Elşad Abdullayev Azərbaycana qarşı
Tarix: 02.05.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Onun da rəhbərlik etdiyi və maliyyələşdirdiyi yeni qurum Avropadan Azərbaycana qarşı yeni basqılara start verib...

Keçmiş ABU rektorunun birbaşa rəhbərlik etdiyi prosesin başında separatçılar və fərarilər durur...


Ordan başlayım ki, 2013-cü il 6 aprel tarixində İsveçrənin Bazel şəhərində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatının təsis konfransı keçirilib. Konfransda Avropanın 7 ölkəsindən 85 nümayəndə iştirak edib. Eyni zamanda Rusiya, Kanada və Ukraynadan iştirakçılar “Skype” vasitəsilə konfransın işinə qatılıblar. Bakıdan isə keçmiş dövlət katibi, ALP-nin sabiq sədri Lalə Şövkət Hacıyeva və bəzi digər siyasi, ictimai təşkilatların təmsilçiləri konfrans iştirakçılarını telefonla canlı bağlantıda təbrik ediblər. Yeni qurulan təşkilatın təsisçiləri Azərbaycanda insan haqları, demokratik təsisatların inkişaf etdirilməsi kimi ideyaları müdafiə etdiklərini bildiriblər. Əslində, bu qurumda kimlərin təmsil olunduğu mühüm amillərdən biri hesab olunmalıdır.


“OMON”a qarşı fərarilik edən...
1993-cü ildə “OMON”, yəni Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) kimi tanınmış hərbi birlikdə işləmiş və Zəngilan uğrunda ermənilərə qarşı döyüş əməliyyatlarında fərarilik etmiş Qabil Rzayevin bu əməli o zaman komandiri olmuş mərhum DİN müavini Rövşən Cavadovun qəzəbinə səbəb olmuşdu. Rövşən Cavadov səngərdə fərarilik etmiş hər hansı bir döyüşçünü qətiyyən əfv etməzdi. Buna görə də Qabil Rzayevin dərhal həbs olunaraq onun yanına gətirilməsi əmrini vermişdi. Rzayev döyüş yoldaşını səngərdə tək qoyub qaçdığını və buna görə güllələnəcəyini dərk etdiyi üçün komandirinin ayaqlarına düşərək göz yaşları içində bağışlanılması üçün yalvarıb. Cavadovun etibar etdiyi yaxın ətrafı onun bu dəfə əfv olunmasını rica ediblər.

“Gizli şəkildə “Talış Muğan
Respublikası”nın konstitusiyasını yazırdı...”

...Elşad Abdullayevin ətrafında həm də Ataxan Əbilov adlı birisi var və o məhz bu dövrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim işləməklə yanaşı, gizli şəkildə “Talış Muğan Respublikası”nın konstitusiyasını yazırdı. Onun hazırlamış olduğu bu sənəd əsasında Azərbaycanın cənub bölgələrində böyük bir təbliğat şəbəkəsi də qurulmuşdu: “Bizlər talış xalqı olaraq öz dövlətimizi qurmalıyıq və Qarabağ uğrunda döyüşlərə qatılmağımızın heç bir mənası yoxdur, qoy türklər öz torpaqları uğrunda mübarizə aparsınlar. Çünki talışlar və ermənilər eyni kökə, yəni ari irqinə məxsusdurlar”.
İndi Avropada mühacir ömrünü yaşayan bu iki şəxs bir araya gələrək “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatını yaradıblar. Bütün bunlar azmış kimi, özləri kimilərini də yeni təşkilata cəlb etməklə yeni bir dalğanın yarandığını elan ediblər. Bu quruma Azərbaycanla bağlı fəaliyyətləri şübhəli olan bir sıra şəxslər də qatılıblar. İllər boyu korrupsiya yuvası olmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev, Coşqun Feyzullazadə, Surxan Lətifov, Elnur Məcidli, Rəşad Qurbanov, Canmirzə Mirzəyev, Telman Kazımov, Fərhad Axundov və digərlərinin adlarını çəkmək olar. Belə bir qurumun yaradılmasında Avropanın bir sıra insan haqları təşkilatları, eləcə də burada dəbdə olan Yaşıllar Hərəkatı, Transnasional Radikal Partiyası, Avropa Liberal İttifaqı və digər siyasi qurumlar da yedək gücü kimi dəstək verdiklərini bildiriblər. Belə bir qurumun yaradılması Azərbaycanın siyasi çevrələrində bir qədər ehtiyatla qarşılanıb. Çünki ana müxalifəti təmsil edən Müsavat, ADP, AXCP, KXCP kimi partiyaların liderləri yeni qurumun başında duranların kimlər olduqlarını bildikləri üçün susmağa üstünlük veriblər.

“Milli Birlik Şurası”nın
gizlinləri

Sözdə Azərbaycanda sosial-iqtisadi problemlər, əsgər ölümləri, vətəndaşların mülkiyyət hüquqlarının pozulması, hakimiyyət-müxalifət münasibətləri, Dağlıq Qarabağ konflikti və digər problemlərə önəm verdiyini elan edən yeni qurumu təmsil edənlər faktiki olaraq, Azərbaycanda strateji maraqları olan dövlətlərin “MAŞA”sı rolunda çıxış etməyə başlamışlar. Belə ki, “deyerler.org”, “faktxeber.com”, “sizinyol.com”, “araznews.com”, “contact.az”, “islaminsesi.az”, “edaletsizliklemubarize.wordpress.com”, “xeber44.com”, “smtpaz. ipower.com”, “haqq-adalet.com”, “gundamxəbər.com” və digər informasiya resurslarının bu quruma dəstək verməsinin arxasında İrana məxsus şəbəkələrin də durması bir həqiqət olaraq ortadadır. Beləliklə, Avropada son illər güclənməkdə olan antitürk şəbəkələrə İran, Rusiya və digər dövlətlərə məxsus xüsusi stukturlar da dolayı yolla yeni quruma dəstək verməyə başlayıblar.
Beləliklə, “Milli Birlik Şurası” adı altında vaxtilə Azərbaycandan mühacirət etmiş və Avropada sığınacaq tapmış insanlar bu dəfə Qərbin üzərindən Azərbaycana qarşı mübarizə aparmağa başlayıblar. Bu qurumun sədri vəzifəsinə seçilmiş Qabil Rzayevin, onun birinci müavini “hüquq elmləri doktoru” Elşad Abdullayevin, qurumun məclisinin sədri Ataxan Əbilovun təyin olunması xüsusilə ciddi məsələ kimi başa düşülməlidir. Ataxan Əbilov həm də Hollandiyada sığınacaq almış, separatçı “TMR”in “prezidenti” Əlikram Hümbətovun baş məsləhətçisidir. Məhz Ataxan Əbilovun vasitəsilə Moskvadakı “talış separatçıları” beynəlxalq insan haqları təşkilatları ilə koordinasiya formasında fəaliyyət göstərirlər. Fəaliyyəti qapadılmış ABU-nun (Azərbaycan Beynəlxalq Universiteti) rektoru olmuş Elşad Abdullayevin keçmiş fərarilər və separatçılarla bir araya gəlməsi xüsusilə diqqət çəkən məqamlardan biri hesab olunur. Elşad Abdullayev bir tərəfdən Azərbaycanda hüquqlarının pozulması, daim təzyiqlər altında olması, hakimiyyət yetkililərinə hər bir işi ilə bağlı rüşvət verməyə məcbur edilməsi faktlarını açıqlasa da, digər yandan həmin vəsaitləri hansı yolla qazandığını da açıqlamalı olduğu halda, bütün bunları susqunluqla qarşılayır. Halbuki onun Moskva, Dubay və digər antitürk mərkəzli şəbəkələrlə ABU adı altında iqtisadi və maliyyə əlaqələrinə aydınlıq gətirilməlidir.
O, bütün bunları təhsil siyasəti adı altında apardığını, beləliklə, ölkədə insan alveri tipli daha dərin qatlarda gizlənmiş hədəfləri siyasiləşdirməklə, MTN-də mayor rütbəsində olmuş qardaşı Mahir Abdullayevin “itkin” düşməsi, millət vəkili seçilməsi üçün hakimiyyətin yuxarı dairələrinə rüşvət verməyə təhrik edilməsi faktorunu qabartmaqla başlıca strateji hədəflərini gizlətməyə çalışır. Bakıda yaşadığı zaman müntəzəm olaraq Dubay və Moskva səfərlərinin gizlinlərini açıqlasaydı, rektoru olduğu ABU-nun çevrəsində baş verən həqiqətlər də üzə çıxardı. İndi Elşad Abdullayev bütün bunlara aydınlıq gətirmədən, Avropada separatçılar və fərarilərlə birlikdə yeni bir cəbhə yaratmağa başlayıb...

Strasburq həqiqətləri
Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) önündə Avropada yaşayan mühacirlər bu ad altında bir sıra problemləri bəhanə edərək etiraz aksiyası keçirməyə başlayıblar. Elşad Abdullayevin maliyyələşdirdiyi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” tərəfindən başladılan belə bir prosesdə öz keçmiş cinayət əməllərini gizlətməklə yeni statusda hərəkət etmək taktikasını seçən keçmiş fərarilər, separatçılar, şübhəli rüşvət dalğasının qurbanları yeni ampluada hətta Azərbaycan dövlətinin siyasətinin aparıcı simasına çevrilmək istədiklərini belə gizlətmirlər. Onlar Azərbaycandakı müxalifətə və KİV-lərə xoş gəlmək üçün bəzən demokrat cildində hərəkət etməyi belə unutmadıqlarını bildirirlər. Hətta bu qurumlarla əməkdaşlıq etmək, onların tələblərini dilə gətirərək Avropada “Azərbaycanda demokratiyaya dəstək və siyasi məhbuslara azadlıq” tələbi ilə aksiyalar keçirməklə bu yöndə istənilən şouları gündəmə gətirə bilcəklərini belə qeyd edirlər. Fransa, İsveçrə, Almaniya, Hollandiya, İsveç, Litva, Belçika, Norveç, Finlandiya, hətta Ukrayna, Rusiya və digər dövlətlərdən bu siyasətə dəstək verə biləcək vətəndaşların da iştirak edəcəyini bildirirlər.
Strasburqda AŞPA-nın binası qarşısında keçirilən son aksiyada Elşad Abdullayev öncədən “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi” təşkilatının, separatçı “DQR” və “TMR”in nümayəndələri ilə birlikdə olub. Belə ki, müşahidələrə əsasən, onu da qeyd etmək lazımdır ki, Elşad Abdullayevin əsas hədəfi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” adı altında keçirilən aksiyalarda iştirak edənlərin sayının həddindən artıq çox olduğunu dünyaya göstərməkdən ibarətdir. Bu mənada gerçəkdən Azərbaycanı sevən və mühacirətdə yaşamaq məcburiyyətində olan vətəndaşlar, həqiqətən də, Qabil Rzayevin, Elşad Abdullayevin və Ataxan Əbilovun kim olduqlarını çox yaxşı dərk edirlər. Beləcə öz şəxsi problemlərinin fonunda Elşad Abdullayev Azərbaycana qarşı separatçı mövqedə olanları, onlara dəstək verənləri və fərariləri maliyyəlşdirməklə bu dəfə hansı mövqelərə qədər yüksəldiyini nümayiş etdirmək taktikasını seçib.
Elşad Abdullayevin intiqam
almaq hədəfləri

O, Azərbaycandakı prezident seçkiləri ərəfəsində ölkədə yaranmış siyasi aktivliyi nəzərə alaraq hərəkət edir. O, özünün maraqlarını təmin etmək üçün digər tərəfdaşları ilə birlikdə bu prosesdə iştirak etməyi hədəf seçib.
Beləliklə, hakimiyyətdəki məmurlarla açıq səviyyədə döyüşə qatıldığını belə gizlətməyən E.Abdullayev hətta Berlində “Meydan TV” kanalının yaradılması təşəbbüsünü müdafiə edib. Bu TV kanal əslində Elşad Abdullayevin intiqam tribunasına çevriləcək. Hətta bu TV kanalda Qabil Rzayev, Ataxan Əbilov, Telman Kazımov, Fərhad Axundov, Elnur Məcidli, Coşqun Feyzullazadə, Surxan Lətifov kimi siyasi mənşəyi şübhəli olanlar belə, xüsusi pqoqram layihələri hazırlamağa başlayıblar. Əldə etdiyimiz məlumatlara görə, “Meydan TV” layihəsi əsasında Elşad Abdullayev həm də Azərbaycanda TV kanalın şəbəkələrini yaratmağa başlamışdır. Beləliklə, E.Abdullayev Azərbaycan cəmiyyətinin aktiv kəsiminin əsas diqqətinin onun TV kanalına yönəldilməsi taktikasını seçib.
Azərbaycanda insan haqları, hüquq və azadlıqların qorunmasını bəhanə edərək Elşad Abdullayev özü üçün reabilitasiya statusunu əldə etmək üçün daha irimiqyaslı hücumları hədəfə alıb. Onun fəallaşma cəhdlərini nəzərə alaraq separatçı qüvvələr bu prosesdən istifadə etməyi hədəf seçmişlər. Avropadakı “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi”, “TMR” və “DQR”in Avropa üzrə nümayəndəlikləri də Azərbaycanda siyasi azadlıqların, milli azlıqların hüquqlarının tanınması, hətta onlara konstitusiyada olduğundan da yüksək səviyyədə hüquqların verilməsi kimi şərtlər daxilində Elşad Abdullayevə dəstək verdiklərini bildiriblər.
Şəxsi intriqa və iddalarının əsirinə çevrilən Elşad Abdullayev indi də antiazərbaycan siyasətində yer almağa başlayıb.

İmran QASIMOV,
Almaniya, Berlin şəhəri,
(Xüsusi olaraq “Təzadlar”
qəzeti üçün)




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info