ABŞ-Cənubi Koreya birgə təlimi nəyə hesablanıb?
Tarix: 22.08.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Çinin narazılıq bildirdiyi təlimləri Şimali Koreya "işğalın məşqi" kimi dəyərləndirib
“ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimləri Koreya yarımadasında yaşanan gərginlik səviyyəsinin yüksəlməsinə təkan verə bilər”.
Belə bir bəyanatla Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin çıxış edib. Xatırladaq ki, ötən gün ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb. “Koreya yarımadasındakı hərbi təlimlər mövcud vəziyyətin yaxşılaşmasına heç bir töhfə verməməklə yanaşı, həm də tərəflər arasında danışıqlara mənfi təsir göstərə bilər”-deyə Xua Çunin bildirib. Siyasətçi xanım ABŞ və Cənubi Koreya ilə yanaşı, digər tərəfləri də konstruktiv addımlar atmağa səsləyib. Qeyd edək ki, birgə keçirilən hərbi təlimlərə Cənubi Koreyanın 50, Amerikanın isə 17,5 min hərbçisi cəlb edilib. Bir müddət bundan əvvəl, ABŞ və Cənubi Koreyanın Şimali Koreyaya təsir güclərini göstərmək üçün təlimlərə nüvə silahı ilə təchiz edilmiş sualtı qayıq və təyyarə daşıyan gəmilərin də qatılacağı bildirilsə də, hələ ki, bunların reallaşması barədə heç bir məlumat yoxdur. Rəsmi şərhlərə görə, təlim daha çox müdafiə, “Koreya yarımadasında döyüş hazırlığını artırmaq, regional təhlükəsizlik və sabitliyin qorunması”na xidmət edən təlim kimi dəyərləndirilir. Qeyd edilməlidir ki, hələ ki, təlimlərə passiv müşahidəçilik edən Şimali Koreya rəhbərliyi müştərək təlimləri "işğalın məşqi" adlandırıb. Onlar bu təlimləri KXDR-də daha çox qıcıq yaratmağa hesablanmış addım kimi dəyərləndirirlər. Ötən həftə Cənubi Koreyanın Müdafiə Nazirliyi ABŞ və Şimali Koreya arasında qarşıdurma fonunda özünün fəaliyyət planını açıqlamışdı. Pxenyan isə ABŞ-ın iki hərbi bazasının da yerləşdiyi Quam adasına ballistik raket zərbəsi endirməklə təhdid etmişdi. ABŞ və Cənubi Koreya israrla keçirilən təlimlərin müdafiə xarakteri daşıdığını iddia etsə də, Şimali Koreya rəhbərliyi bütün bunların "fəlakətli" nəticələrlə sonuclana biləcəyi xəbərdarlığını edir. Pxenyan, əminliklə, təlimlərin başlıca məqsədi kimi, Şimali Koreya ərazisinin işğalını test etmək olduğunu bildirir. Onlar əsas kimi isə bu təlimlərin ötənilki təlimlə müqayisədə daha genişmiqyaslı olduğunu önə çəkirlər. Qeyd edilməlidir ki, 1950-1953-cü illərdəki Koreya müharibəsindən sonra yalnız bir, o da formal xarakter daşıyan sülh müqaviləsi imzalanıb. Eyni zamanda, Şimali Koreyanın ABŞ-la sülh müqaviləsi imzalamaq istiqamətində etdiyi bütün cəhdlər boşa çıxıb. İraqın taleyini yaşamaqdan ehtiyat edən Pxenyan nüvə və raket proqramlarını intensiv inkişaf etdirmək yolunu tutub.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info