“Müxalifət nə günə qalıb ki, Elşad Abdullayev kimisinə “stavka” edir”
Tarix: 03.05.2013 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Elşad Abdullayev universiteti bağlandığına görə müxalifətçilik edir. Müxalifətçi kişi kimi müxalifətçilik etməlidir, Elşad kimi yox”


Müsahibimiz əvvəllər Müsavat partiyasının rəhbərliyində təmsil olunmuş politoloq Qabil Hüseynlidir.

- Müxalifət düşərgəsində son zamanlar aparılan birlik cəhdlərini necə qiymətləndirirsiniz?
- Müxalifətdə hər hansı seçki ilə bağlı birliyə nail olmaq mümkün deyil. Çünki müxalifətin hazırkı parçalanmış durumu bunu göstərir. Məsələn, irəli sürülən “milli şura” ideyası Rusiyadakı bəzi dairələrin ortaya atdığı məsələdir. Bu ideyanın ətrafında da cəmləşməyə çoxları cürət etmirlər. Çünki birincisi, bu “milli şura” ideyası mənbə baxımından etibarlı və
güvənli deyil.


“Hələ 2003-cü ildə ənənəvi müxalif başçılar indikindən güclü olduqları halda, siyasi məqsədlərinə nail ola bilməyib uduzdularsa, indiki zəif vaxtlarında ümumiyyətlə, tamamilə açıq məğlubiyyətə uğrayacaqlar. Çünki reytinqləri çox aşağıdır, xalqdan çox uzaq düşüblər”



Bu, dəyərlər baxımından da ənənəvi müxalifət partiyaları üçün ziddiyyət təşkil edir və etməlidir. Qərb dəyərlərinə bağlı olduqlarını elan edən partiyaların birdən-birə şimaldan hansısa qrupların ortaya atdığı belə etibarsız ideyanın ətrafında bir araya gələcəyi də xeyli dərəcədə qeyri-ciddi görünür. Ona görə də həmin partiyaların orada cəmləşməsi o qədər də asan məsələ deyil. Belə bir addım atılarsa, bu, ciddi surətdə elektoral bazada parçalanmalara və itkilərə səbəb olacaq. Yaxud da olan-qalan elektoral baza tamamilə itirilə bilər. Bu, məsələnin bir tərəfidir. İkincisi də bu məsələdə siyasi liderlərin ambisiyaları da imkan vermir ki, müxalifət bir araya gəlsin. Müxalif başçılardan bəziləri belə hesab edir ki, təkbaşına fəaliyyət göstərsə, daha çox uğur qazana bilər. Onlarda heç bir məntiqə sığmayan, sırf eqoizm və şəxsi mənfəətpərəstlikdən doğan belə bir eyforiya var. Bu da müxalifətin ümumi birliyinə ciddi maneçilik törədir. Eyni zamanda, müxalifətdə şəxsiyyətlərarası, başçılararası münasibətlərdə diskomfortun mövcudluğu, başçıların bir-birilərinə barışmaz kin-küdurəti də bu kontekstdə qeyd edilməlidir...
- Konkret hansı müxalif başçılar, liderlər bu yolu tutublar ki, müxalifətin ümumi birliyinə mane olurlar?
- Mən konkret ad çəkmək istəməzdim. Əslində bu adamlar bəllidir ki, kimlərdir. Bunlar ənənəvi müxalifət başçılarıdır. Həmişə qabaqda olmaq istəyən, özünü qabaqda göstərən, buna görə digərlərinə badalaq gələn, birinciliyi öz əlində saxlamağa çalışan, buna görə də müxalifət daxilində “halaypozanlıq” salan köhnə başçılardan söhbət gedir. Bunları hamı tanıyır, hamı bilir.
- Əli Kərimli, İsa Qəmbər kimi ənənəvi başçıların bu gün potensiallarını necə görürsünüz?
- Dediyim kimi, bu cür köhnə başçıların heç bir yetərli potensialı yoxdur. Onların bu seçki ərəfəsində tamamilə gücdən və nüfuzdan düşdüyünü deyərdim. Hələ 2003-cü ildə bunlar indikindən güclü olduqları halda, siyasi məqsədlərinə nail ola bilməyib uduzdularsa, indiki zəif vaxtlarında ümumiyyətlə, tamamilə açıq məğlubiyyətə uğrayacaqlar. Çünki reytinqləri çox aşağıdır, xalqdan çox uzaq düşüblər. Onların hər hansı uğur qazanacaqlarına qətiyyən bel bağlamaq olmaz.
- Tez-tez qeyd edilir ki, müxalif başçıların reytinqlərinin daha da aşağı düşməsinin əsas səbəblərindən biri onların cəmiyyətdə antimilli kimi tanınan Rüstəm İbrahimbəyov sayaq şəxslərlə yaxınlaşma cəhdləridir...
- Ümumiyyətlə, Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərləri sonradan müxalifətə daxil olmuş adamlardır. Xüsusən də Rüstəm İbrahimbəyov antimilli kimi qeyd edildiyindən əlavə, siyasətdə naşı kimi qəbul edilir. Amma məsələ ondadır ki, ictimaiyyətə təqdim edilən birləşmə forması, cəmiyyətdə dəyişikliklərin təqdim edilən ideoloji forması sırf şimaldakı bəzi dairələrin mətbəxində hazırlanıb. Bunun cəmiyyətə qəbul etdirilməsi mümkünsüzdür. Bu ideya müxalifətdə də tezliklə iflasa uğrayacaq.
- Bir məsələ də qəribədir ki, müxalif başçılar İbrahimbəyovdan əlavə, reputasiyası ləkəli olan, antimilli xarakterli və antiazərbaycan qüvvələrin əlinə oynayan istənilən şəxslə, məsələn, hətta Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, korrupsioner Elşad Abdullayevlə də yaxınlığa can atırlar. Bunu isə cəmiyyət görür və bu da vətəndaşlarda həmin müxalifət başçılarına qarşı ikrah hissini artırır. Belə olduğu halda isə ənənəvi müxalifətin reytinqi daha da aşağı düşmüş olur...
- Sözsüz ki, bu doğrudur. Yəni bu gün Elşad Abdullayev, Rüstəm İbrahimbəyov və onlar kimi başqaları siyasi prinsiplərə görə mübarizə aparmırlar. Elşad Abdullayevin universiteti bağlanıb, indi daha əyri yollarla gəlir götürə bilmir. Bundan sonra isə o, guya müxalif mövqeyə keçib. Dürüst olan, müxalif mövqedə olan adam gəlib cəmiyyətdə müxaliflik edər, siyasi mübarizə aparar. Daha o cür hərəkətlərlə, yalandan videolar yaymaqla müxalifətçilik etmək, cəmiyyəti bununla çaşdırmaq mümkün deyil. Müxalifətçi kişi kimi mübarizə aparmalıdır, Elşad kimi yox. Bu cür hərəkətlərlə nə cəmiyyətdə populyarlıq qazanmaq olar, nə də müxalifətçilik etmək. Belə adamlara müxalifətin “stavka” etməsi çox şübhəlidir, eyni zmanda müxalifətin nə günə qaldığını göstərir. Bu cür addımlar müxalifətə reytinq gətirmir, əksinə, onun olan-qalan reytinqinin də üstündən xətt çəkir. Əslində Elşad Abdullayev kimdir ki... Mən onun haqqında heç çox danışmaq istəmirəm, onun nə yuvanın quşu olduğunu bilənlər bilir.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info