımız oxusun və böyük insanın ruhu şad olsun!


Elşad QOCA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info