“ASAN imza” mobil hökumətin açarıdır
Tarix: 03.05.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi və Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) birgə təşkil etdiyi «ASAN imza - mobil hökumətin açarıdır» mövzusunda konfrans keçirildi. «Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq həyata keçirilən yeni layihənin-Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunan konfransın əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Vergilər Nazirliyi mobil hökumətin yaradılmasına
başlayıb

Tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov son illər əldə olunan yüksək sosial-iqtisadi nəticələrdə idarəetmə və xidmət sektorlarında mütərəqqi İKT-nin tətbiqinin rolunu bildirdi. Nazir son illər elektron hökumətin qurulması çərçivəsində Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərin geniş tətbiq olunduğunu bildirərək bu sahədə yeni layihələrin reallaşdırıldığını qeyd etdi. Bildirildi ki, Vergilər Nazirliyi Azərbaycanda ilk dəfə olaraq mobil qurğuları da dəstəkləyən elektron xidmətlərin tətbiqinə başlayıb. Belə yeni layihələrdən biri də Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin yaradılması elektron hökumətdən mobil hökumətə keçidin əsasıdır. F.Məmmədov qeyd etdi ki, bəzi xidmətlərdən istifadə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur: “Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə Vergilər Nazirliyinin nəzdində yaradılan Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaq ki, bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaq. Yeni sistem mobil imza mərkəzi ilə inteqrasiya olunduğundan bütün növ qurğularda audentifikasiya imkanı verəcək. Bu isə Azərbaycanda İnternet/Mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq”. F.Məmmədov bildirdi ki, bu mərkəzin istismara verilməsi və onun Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil imza (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.
Nazir son illər elektron hökumətin qurulması istiqamətində görülən işlər çərçivəsində Vergilər Nazirliyi vətəndaşlara göstərilən elektron xidmətlərin geniş tətbiqinə başlandığını və hazırda Nazirlikdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), «Elektron bəyannamə», «İnternet Vergi İdarəsi», e-Dövlət portalı, «Bir pəncərə», «ƏDV depozit hesabı», «Elektron vergi hesab-fakturası», dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi kimi iri dövlət layihələri tətbiq edilir. Nazirin sözlərinə görə, ölkədə informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişaf etməsi əhali tərəfindən elektron xidmətlərdən istifadə tələbatını artırır və elektron imzaya ehtiyacı ön plana çəkir: «Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin elektron audentifikasiya və elektron imzadan istifadə etməklə həyata keçirilməsi və həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur».
«Azərbaycanın Elektron Avropaya inteqrasiya olunması» mövzusunda təqdimatla çıxış edən Avropa Şurası Parlamentinin üzvü xanım Kristina Oiland isə layihənin əhəmiyyətini vurğulayaraq bildirdi ki, belə addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Mobil imzanın tətbiqi elektron
xidmətlərdən istifadəni əhəmiyyətli şəkildə artıracaq


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, Azərbaycanda mobil imzanın tətbiqi ölkədə elektron xidmətlərdən istifadəni əhəmiyyətli şəkildə artıracaq. Nazirin sözlərinə görə, hazırda ölkədə internetdən istifadə sürətlə artır. Azərbaycan internet texnologiyalarının inkişafı və internetin əlçatanlığına görə MDB-də birinci, dünya ölkələri arasında isə 20-ci yeri tutur. Bununla yanaşı, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir. Nazir bildirdi ki, indiyədək ölkədə cəmi 12 min elektron imza alınıb: «Əhalinin sayının 9 mln.-dan artıq olduğunu, fiziki və hüquqi şəxslərin sayının sürətlə artdığını nəzərə alanda, elektron xidmətlərdən istifadə aşağı səviyyədədir». Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin işə salınması və onun yeni xidmətlər göstərməsi elektron xidmətlərin genişlənməsinə və onların təhlükəsizliyinə inamı artıracaq.

Mobil imzanın
istifadəsi üçün əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaq


Vergilər Nazirliyi Hüquq İdarəsinin rəisi Samirə Musayeva «Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi - yeni mobil xidmət imkanları» mövzusunda təqdimatlarla çıxış edərək bildirdi ki, ilk dəfə olaraq mobil imzanın tətbiqinə başlayan Vergilər Nazirliyinin nəzdində fəaliyyətə başlamış Asan Sertifikat Xidməti Mərkəzi yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron imza və mobil imza təqdim edəcək. Mərkəzin göstərdiyi rəqəmsal İT kart gücləndirilmiş elektron xidmətə keçidi təmin edəcək. Bu elektron imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyə biləcək. Bu imzanı gələn ildən etibarən tətbiq olunacaq yeni şəxsiyyət vəsiqələrindəki elektron çipə də yükləmək olar. Bununla da vətəndaşın şəxsi və elektron imza məlumatları bir yerdə olacaq. Mərkəzin tətbiq etdiyi ən maraqlı yenilik isə mobil imzanın tətbiqi ilə bağlıdır. Mobil imzanın istifadəsi üçün əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaq. Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı sim-kartı yeni sim-kartla əvəz etməli olacaqlar. Yeni sim-karta mobil imza proqramı yüklənib və bu kartları bütün mobil operatorlardan, eləcə də “ASAN Xidmət” mərkəzlərindən almaq mümkündür. S.Musayeva bildirdi ki, mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə, o cümlədən Avropa direktivlərinin tələblərinə cavab verir. Ona görə də yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədləri imzalaya biləcək. Mobil imza mobil telefon, smartfon, planşet və digər qurğularda istifadə oluna bilər. Bunun üçün proqramları android-market və IOS-dan pulsuz yükləmək olar. Mobil imzadan təkcə mobil qurğularda deyil, istənilən kompyuterdə də istifadə etmək olar.
Tədbirdə çıxış edən Estoniyanın Azərbaycandakı səfiri Miko Halyas yeni layihənin əhəmiyyətini qeyd etdi.

"ASAN Xidmət"
rayonlarda səyyar xidmət göstərməyə başlayacaq


Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov «Elektron xidmətlərin inkişafında Asan İmzanın rolu» mövzusunda çıxış edərək bildirdi ki, artıq Azərbaycanın rayonlarında iyunun əvvəlindən etibarən "ASAN Xidmət" mərkəzinin səyyar xidmətləri təşkil ediləcək. Onun sözlərinə görə, xidmətlər yeni avtobuslardan istifadə olunmaqla göstəriləcək. Vətəndaşlar doqquz dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətdən istifadə edə biləcəklər: “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladığı müddətdən etibarən 70 mindən artıq insan xidmətdən yararlanıb”. Dövlət Agentliyinin rəhbəri onu da bildirdi ki, hazırda “ASAN Xidmət”in birinci mərkəzi Bakının Nərimanov, Nəsimi və Binəqədi rayonlarında xidmət göstərir. Yay ərzində paytaxtın bütün sakinləri “ASAN Xidmət” mərkəzlərinin xidmətlərindən istifadə etmək imkanları əldə edəcəklər. İ.Kərimov qeyd etdi ki, bu ay "ASAN Xidmət"in yeni mərkəzi Sumqayıtda açılacaq. O, Gəncədə avqust ayında yeni mərkəzin açılacağını bildirdi.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev «Asan imza Azərbaycan sahibkarlarına nə vəd edir» mövzusunda təqdimatla çıxş etdi.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib
11.12.2018
Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir
11.12.2018
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
11.12.2018
Səyyar “ASAN xidmət” davam edir
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info