“Test imtahanlarının ləğvindən söhbət getmir“
Tarix: 29.08.2017 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Nazir müavini Ceyhun Bayramov:
“Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir”

Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvining” layihəsinin yekun konfransı keçirilib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədbirin keçirilməsində məqsəd Avropa İttifaqının vəsaiti hesabına icra olunan “Tvinning” layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Nazir müavini deyib ki, Təhsil Nazirliyi, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzi və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihə 2015-ci ilin sentyabr ayında başlayıb: "İkiillik layihə çərçivəsində Azərbaycanda Avropa Ali Təhsil Məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində koordinasiya və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri həyata keçirilib və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib".
Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Jeroen Villems və Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

“Daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb”

Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir: "Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq bu proses başlayıb. Bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir formatda olduğunu görürük. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər var. Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, açıq sualların cavablandırılması, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Orada nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də, daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanıb".

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirib

Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq bildirib ki, Azərbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir: “2008/2009-cu tədris ilindən başlayaraq yeni kurikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib". Nazir müavini bildirib ki, ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib. Onun sözlərinə görə, həmin dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib: "Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirəyə təqdim olunub. İctimai müzakirələrin aparılması ikinci ildir ki, tətbiq olunur. İctimai müzakirələr zamanı Təhsil Nazirliyinə müvafiq qurumlar tərəfindən müxtəlif fikir və təkliflər daxil olub. Onların da əksəriyyəti müəlliflərə təqdim olunub. Bir çox halda onlar bu təkliflərlə razılaşıb nəzərə alıblar, bəzi hallarda isə öz mövqelərini ortalığa qoyublar ki, materialın bu və ya digər formada təqdim olunması daha düzgündür".
Nazir müavini vurğulayıb ki, dərslik hazırlanması kifayət qədər mürəkkəb və çoxmərhələli bir prosesdir. Onun fikrincə, bu prosesin ictimaiyyətə açıq olması, bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün Təhsil Nazirliyi tərəfindən maksimum şərait yaradılır: "Gələcəkdə də bu prosesin geniş müzakirə vasitəsilə qəbul edilməsi nazirliyin diqqət mərkəzindədir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın artıq ilk iclası keçirilib. Payız aylarında şuranın növbəti iclası olacaq. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar təmsil olunaraq öz fikirlərini bildirəcəklər".

“Daimi əmək müqaviləsi ilə işləyən məzunların 60 faizə çatması çox vacibdir”
“Bu ilin yay aylarında Təhsil İnstitutu Azərbaycan ali təhsil müəssisələrinin reytinqini hazırlamağa cəhd göstərib. Lakin sonda bu reytinqi hazırlaya bilmədik. Çünki əlimizdə olan mövcud məlumatlarla ali məktəblərin reytinqini dünya təcrübəsinə uyğun hazırlamaq çətindir”. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsinin yekun konfransında çıxışı zamanı deyib. E. Əmrullayev bildirib ki, bu gün Azərbaycanda nəzərə alınan məlumatlar - qəbulda orta bal, hansı ixtisasa neçə balla qəbulun aparılması, tələbələrin qiyməti və s. məsələlər digər ölkələrdə yoxdur. Onun fikrincə, Azərbaycan universitetlərinin beynəlmiləlləşməsi və digər universitetlərlə müqayisəli təhlilini aparmaq üçün keyfiyyətin başqa amilləri haqqında düşünmək lazımdır.
Nazirlik rəsmisi ali təhsil sahəsində mövcud olan digər mühüm məsələnin məzunların işlə təminatı olduğunu söyləyib: “Aparılan tədqiqatlar göstərib ki, bir neçə il öncə müəllim ixtisası üzrə ali məktəbi bitirən məzunların 43%-i daimi əmək müqaviləsi ilə işləyir. Bu göstəricinin 60%-ə çatması çox vacibdir. Qeyd etmək olar ki, bu göstəricinin qəbul balı ilə əlaqəsi yoxdur. Yəni tələbələrin ali təhsil müəssisələrinə daha yüksək balla qəbul olmasının 4 ildən sonra hansısa işlə təmin edilməsi ilə əlaqəsi yoxdur”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info