“Azərbaycanda azad media mühiti mövcuddur”
Tarix: 02.05.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Jurnalistlər üçün tikilən ev şəffaf şəkildə Prezident tərəfindən Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olanlara paylanacaq”

KIVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda tədbir keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin açılışında Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi barədə məlumat verib.

“Media azadlığını təmin etmək siyasətini dövlətin yürütdüyü siyasətin əsas prioritet vəzifəsi kimi ortaya qoymuşuq”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycanda 20 illik müstəqillik illərində bir neçə sahədə inkişafın bünövrəsi qoyulub ki, bunlardan biri də cəmiyyətdə informasiya azadlığının təminatıdır: "Bu məsələlərdən biri də demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralistik zəmində media, mətbuat, cəmiyyət həyatında informasiya azadlığının təminatıdır. Hər üç fəaliyyət bir-birilə bağlıdır. Demokratik dövlət mütləq şəkildə öz həyatında ictimai-siyasi proseslərin mövcudluğunu ehtiva edir. Hakimiyyət uğrunda yarış formalaşmalı, vətəndaş təşəbbüslərini həyata keçirən qeyri-hökumət təşkilatları mövcud olmalıdır, onlar dövlətin gördüyü və ya görə bilmədiyi işlərə vətəndaş təşəbbüslərini əlavə etməlidirlər. O cümlədən, cəmiyyət həyatında gedən bütün prosesləri azad şəkildə müzakirəyə çıxaran media, azad internet olmalıdır. Bütövlükdə medianın vəzifəsi, vətəndaş cəmiyyəti quruculuğunun məğzi budur".
Onun sözlərinə görə, Azərbaycanda media tarixinə qızıl hərflərlə yazılmış və bütün dövrlərdə jurnalistikamızın yaddaşına həkk olunmuş senzuranın ləğv olunması 1998-ci ildə avqustun 6-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə həyata keçirilib: "Bu, artıq Azərbaycan mediasının gələcək inkişafının əsasında dayanıb. Həmin fərmanda demokratik dünya ölkələrində artıq özünü təcrübədən keçirmiş media azadlığı, siyasi plüralism prinsipi və jurnalist fəaliyyətinin demokratik tənzimləməsi məsələləri əksini tapıb. Biz o dövrdən başlayaraq Azərbaycanda media azadlığını təmin etmək siyasətini Azərbaycan cəmiyyətinin, dövlətinin yürütdüyü siyasətin əsas prioritet vəzifəsi kimi ortaya qoymuşuq. Biz düşünsək ki, 1998-ci ildən bu günə qədər media sahəsində bütün problemlər həll olunub, təkcə həmin fərmanla hər şey aradan qalxıb, biz tam şəffaf və tam problemsiz media mühiti yaratmışıq, əlbəttə, belə deyil. Bu, ədalətsizlik olardı. Hesab edin ki, biz o senzura "buzunu" əridəndən sonra cəmiyyətdə nə yaranır? Böyük göl yaranır, o gölün icində azad jurnalistika mühitinə düşmüş jurnalistlər üzür, onun içində əhali ilə onların münasibətləri, məmurlarla jurnalistlərin münasibətləri, mətbuatla cəmiyyətin münasibətləri formalaşır. Bir növ mətbuatla cəmiyyət üz-üzə qalır. O vaxta qədər mətbuatla senzura üz-üzə idi. Senzura lazım olmayanı oradan çıxarırdı, lazım olanı buraxırdı. Amma 1998-ci ildən sonra biz media ilə cəmiyyəti üz-üzə buraxırıq. Media ilə cəmiyyəti üz-üzə buraxanda nə olur? Mediada hamı savadlı, təhsilli jurnalist deyil. Hamı məsuliyyətli, cəmiyyətin etik normalarını, jurnalistin davranış normalarını eyni səviyyədə əxz etmiş və əməl edən insan deyil. Hər bir insanın jurnalistikaya, azad sözə, yaradılmış şəraitə, senzuraya münasibəti də fərqlidir.
Bununla bağlı cəmiyyətdə mühüm problemlər yarandı. 1998-ci ildən sonra nə qədər məhkəmə prosesi yaşandı? Nə qədər jurnalist həbs olundu? Nə qədər jurnalist ayrı-ayrı insan tərəfindən onlara qarşı fiziki güclə üzləşdi. Bu, qaçılması mümkün olmayan bir proses idi və biz bunu yaşamalı idik. Cox şükür ki, bu məsələlər getdikcə rəvan məcraya düşür".

“Heç bir jurnalist informasiyanı toplamaq və yaymaq hüququndan məhrum olduğunu iddia edə bilməz”

PA rəsmisi qeyd edib ki, artıq getdikcə bu sahədə inkişaf öz tendensiyalarını formalaşdırır.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, ümumi tendensiya ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin iradəsi azad sözü, azad media mühitini formalaşdırılmaq, jurnalistləri getdikcə peşəkar etməkdir. Ə.Həsənov deyib ki, bəzi beynəlxalq təşkilatların iddia etmələrinə baxmayaraq, Azərbaycanda, sözun həqiqi mənasında azad media mühiti mövcuddur: "Heç bir jurnalist informasiyanı toplamaq və yaymaq hüququndan məhrum olduğunu iddia edə bilməz. Eyni zamanda, qəzetlər və internet portalları onların fəaliyyətinə bu və ya digər dərəcədə qadağa qoyulması, fəaliyyətinin dayandırılması cəhdlərinin olduğunu iddia edə bilməzlər". Ə.Həsənovun sözlərinə görə, dünya ölkələrində baş verən jurnalistlərə hücum edilməsi, döyülməsi və məhkəməyə verilməsi halları Azərbaycanda da yaşanır: "Biz bunlardan xali deyilik və iddia da etmirik ki, bizim cəmiyyət bütün bu problemlərdən xilas olub. Ancaq bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri artıq Azərbaycan cəmiyyətində oturub. Bu da ondan ibarətdir ki, Azərbaycanda media mövcuddur. Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən bütün insanlar onunla məşğul ola bilərlər. Jurnalistlər istənilən hadisə barədə məlumatları toplayaraq onu yaya bilərlər. Onun yayılması zamanı heç bir senzura ilə rastlaşmayacaqlar. İnformasiya yayılandan sonra da həmin insanlara qarşı heç bir qeyri-qanuni tədbir görülməyəcək. Əgər görüləcəksə də, həmin qeyri-qanuni tədbir görənə qarşı dövlət də tədbir görəcək".

“Müxalifyönlü mətbuat iqtidarın siyasətini
qaralamağa çalışır və heç bir müsbət tendensiya göstərmir”


PA rəsmisi bildirib ki, Azərbaycan mediasına fərqli, subyektiv mülahizələrlə qiymət verməyə çalışan daxili və xarici qüvvələr var. Ancaq bunlara da həqiqəti çatdırmaq lazımdır. Ə.Həsənov əlavə edib ki, media qarşısında duran bütün vəzifələr həll edilməyib. PA rəsmisinin sözlərinə görə, qarşıda duran vəzifələri 4 istiqamətdə qruplaşdırmaq olar. Bunlardan birincisi, medianın siyasiləşmə tendensiyasından qurtulmasıdır. Azərbaycanda bu gün media siyasi düşərgələr əsasında qruplaşıb. İqtidaryönlü, müxalifətyönlü, müstəqil və reket mediası var.
Reket mediasının son dövrün əsas problemlərindən birinə çevrildiyini deyən Ə.Həsənov qeyd edib ki, bu mediada toplaşanların niyyətləri insanları təhdid etməklə bu və ya digər məqsədlərinə nail olmaqdır. İqtidaryönlü mətbuat isə iqtidarın siyasətinin yalnız yaxşı tərəflərini görməyə çalışır və cəmiyyətə bunu təlqin edir. Müxalifyönlü mətbuat iqtidarın siyasətini qaralamağa çalışır və heç bir müsbət tendensiya göstərmir. Azərbaycanda müstəqil media nümunələri də var və yaranmaqdadır. Ə.Həsənov deyib ki, əgər bir Azərbaycan jurnalisti Mətbuat Şurasının qəbul etdiyi əxlaq normalarını, jurnalistin davranış normalarını qəbul etmirsə, ona jurnalist deyilə bilməz. Belələrini jurnalistlərin siyahısından çıxarmaq lazımdır. Bununla da həmin insanlar jurnalistlərin müdafiə sistemindən məhrum olacaqlar: "Bu jurnalistlər ya qəbul edilmiş əxlaq normalarına tabe olmalıdırlar, ya da biz diffamasiya mühiti yarada bilməyəcəyik. Bu, həm də peşəkarlıq tələb edir. Hər bir jurnalist məlumatın necə toplanmasını, necə yayılımasını və tərəflərin mövqelərinin necə verilməsini bilməlidir".

“Reket jurnalistikadan kütləvi şəkildə
qurtulmaq lazımdır”


PA rəsmisi təklif edib ki, Azərbaycanın qocaman jurnalistlərinin təcrübəsindən istifadə etmək, Mətbuat Şurasında və redaksiyalarda jurnalist peşəkarlığını artırmaq üçün kurslar açmaq olar. Ə.Həsənov dövlətin bu məsələlərə maliyyə vəsaiti ayırmağa hazır olduğunu da söyləyib. O, deyib ki, jurnalistikanı nüfuzdan salan əsas problemlərdən biri reket jurnalistikasıdır: "Əsas məsələ reket jurnalistikasından birdəfəlik qurtulmaqdır. Bu proseslərə daxil olan insanların sayı Azərbaycandakı bugünkü peşəkar jurnalistlərin sayına bərabərdir. Bu insanlardan kütləvi şəkildə qurtulmaq lazımdır". Onun sözlərinə görə, bütün dünyada medianın çiçəklənməsi onun maddi-texniki bazasının gücləndirilməsi yoli ilə gedir: "Mən hələ media ictimaiyyətindən həyata keçirilməsi mümkün olan sistemli təkliflər almamışam. Əgər belə təklifləri formalaşdırmaq mümkündürsə, gəlin, Mətbuat Şurasında baş redaktorlarla birgə yığışaq. Mən bu sahədə sizi dəstəkləməyə hazıram".

“Jurnalistlər üçün tikilən evdən bir nəfər də olsun bu və ya digər subyektiv mülahizələrlə ev almayacaq”

Ə.Həsənov, həmçinin çıxışında bildirib ki, Azərbaycan Prezidenti ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində sözün həqiqi mənasında inqilabi addım adıb: "Azərbaycan Prezidentinin qəbul etdiyi Azərbaycan Mediasına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaratdığı KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu, hər il şəffaf şəkildə həm mediaya birdəfəlik yardımlar, həm onlara illik qrantlar verilməsi, həm də jurnalistlər arasında müsabiqələrin keçirilməsi, onların mükafatlandırılması, jurnalistlərə binanın tikilməsi, bunların hamısı şəffaf şəkildə həyata keçirilir. İnanın, mən sizin qarşınızda söz verirəm. Jurnalistlər üçün tikilən evdən bir nəfər də olsun bu və ya digər subyektiv mülahizələrlə ev almayacaq. Jurnalistlər üçün tikilən ev şəffaf şəkildə Prezident tərəfindən Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olanlara paylanacaq. Burada üç prinsip nəzərə alınacaq - jurnalistin xidməti, haqqı və ehtiyacı. Əgər xidməti olanların sayı mini keçəcəksə, biz onların içindən haqqı olanları arayacağıq. Əgər onun da sayı mini keçəcəksə, həm də ehtiyacı olanları arayacağıq. Yəni faktiki olaraq 3 meyarı cəmləşdirməklə bu evlər jurnalistlərə paylanacaq". PA rəsmisinin sözlərinə görə, jurnalistlər üçün bu qayğını göstərən Prezidentin ölkəsinə, hakimiyyətinə "media azadlığı pozulur", "jurnalistlər incidilir", "jurnalistlər həbsə atılır" sözlərini demək olarmı? Əlbəttə, olmaz: "Hansı hökumət başçısı istəyər ki, onun ölkəsində jurnalistlər təqib olunsun, məhkəməyə verilsin, onlarla bağlı problemlər yaşansın? Heç bir ölkə rəhbəri bunu istəməz. Azərbaycan Prezidenti, ümumiyyətlə belə hallardan uzaqdır. Ona görə də bugünkü siyasətin məğzi həm maddi, həm sosial, həm də yaradıcılıq cəhətdən Azərbaycan jurnalistikasına hər cür şərait yaratmaqdır. Biz mediamıza elə şərait yaratmalıyıq ki, o özünü inamlı hiss eləsin, kimdənsə asılı olmasın. İstedadlı jurnalist qələminə güvənsin ki, bu qələmlə hansı media orqanının qapısını açsa, onu orada qəbul edəcəklər. Onun qələmi xalqına, dövlətinə, millətinə, azad jurnalistikaya, yaradıcılıq mühitinə xidmət edəcək. Bax, biz belə jurnalistikanı arzulayırıq. Əgər ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda senzuranı ləğv etməklə azad Azərbaycan mediasının təməlini qoyaraq bir addım atdısa və media tarixində əbədi həkk olundusa, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan mediasına dövlət qayğısının şəffaflaşdırılması sahəsində inqilabi addım atdı. Mən əminəm ki, sağlam jurnalistika dövlətin yürütdüyü bu siyasətə adekvat reaksiya verəcək, münasibət bəsləyəcək və qeyri-sağlam jurnalistikanı özləri öz aralarında tənbeh edəcəklər".




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
KOBİA ölkədəki maliyyə qurumları ilə sıx əməkdaşlıqda maraqlıdır
14.11.2019
Almaniyada həbs olunan azərbaycanlı müxalifətçilər barədə yeni faktlar
14.11.2019
İstifadəçilər “İnstagram“dakı nasazlıqlardan şikayət edirlər
13.11.2019
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13.11.2019
Türk hərbçilərin Suriyada azad edilən ərazilərdə mina təmizləmə fəaliyyətləri davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info