“Qarabağ” yeganə klubdur ki, öz meydanında oynaya bilmir”
Tarix: 29.08.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.
Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Bu ölkələrin həmsədrləri müəyyən müddətdən sonra yenisi ilə əvəz olunur.
Son olaraq isə ATƏT-in Minsk qrupunun ABŞ üzrə yeni həmsədri Endryu Şofer təyin olunub. Artıq bazar ertəsindən ABŞ-ın yeni həmsədri vəzifəsinin icrasına başlayıb. ABŞ Endryu Şoferin ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir. Bəyanatda vurğulanır ki, E. Şofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir. "ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.
E. Şoferin təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da, o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.
Bu təyinatdan əvvəl E. Şofer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2014-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib.
Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.

“Şofer Minsk qrupunun effektivliyini artıracaq”
ABŞ-dan olan siyasi ekspert Peter Tase ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şoferin Dağlıq Qarabağ münaqişəsinin həllinə davamlı təsir göstərəcəyinə əminliyini ifadə edib: “Onun fəaliyyəti Cənubi Qafqaz regionunda sülh və stabilliyə dəstək olacaq. Yeni həmsədr kimi Şoferə vəzifəsinin öhdəsindən gəlmək çətin olacaq. Eyni zamanda diplomatın çalışqanlığı, beynəlxalq arenadakı uzunmüddətli karyerası, əzmkarlığı, əla danışıqlar aparmaq bacarığı onu konkret nəticələr əldə etməyə kömək edəcək və münaqişənin sona çatmasına imkan verəcək”.
O əlavə edib ki, Şofer ABŞ-ın regiondakı obyektiv maraqlarını uğurla təmsil edəcək və Minsk qrupunun effektivliyini artıracaq: “Şefer danışıqlar masasına yeni liderlik tərzi gətirəcək və diplomat Ceyms Uorlikin etdiyi səhvləri etməyəcək”.
Tase bildirib ki, Dağlıq Qarabağ və ətraf 7 rayondan erməni əsgərlərinin çıxması regionda sülh və stabilliyin bərpa edilməsi üçün vacibdir: “Ermənistanın hazırkı siyasəti Qafqazda sülhə nail olmaq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əsas maneədir”.

ABŞ mediası Qarabağdan yazdı
Yeri gəlmişkən, ABŞ-da çıxan “News Blaze” nəşrində amerikalı jurnalist və publisist NuritQringerin “Azərbaycanın “Qarabağ” futbol komandası tarix yazır” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın “Qarabağ” futbol klubunun tarixi və qazandığı uğurlar, Ermənistan-Azərbaycan münaqişəsi və 1990-cı illərin əvvəlində Azərbaycanın Qarabağ regionunun xeyli hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması məsələlərindən bəhs edilir. Müəllif yazır ki, “Qarabağ” futbol klubu avqustun 23-də danimarkalı rəqibi “Kopenhagen” komandası üzərində qələbədən sonra UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb. Beləliklə, “Qarabağ” Azərbaycanın bu cür yüksək nəticəyə nail olmuş ilk futbol klubudur.
Bu klub 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil edir. N.Qringer vurğulayır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğalın gedişində tamamilə məhv edilmiş və etnik təmizləməyə məruz qalmış Ağdam şəhərini “kabus-şəhər” və “Qafqazın Xirosiması” adlandırırlar. UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanmış 32 futbol komandası arasında “Qarabağ” ev matçlarını öz stadionunda oynaya bilməyən yeganə klubdur.
Azərbaycanın Dağlıq Qarabağ regionunda hələ də davam edən münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı, o cümlədən on minlərlə Ağdam sakini məcburi köçkün vəziyyətinə düşüb. Bu münaqişə üzündən, Ağdam bütün dünyada ən məşhur “kabus-şəhər”ə çevrilib. Ağdamda 40.000 sakin yaşayırdı. Ağdam rayonunun işğalı nəticəsində təxminən 6.000 insan həlak olub. Müəllif yazır ki, Ağdamın işğalı nəticəsində “Qarabağ” klubunun “İmarət” stadionu da zərər çəkib, orada oyunlar keçirilməsi üçün yararsız vəziyyətə düşüb. Məlum olduğu kimi, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin çox hissəsini, o cümlədən rayon mərkəzini və 80 kəndi işğal edib, nəticədə rayonun təxminən 128.000 sakini məcburi köçkün vəziyyətinə düşüb və Azərbaycanın bütün bölgələrində 875 yaşayış məntəqəsində yerləşdirilib.

...bəs Azərbaycandakı Xocalı, Kəlbəcər və Ağdam barədə nə məlumdur?
Qarabağ regionundakı digər rayonların itirilməsi kimi, Ağdamın işğalı da Azərbaycanda böyük itki hesab edilir. Erməni təcavüzü nəticəsində bu rayondakı tarixi abidələr, məzarlıqlar, xəstəxanalar, kitabxanalar, məktəblər, ofislər və obyektlər, yaşayış binaları, sənaye və tikinti müəssisələri, mədəniyyət mərkəzləri, teatr, üç məscid və iki muzey viran edilib. Qringer yazır ki, hazırda Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası Ermənistanın bütün qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Jurnalist xanım qeyd edir ki, Sarayevo, Tuzla və Srebrenitsa hadisələri, Bosniyanın silahlı mühasirəyə alınması hamıya məlumdur. Bəs Azərbaycandakı Xocalı, Kəlbəcər və Ağdam barədə nə məlumdur? Bəs Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün barədə nə məlumdur?
1999-cu ildə “Qarabağ ayqırları” (“Qarabağ” komandasının oyunçularını əfsanəvi Qarabağ atlarının rəmzi kimi xalq arasında belə adlandırırlar) İsrailin “Makkabi” (Hayfa) komandasını 2:1 hesabı ilə məğlub edərək Avropa turnirində qalib gəlib. Artıq iyirmi ildən çoxdur ki, “Qarabağ ayqırları”nın öz futbol meydanı yoxdur. Buna görə komanda başqa stadionlar arasında dolaşmağa məcburdur.
Beynəlxalq futbol klubu kimi qeydiyyata alınmış digər komandalardan fərqli olaraq “Qarabağ-Ağdam” yeganə klubdur ki, 24 ildən artıq müddətdə öz meydanında oynaya bilmir. Bunun nə demək olduğunu anlamaq üçün təsəvvür edin ki, “Nyu-York Yankiz” beysbol klubu və “Nyu-York Siti” futbol klubu özlərinin Nyu-Yorkdakı “Yanki” stadionunda oynaya bilmir.
N.Qringer yazır ki, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən komandanın bu tarixi qələbəsini şərh etməsini xahiş edib. Diplomat belə cavab verib: “Qarabağ”, sadəcə, futbol klubu deyil, onun daha böyük rəmzi mənası var. O, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzidir. O həm də mənim millətimin qürurunun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. Əminəm ki, tezliklə “Qarabağ” yenidən öz ev matçlarını Azərbaycanın tarixi Qarabağ regionunda keçirəcək”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info