Moldovada ikinci Ukrayna ssenarisi təkrarlana bilər
Tarix: 30.08.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Politoloq Aleksandr Rar:
“Moldova Avropa İttifaqı üçün sərhəddə yerləşən risk zonasına çevrilir”

Moldovanın Rusiya ilə Qərb arasında yeni savaş meydanına çevrilmə riski artır. Alman politoloq Aleksandr Rar mətbuata verdiyi açıqlamada bildirib ki, proseslər belə davam edərsə, Moldova Avropa İttifaqı üçün risk zonasına çevriləcək: “Bu gün Avropanın öz problemləri var, Almaniyanın başı seçkiyə qarışıb. Moldova siyasi elitası isə eyni vaxtda Avrasiya İttifaqı və Avropa İttifaqı ilə yaxşı münasibətlər saxlamağa çalışan prezident Dodona qarşı mübarizə aparırlar.
Qərbyönümlü parlament çoxluğu və baş nazir Dodona qarşı açıq savaş aparır. Moldovada ikinci Ukrayna ssenarisinin təkrarlanması ABŞ-ın mövqeyindən asılı olacaq. Dnestryanı bölgəsində də vəziyyət aqressiv fəaliyyət və mümkün provokasiyalar nəticəsində nəzarətdən çıxa bilər”. Kişinyovda baş verən son hadisə siyasi elitanın inteqrasiya vektorlarının sülh şəraitində bir arada olması imkanlarının tükəndiyini göstərir. Baş nazir Pavel Filip və parlamentin spikeri Andrian Kandu prezident Dodon tərəfindən təyin edilən Təhlükəsizlik Şurasının iclasına qatılmayıblar. Bununla da iclas baş tutmayıb. Dodon deyib ki, baş nazir və spikerin iclasda iştirak etməyə cəsarətləri çatmayıb: “Bu nə oyundur? Mən gözləyirdim ki, onlar gələcək və bir çox məsələ, o cümlədən Roqozinin persona-non-qrata elan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirəcək və ortaya ciddi arqumentlər qoyacaqlar. Amma onların gəlməməyi göstərir ki, Roqozinlə bağlı qərar sırf siyasi olub və məqsəd Rusiya ilə münasibətləri korlamaq olub. İstisna etmirəm ki, bunu xarici tərəfdaşları ilə razılaşdırıblar”.

Baş nazir Pavel Filip və spiker Andrian Kandunun Təhlükəsizlik Şurasının iclasına qatılmaması Moldovada vəziyyəti nəzarətdən çıxara, toqquşmalar yarada bilər

Dövlət başçısı xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurasının iclasını yenidən çağıracaq, əgər baş nazirlə spiker yenə də iclasa qatılmsalar, o halda şuranın üzvləri yenidən formalaşdırılacaq. “Politicon” siyasi araşdırma mərkəzinin rəhbəri Anatol Çaranu “Nezavisimaya qazeta”ya bildirib ki, boykot baş nazir və spikerin şuradan uzaqlaşdırılması ilə nəticələnə bilər: “Bəs, şurada onların yerinə kimlər təyin ediləcək? Prezidentin müşavirlərimi? Onlar onsuz da hazırda şuranın üzvləridirlər”. Çaranu bildirib ki, bu gün Moldova siyasi elitasında müharibə gedir. Bu müharibəyə seçicilər də qoşula və vəziyyət nəzarətdən çıxa bilər. Bir sıra vətəndaş platforması və partiyalar sentyabrın 17-nə mitinq təyin ediblər. Prezident İqor Dodon isə sentyabrın 24-də ölkənin bütün rayonlarında mitinqlər keçirməyə hazırlaşır. Həmin gün ölkədə referendum keçiriləcək. Həmin referendumda xalqdan ölkədən oğurlanan 1 milyard dolların qaytarılması, növbədənkənar parlament seçkiləri, prezidentin səlahiyyətlərinin artırılması, məktəblərdə “Rumın tarixi” əvəzinə “Moldova tarixi” dərsinin keçilməsi ilə bağlı rəy soruşulacaq. Konstitusiya Məhkəməsi referendumun keçirilməsinin mümkünsüz olduğunu bildirib. Maraqlıdır ki, sağların və sol elektoratın mitinqində də əsas tələblər ölkədən oğurlanan milyardların qaytarılması, parlament seçkilərinin keçirilməsi və oliqarxların hakimiyyətinə son qoyulması olacaq. Doğrudur, bu partiyalar arasında qarışıq seçki sistemi ilə bağlı vahid fikir yoxdur.

Ekspert Anatol Çaranu:
“Moldova siyasi elitasında müharibə gedir. Bu müharibəyə seçicilər də qoşula və vəziyyət nəzarətdən çıxa bilər. Bir sıra vətəndaş platforması və partiyalar sentyabrın 17-nə mitinq təyin ediblər. Prezident Dodon isə sentyabrın 24-də ölkənin bütün rayonlarında mitinqlər keçirməyə hazırlaşır”


Ona görə də Dodon 2016-cı ildə olduğu kimi, onların birgə səsini almaya bilər. Amma faktiki olaraq 2016-ci ildə keçirilən prezident seçkilərində Dodon Rusiya ilə münasibətləri bərpa etmək, Avrasiya İttifaqı ilə münasibətlər yaratmaq, Dnestryanı bölgəni birləşdirməklə vahid Moldova dövlətini qorumaq və ölkənin rumınlaşmasından imtina edilməsi vədləri ilə mübarizəyə qoşulmuş və xalqdan dəstək almışdı. Parlament çoxluğu isə Avropaya inteqrasiya kursuna sadiq olaraq Rusiya ilə yaxınlaşmanın əleyhinədir. Bir müddət əvvəl hökumət BMT-yə müraciət edərək Dnetsryanı bölgəsində olan Rusiya qoşunlarının çıxarılmasına yardım edilməsini xahiş edib. Dodon bunu provokasiya adlandıraraq Rusiya qoşunlarının bölgəni ancaq problem həll olunandan sonra tərk edəcəyini bildirdi. Rusiyalı sülhməramlıları isə bölgədə 1992-ci ildə imzalanan müqavilə əsasında yerləşdirilib. Dodon əmin edib ki, Moldova bu sazişdən çıxmayacaq. Prezidentlə hökumət və parlament arasında olan qarşıdurma hakimiyyətin müxtəlif qollarında daha qabarıq şəkildə özünü göstərir. Almaniya-Rusiya Forumunun elmi direktoru Aleksandr Rar qeyd edib ki, Moldovada Ukrayna ssenarisinin təkrarlanma ehtimalı var: “Ümid edirəm ki, vəziyyət o həddə çatmayacaq. Amma Dnetsryanıda Ukrayna özünü çox aqressiv aparır. Dodon hər iki tərəflə normal münasibətlər saxlamağa çalışır. Amma siyasi elitanın əsas hissəsi ona qarşıdır. Situasiyanın bundan sonrakı inkişafı ikinci Ukrayna ssenarisinin baş verməsi ABŞ-dan çox asılı olacaq. Ona görə də Moldova Avropa İttifaqı üçün sərhəddə yerləşən risk zonasına çevrilir”. Bu hadisələrin arxasında dayanan əsas səbəblərdən biri isə gələn il ölkədə keçiriləcək parlament seçkiləridir. Hər iki tərəf parlamentdə üstünlük qazanmağa çalışır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info