Süfrələrin əvəzsiz neməti – Naxçıvan duzu
Tarix: 24.08.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu məmləkətə bir-birindən dəyərli faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri vardır.
Bu gün mağazalarda cüzi qiymətə satılan duzun, əslində, necə böyük zəhmət və alın təri hesabına istehsal olunduğunu çoxumuz bilmirik. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər. Elə bu düşüncəylə ötən günlərdə həmin ünvana yol aldıq. İlk öncə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevlə söhbət etdik. O, bizimlə söhbətində bildirdi ki, bu ərazidə hələ qədimdən primitiv üsulla duz çıxarılıb. Həmin duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Bu mənada, duz həm də yaxşı gəlir mənbəyi hesab olunub. Duzdağ yatağından sənaye üsulu ilə duzun çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb.
Sovet dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. 1988-ci ildən sonra bu sənaye müəssisəsinin fəaliyyəti tamamilə dayanıb, nəticədə, müəssisənin əmlakı dağıdılıb, təcrübəli mədənçilər işsiz qalıblar. Lakin ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra bütün sahələrlə yanaşı, bu sahədə də vəziyyət dəyişdi. Belə ki, dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikanın təbii resurslarından, eləcə də duz mədənlərindən səmərəli istifadə olunmağa başlandı.
Ötən müddət ərzində duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanıb və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib, müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı sahəsi tikilərək istehsala başlanıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb gətirilib. Beləliklə, əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, bu məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Duz istehsalı üçün yaradılan sahələr Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir.
Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal edilən duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Burada laboratoriya da fəaliyyət göstərir. Bu ilin ötən dövrü ərzində 1118 ton narın duz, 2670 ton daşduz istehsal edilib, 1249 ton narın duz, 1055 ton daşduz satılıb.
Müəssisənin rəhbəri ilə söhbətimizi bitirib, mədənə doğru irəlilədik. Şaxtanın girişində bizi mədən işçilərindən Müseyib Babayev qarşıladı və bələdçilik etdi. Onunla yolboyu həmsöhbət olduq. Bildirdi ki, 30 ilə yaxındır ki, mədəndə şaxtaçı kimi çalışır. Bura ona çox doğmadır. Mədənə o qədər öyrəşib ki, şaxtadan kənarda çox qalanda özünü yaxşı hiss etmir. Deyir şaxtaçı olmaq asan deyil. Bunun üçün gərək, fiziki güclə yanaşı, möhkəm iradən də ola.
Duz mədənində olduğumuz müddətdə qazmaçı işləyən Ceyhun Hüseynovla da söhbət etdik. O, söhbət zamanı dedi:
– Qazma işi dözüm tələb edir. Uzun müddətdir, bu işlə məşğul olduğumdan işləmək mənim üçün çətin deyil. Böyük zəhmət tələb edən işdə çalışsaq da, aldığımız yaxşı məvacib hesabına ailəmizi dolandırır, gün-güzəranımızı qururuq.
Mədən işinə ömrünün 20 ilini sərf etmiş Vüqar Abbasov deyir ki, şaxtaçı işi çətin olduğu kimi, həm də şərəfli peşədir. Duz çıxarılan əraziyə çatmaq üçün yerin altı ilə 1500 metr getməli olursan. Çıxarılan duz kollektiv əməyin məhsuludur. Şaxtaya girən hər kəs bir-birinə hər çətinlikdə kömək olmalı, necə deyərlər, ağır yükün altına çiyinlərini verməlidir. Belə olmasa, iş getməz. Burada çalışanların əksəriyyəti təcrübəli işçilərdir. Elə buna görə də işimiz rahat və təhlükəsiz keçir. İçəridə işçilərin kənara çıxmadan istirahət edə bilmələri üçün guşə də yaradılıb.
“Duz yükü ağır olar”, – deyirlər. Mədəndə olarkən şahidi olduq ki, bu ağır yükün altına çiyinlərini verənlər üçün hər cür şərait yaradılıb. Bu şərait isə onlara bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info