Tikinti tələbatının ödənilməsində Naxçıvan Sement Zavodunun xüsusi rolu var
Tarix: 22.08.2017 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Muxtar respublikada tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil çoxalır. Dövlətimizin iqtisadi qüdrətinin artması, əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində tikinti sektorunda, fərdi yaşayış evlərinin inşasında böyük canlanma müşahidə olunmaqdadır. Tikinti sektorunda ən çox tələbat duyulan inşaat materiallarından biri də sementdir. Uzun müddət bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Bu da, təbii ki, dövlət büdcəsindən külli miqdarda vəsaitin xaricə çıxmasına, nəqliyyat xərclərinin çoxalmasına, görülən işlərin qiymətinin artmasına və vaxt itkisinə səbəb olurdu.
2009-cu ildə Naxçıvan Sement Zavodunun inşa edilməsi ilə muxtar respublikada bu sahədə köklü dəyişikliklər baş verib. Müəssisənin inşasından əvvəl mütəxəssislər təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işləri aparıblar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonu ərazisində yeni Sement Zavodu tikilib. Nəticədə, muxtar respublikada investisiya qoyuluşuna görə son illərin ən böyük layihələrindən biri reallaşdırılıb.
Zavodun yerləşdiyi ərazidə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları tikilib. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılıb. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilib. Naxçıvan Sement Zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir. Zavod müasir standartlara cavab verir. Müəssisənin ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, 40 hektar ərazidə 18 mindən çox müxtəlif növ ağac əkilib. Müəssisənin ətraf mühitə mənfi təsirinin azaldılması da diqqət mərkəzində saxlanılıb, burada dünya standartlarına cavab verən avadanlıqlar quraşdırılıb. Hazırda 19 əsas istehsal mərhələsindən ibarət olan zavod tam gücü ilə işləyir. Müəssisənin gündəlik istehsal gücü 800 ton klinkerə və 1300 ton sementə çatır. Zavod xüsusilə tikinti-quruculuq işlərinin sürətli gedən dövrlərində tələbatı ödəmək məqsədilə daha çox məhsul istehsal etməyə çalışır. Bunun üçün burada fasiləsiz üçnövbəli iş rejimi tətbiq olunur. Konveyer üsulu ilə işləyən müəssisədə texnoloji proseslərə ciddi əməl olunur. Zavodda “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin edilir, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac olmur və demək olar ki, iki dəfəyə yaxın az yanacaq istifadə olunur. Bundan əlavə, bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da, öz növbəsində, sobanın məhsuldarlığını artırır. Bu son texnologiya çox az müəssisədə tətbiq olunub. Burada istehsal edilən sement keyfiyyətinə görə muxtar respublikaya idxal olunan müvafiq məhsuldan dəfələrlə üstündür. Müəssisədə istifadə edilən bütün xammal növləri və qatqılar, o cümlədən əhəngdaşı, mergel, dəmirli gil, qabro, gips muxtar respublikanın Kəngərli, Şərur və Babək rayonlarındakı mədənlərdən əldə olunur. Zavoda daxil olan xammal müxtəlif mərhələlərdən keçərək kiçik ölçülərdə doğranır və qarışıqlarla birlikdə 1400-1600 dərəcə istidə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb müxtəlif ölçüdə kisələrdə qablaşdırılır, “Naxçıvan sement” əmtəə nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb. Qeyd edək ki, bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir.
Beynəlxalq ekspertlər qiymətləndirmə zamanı zavodda quraşdırılan avadanlığın və keyfiyyətə nəzarət cihazlarının müasirliyi, əməyin və ətraf mühitin mühafizəsinə maksimum həssaslıqla yanaşılmasını əsas götürürlər. Zavodda istehsal xəttinə daxil olan xammal, qatqı maddələri, istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada həyata keçirilir. Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Həmin analizlərin nəticələri zavodun arxivində saxlanılmaqla yanaşı, istehlakçılara da təqdim olunur. Məhsulun qiymətinin ucuzluğu inşaat işi aparan ayrı-ayrı şirkətlər və fərdi alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Zavod sifarişləri vaxtında yerinə yetirmək üçün Naxçıvan şəhəri və ətraf rayonlara daşıma servislərini də həyata keçirir. Müəssisənin yüksək keyfiyyəti ilə seçilən məhsulları ölkəmizin digər bölgələri ilə yanaşı, Gürcüstanda da satışa çıxarılıb. Naxçıvan sementi ən yüksək texniki göstərici olan “CEMI 42,5N” və “CEMI 52,5N” indeksli marka ilə istehsal olunur. Zavodun məhsulundan hazırlanan beton yüksək möhkəmliyi, aşınmaya, isti və soyuğa qarşı davamlılığı ilə seçilir. İnsan amili və keyfiyyətin başlıca meyar kimi götürüldüyü müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına da ciddi diqqət yetirilir.
Görülən işlərin miqyası və çoxşaxəliliyi bir daha onu göstərir ki, Naxçıvan ümummilli lider Heydər Əliyevin görmək istədiyi bir diyara çevrilib və blokadada olmasına, bütün çətinliklərə rəğmən inkişaf edir, çiçəklənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Hələ hakimiyyətinin ilk illərindən bölgələrin inkişafı olmadan Azərbaycanın inkişafının mümkün olmadığını bildirən dövlətimizin rəhbəri tövsiyə etmişdir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf etməli, hər bir rayon mərkəzi müasir standartlara cavab verməli, genişmiqyaslı abadlıq işləri aparılmalı, yollar, körpülər salınmalı, sosial obyektlər tikilməli, insanların gündəlik həyatında müsbət dəyişikliklər baş verməlidir. Bu tapşırıqların icrası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını da əsl inkişafa qovuşdurmuşdur”.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info