“El” və “ziyalılar forumu” bir-birilərini təkzib edirlər”
Tarix: 02.05.2013 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


“Xalqa yol göstərmək iddiasında olan “el” və “ziyalılar forumu” bu gün ciddi konfliktdədirlər”

“Siyasi iddialarını ziyalılıq pərdəsi altında qurmaq istəyənlər gec-tez özlərinin əsl simalarını göstərmiş olurlar”


Müxalifət düşərgəsində təmsil olunan qruplar və tərəflər arasında müxtəlif məsələlərə görə ziddiyyətlər baş alıb gedir. Bu ziddiyyətlər seçki yaxınlaşdıqca daha da çeşidlənir və artır. Belə ziddiyyətlər isə həm də “ziyalılar forumu” ilə Eldar Namazovun yaratdığı “el” qurumu arasında dərinləşməkdədir.
Belə ki, əvvəlcə Namazov “el” adlı siyasi qurum yaratdığını elan edəndə, bu, prosesləri izləyənlərdə bir qədər qəribə və təzadlı təsir bağışlamışdı. Belə ki, əvvəlcə “ziyalılar forumu”unda təmsil olunan, daha sonra isə “el” adlı qurum yaradan, bundan sonra da “milli şura”da təmsil olunmaq iştahasına düşən Namazovun bu cür mövqe səbatsızlığı bir sıra suallar doğurmuşdu. Namazov “el” qurumunu yaradanda həm də onu “ziyalılar forumu”nun siyasi qanadı kimi təqdim etməyə çalışırdı və bu məsələdə “ziyalılar forumu”nun adını manipulyasiya etməyə cəhd edirdi. Bu isə “ziyalılar forumu”nda təmsil olunan digər tərəfləri qıcıqlandırırdı və indi də qıcıqlandırmaqdadır. Belə ki, “ziyalılar forumu”nda təmsil olunan Rafiq Əliyev, Cəmil Həsənli və digərləri “el”lə və Namazovla buna görə ədavətə giriblər. Onlar açıq bir şəkildə “el” və Namazovun “ziyalılar forumu”nun adından yararlanmasına qarşı çıxırlar. Rafiq Əliyev bu barədə açıqlamasında əsəbi bir şəkildə Namazovun bu cür “təqdimat”larını inkar edib və bildirib ki, “ziyalılar forumu” “hər hansı bir kəsin” qrupu deyil: “Yazmışdılar ki, “ziyalılar forumu”nun siyasi qanadı yaradılır. Bu söz məni çox tutdu. Bu, dürüst olmayan informasiya idi. “El” yarananda jurnalistlərə üzümü tutub dedim ki, siz Allah bir az dürüstlüyə fikir verin, sensasiyaya yox. “Ziyalılar forumu”nun iki qanadı var: biri elm, biri də sənət, ədəbiyyat, poeziya, jurnalistika. Başqa qanadımız isə yoxdur. İstəyirəm onu biləsiniz, biz heç nə yaratmamışıq. Mən də, dostlarım da bunu həmişə demişik, bizim “el”ə aidiyyətimiz yoxdur, olmayıb. Eyni zamanda “el”in “ziyalılar forumu”ndan yarandığı fikri ilə də razı deyiləm”.
Göründüyü kimi, bu fikirlər Namazovun “ziyalılar forumu”nun adından yararlanmasına qarşıdır və açıq-aşkar Namazova etirazdır. Həmçinin buradan bir daha onu sezmək mümkündür ki, “ziyalılar forumu” ilə “el” arasındakı ziddiyyətlərdən başqa “ziyalılar forumu”nun öz daxilində də çatlar yaranıb. Burada da ixtilaflar mövcuddur. Belə ki, Rafiq Əliyev-Cəmil Həsənli qanadı ilə Rüstəm İbrahimbəyovun şəxsi üm-küsülərdən və mənfəətpərəstlikdən alovlanmış siyasi təşkilatlanmaya meyil edən qolu arasında bu qarşıdurma açıq görünür...
Bu mövzuda “Palitra”ya fikirlərini bildirən politoloq, millət vəkili Aydın Mirzəzadə belə qeyd etdi: “Bu iki qrupun müxtəlif adlarla qurmağa çalışdıqları oyun özləri üçün xoşagəlməz bir nəticə ilə sonuclanıb. Sonda bu tip strukturlarda təmsil olunanların sadəcə bir məclisdən öz siyasi məqsədləri üçün istifadə etmək niyyəti ortaya çıxır. Eldar Namazov “ziyalılar forumu”nun adının hallanmasından istifadə edərək siyasi təşkilat yaratdığını elan edir. Rüstəm İbrahimbəyov isə “müxalifətin xaç atası” roluna iddia edir. Digərləri isə həm inkişaf, həm də seçkilərlə bağlı özlərinin şəxsi, bu adlarıçəkilənlərlə ziddiyyət təşkil edən mövqelərini ortaya qoymaq istəyirlər. Bir sözlə, “ziyalılar forumu”ndan əslində kimlərinsə siyasi bir tramplin kimi istifadə etməyə çalışdığı gün kimi aydın idi. Verilən bəyanatlar və hansısa müzakirələr də sadəcə olaraq yalançı imic yığmaq və qarşıdan gələn seçkilərdə səs toplamaq istəyindən irəli gəlirdi. Təsadüfi deyil ki, Eldar Namazov tərəfindən yaradıldığı elan edilən “el”adlı qurum öz sıralarına yeni heç kəsi yığa bilmədi. Bu qurum yenə də müxalifətin sosial bazasına müraciət etdi, cəmiyyətdə vaxtilə siyasətdə olmuş və siyasi uğursuzlar kimi tanınan insanlara müraciət edirlər, amma burada da ziddiyyətlərə və uğursuzluqlara düçar olurlar. Xalq adından çıxış etməyə çalışan və xalqa yol göstərmək iddiasında olan həmin iki qrup – “el” və “ziyalılar forumu” bu gün bir-birilə ciddi konfliktdədir. Onlar verdikləri müsahibələrdə bir-birilərini təkzib edir, bir-birilərinin fikirlərinə hörmətsizlik nümayiş etdirirlər. Onlar vaxtilə “ziyalılar forumu” adlı bir qurumda təmsil olunduqlarını “unudurlar”. Politoloqun fikrincə, bütün bunlar isə ondan irəli gəlir ki, siyasi iddialarını ziyalılıq pərdəsi altında qurmaq istəyənlər gec-tez özlərinin əsl simalarını göstərmiş olurlar: “Əslində heç ziyalıları təmsil etməyən şəxslər adi, elementar məsələlərə cavab tapa bilmədiklərini, cəmiyyətin inkişaf məsələlərində susqunluq nümayiş etdirdiklərini də görürlər. Vaxtaşırı onların adları hansısa bir kölgəli məsələdə, yaxud da erməni millətçiləri ilə birgə əlaqədə hallanır. Rüstəm İbrahimbəyovun erməni işğalına haqq qazandırması, erməni rejissorla film çəkməsi, antimilli Əkrəm Naibovun “ziyalılar forumu"nda təmsilçiliyi, Namazovun eyni zamanda digər müxalifət nümayəndələrinə yönəlmiş tənqidlər səsləndirməsi hamısı “ziyalılar forumu”nun maskalanmış bir siyasi dərnək olduğunu ortaya çıxarır”.
Millət vəkili düşünür ki, qeyd edilənlərdən başqa artıq ənənəvi müxalifətin özü də “ziyalılar forumu”nun onlara alternativ olduğunun fərqinə varır: “Bir vaxtlar özlərinin qəzetlərini və tribunalarını “ziyalılar forumu”nun təbliğ edilməsinə həsr edənlər, bu təbliğata şərait yaradanlar hazırda “ziyalılar forumu” və “el” qurumunun antitəbliğatını aparırlar, onlara qarşı informasiyalar yerləşdirirlər”.
Politoloq dedi ki, ənənəvi müxalifət indi də “el” və “ziyalılar forumu”nu ciddi tənqid atəşinə tutur...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır
28.11.2020
Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
28.11.2020
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb-VIDEO
28.11.2020
Restoran, bərbərxana və gözəllik salonları şənbə və bazar günləri işləməyəcək
27.11.2020
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info