Ukraynadakı münaqişə ilə bağlı yeni plan: Surkov-Volker görüşü nəyi dəyişəcək?
Tarix: 18.08.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın təyin etdiyi xüsusi nümayəndə Kurt Volker:
“ABŞ və Fransada baş verən siyasi dəyişikliklər və Rusiyada gələn il keçiriləcək prezident seçkilərinin yaxınlaşması bizə “normand formatı”ndan kənar yeni “pəncərə” açır”

Postsovet məkanındakı münaqişə ocaqlarından biri olan Donbasla bağlı məsələ ABŞ-Rusiya müzakirələrində əsas yerlərdən birini tutur. Faktiki olaraq Ukrayna Rusiya ilə Qərbin konfrontasiyasının əsas təmas xəttinə çevrilib. NATO-nun genişlənmə planı Ukraynanın ərazi bütövlüyünün pozulması ilə nəticələnib.
Tərəflər arasında silahlı toqquşmaların olması, hərbçilərin üz-üzə dayanması Donbasla bağlı məsələnin Rusiya-NATO münasibətlərindən asılı olduğunu göstərir. Ukraynanın ərazi bütövlüyü məsələsi böyük güclərin oyununda alətə çevrilib. Rusiyanın Belarusla birlikdə gələn ay keçirməyi planladığı irimiqyaslı hərbi təlimlər bölgədə vəziyyəti yenidən gərginləşdirəcək. Yaxın günlərdə Rusiya və ABŞ-ın Ukrayna üzrə nümayəndələri Vladislav Surkovla Kurt Volkerin görüşü gözlənilir. Rusiya mətbuatı yazır ki, payızda bu regionla bağlı vəziyyət həmin görüşün nəticəsindən asılı olacaq. Ukrayna tərəfini narahat edən məsələ təkcə hərbi təlimlər deyil. Moskva Ukrayna ilə sərhəddə yeni hava-hücumundan müdafiə sistemləri yerləşdirməyi planlaşdırır. Rusiyanın Belarusla birlikdə keçirməyi planladığı hərbi təlimlərin qorxusunu təkcə Kiyev yaşamır. Qonşu Polşa da təlimlərdən narahatlığını açıq şəkildə etiraf edib. Ukraynanın müdafiə naziri Stepan Poltoranın Varşava səfərində əsas müzakirə mövzusu da elə Rusiyanın keçirməyi planladığı hərbi təlimlər olub. Bu məsələlərlə bağlı ABŞ-ın yeni administrasiyası ilə ilk ciddi danışıq Manilada keçirilən ASEAN toplantısında olub. Tillerson və Lavrov həmin görüşdə razılaşdırıblar ki, Rusiya dövlət başçısının köməkçisi Surkovla Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker arasında danışıqlar davam etdirilsin. Hələlik görüşün vaxtı və yeri haqqında rəsmi məlumat yoxdur. Amma mətbuata sızan məlumatlara görə Rusiya tərəfi Volkeri Kalininqrada dəvət edib. Ağ Ev isə görüşü Avstriya və ya İsveçrədə keçirməyi təklif edib. Politoloq Aleksey Çesnakov isə sosial şəbəkədə yazıb ki, görüş Minsk şəhərində baş tutacaq: “Bu, Moskva üçün yaxşı kompromisdir. Minsk Rusiya üçün doğma yerdir. Həm də Kalininqrada yaxındır. Amerikalılar üçün də güzəşt o qədər də böyük olmayıb, sadəcə bir saat artıq uçacaqlar”. İyulun 7-də Ukrayna üzrə xüsusi nümayəndə təyin edilən Volker artıq iki dəfə Ukraynada olub. O, Kiyevi və Donbası ziyarət edib. Daha sonra Avropa paytaxtlarında görüşlər keçirən Volker hesab edir ki, Donbasdakı münaqişə dondurulmuş deyil. “Le Monde” nəşrinə müsahibə verən Volker maraqlı açıqlama edib: “ABŞ və Fransada baş verən siyasi dəyişikliklər və Rusiyada gələn il keçiriləcək prezident seçkilərinin yaxınlaşması bizə “normand formatı”ndan kənar yeni “pəncərə” açır”. Yeni “pəncərə”nin nə olduğu bəlli deyil. Güman ki, bu məsələyə Surkovla görüşdən sonra aydınlıq gələcək. ATƏT-in xüsusi monitorinq missiyasının rəhbərinin müavini Aleksandr Xuq isə Donbasdakı təmas xəttində yeni hərbi texnikalar müşahidə etdkilərini deyib. O, ərazidəki müşahidə məntəqələrinin sayını artıracaqlarını bəyan edib. Amma rəsmi Kiyev missiyanın fəaliyyətindən narazıdır. Ukrayna beynəlxalq sülhyaratma missiyasının formalaşdırılmasını tələb edir. Onların bu məsələ ilə bağlı BMT-də qaldırdığı məsələ Moskva tərəfindən veto edilib. Kreml hesab edir ki, belə bir missiyanın formalaşması danışıqların bazasını təşkil edən Minsk razılaşmasında nəzərdə tutulmayıb. Beləliklə, Ukrayna ərazisində yaradılan bu münaqişədə hadisələrin sonrakı inkişaf istiqamətləri taktiki baxımdan Surkov-Volker görüşündən asılı olsa da, strateji baxımdan ABŞ-Rusiya münasibətlərindən asılıdır. Amma fakt budur ki, Ukrayna Rusiya ilə Qərbin mübarizəsində əsas qurbanlardan birinə çevrilib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info