“Bəzi üzdəniraq QHT-lər Azərbaycanın milli maraqlarını satırlar”
Tarix: 04.05.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Prezidentin QHT-lərə daha 5 milyon manat ayırması
ilk növbədə dövlətçiliyə dəstəkdir”


Azərbaycanda dövlət tərəfindən QHT-lərə ayrılan maliyyə ildən-ilə artırılır. Elə bu yaxınlarda Prezident İ.Əliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 5 milyon manat əlavə vəsaitin ayrılması barədə sərəncam verdi. Bu cür dəstək onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı milli donorçuluq getdikcə daha da güclənməkdədir. QHT-lər milli məsələlərlə bağlı layihələr həyata keçirməyə daha çox maraq göstərirlər. Amma buna baxmayaraq psevdoproblemləri qabardıb xarici qurumların əlinə oynayan, milli maraqlarımızı nəzərə almayan QHT-lər də var. Məsələn, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ABŞ German Marşal Fondu, Counterpart İnternational, Almaniya Beynəlxalq Əməkdaşlıq Fondu, Lixtenşteyn Knyazlığı Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu və sair qurumlardan ümumilikdə 1 milyon 179 min manat qrant alıb. Yaxud Azad İqtisadiyyatçılara Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılov da ABŞ Demokratiyaya Milli Yardım Fondu, German Marşal Fondu, Soros Fondu və sair xarici donorlardan indiyə qədər 396 min manat qrant alıb. Bu cür qrantlar isə “qaşınmayan yerdən qan çıxarmaq” məqsədilə həyata keçirilən, qərəzli layihələrə sərf olunub. Bu cür faktlar isə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qınanılmaqdadır. Bu barədə “Palitra”ya müsahibə verən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı belə dedi:
-Öncə bildirim ki, Azərbaycan Prezidentinin QHT-lərə dəstəklə bağlı tədbirləri alqışlanmalıdır. Bu baxımdan Prezidentin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 5 milyon manat ayrılması qərarı da təqdirəlayiqdir. Tək ona görə yox ki, bu, maliyyə dəstəyidir, QHT-lərin imkanları genişlənəcək. Bu cür qərarlar birinci növbədə dövlətçilik üçün xeyirlidir və dövlətçiliyə dəstəkdir. Prezident yerli məmurlardan, hakim partiya strukturlarından yerlərlə, sahələrlə bağlı məlumatlar alır. Amma QHT-lərin fəaliyyəti nəticəsində alternativ informasiya mənbəyi də formalaşır. Biz rayonlarda oluruq, seminarlar keçiririk, regionların problemləri ilə bağlı hesabatlar hazırlayırıq. Bu baxımdan da Prezidentin ayırdığı vəsait dövlətçiliyin özünə dəstəkdir. Bununla Prezidentin alternativ informasiya mənbəyi də genişləndirilir. Bir sıra hallarda dövlət qurumları müəyyən sahələrlə bağlı fəaliyyət göstərərkən, müəyyən nüanslar kənarda qalır. Dövlət qurumlarının girə bilmədiyi yerlərə QHT-lərin müdaxiləsi isə həmin sahələrdə olan problemlərin aradan qaldırılmasına, onlarla bağlı daha dolğun hesabatların və məlumatların hazırlanmasına gətirib çıxarır. Bütün bunlar isə gələcəkdə həmin sahələrdəki problem və çətinliklərin aradan qaldırılmasına dəstək olur. Azərbaycan Avropa Şurasının üzvüdür. QHT-dövlət əməkdaşlığının inkişafı bir daha sübut edir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl edir. Bu da dövlətçiliyin inkişafı ilə yanaşı, Avropa Şurası, Avropa strukturları ilə əlaqələrin inkişafına kömək etmiş olur.
-Prezidentin QHT sektoruna bu cür dəstəyi həm də dövlət tərəfindən vətəndaş cəmiyyətinin güclənməsi üçün milli donorçuluğun gücləndirilməsində böyük önəm daşıyır. Azərbaycan QHT-ləri bununla milli məsələlər, milli problemlər sahəsində sırf milli maraqlara əsaslanan layihələr həyata keçirirlər. Həmçinin ayrılan əlavə maliyyə vəsaitləri bu cür layihələrin miqyasını və effektliliyini daha da artırır. Bu cür dəstək isə vətəndaş cəmiyyəti sektorunun milli mənafelər baxımından konsolidasiyası, mütəşəkkilləşməsində böyük rol oynayır. Bu baxımdan fikirlərinizi bilmək istərdik...
- Tamamilə doğrudur. Bilirsiniz ki, xarici donor təşkilatlar Azərbaycan dövlətçiliyinin taleyüklü məsələləri ilə bağlı layihələrə dəstək vermirlər, maliyyə ayırmırlar. Məsələn, Qarabağ probleminin həllinə dəstək, məcburi köçkünlərin problemləri, milli vətənpərvərlik hissinin inkişafı ilə bağlı layihələr heç bir xarici donor tərəfindən maliyyələşdirilmir. Bu baxımdan QHT-lərə dəstək həm də vətənpərvərliyin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Azərbaycan dövlətçiliyi üçün hansı istiqamətdə təhlükələr varsa, o təhlükələrin aradan qaldırılmasına mühüm töhfədir. Çünki bütün hallarda biz hamımız bir yerdə Azərbaycana xidmət edirik və etməliyik. Başqa cür düşünən QHT-lər isə artıq başqa şeylərə xidmət edirlər.
-Bu gün bəzi QHT-lər var ki, onlar xarici təşkilatlarla əməkdaşlıqda Azərbaycan milli maraqlarına və dövlətçiliyinə zidd olan layihələr həyata keçirilməsinə çalışırlar. Bu cür QHT-lər bəzi qərəzli xarici qurumların antiazərbaycan xarakterli hesabatlarının ərsəyə gəlməsində də alət rolunu oynayırlar. Bu kimi təşkilatların fəaliyyətini necə qeyd edərdiniz?
- Xarici qurumlarla işləyən nüfuzlu QHT-lər var ki, onlar Azərbaycanın milli və dövləti maraqlarını nəzərə alırlar. Onların bir çoxu dövlətçiliyə də dəstək verir. Amma bəzi QHT-lər də var ki, onlara üzdəniraq QHT-lər demək lazımdır. Onlar Azərbaycan haqqında reallığı əks etdirməyən, donor sifariş və maraqlarına söykənən hesabatlar hazırlamağa yönləndiriliblər. Onlar Azərbaycanın milli maraqlarını satırlar. Hər halda onlara qarşı hüquq-mühafizə orqanları, müvafiq qurumlar qanunvericiliyin tələblərindən irəli gələrək tədbir görməli, şəffaf hesabatlar tələb etməlidirlər. Bu cür QHT-lər müvafiq qurumlara heç bir hesabat vermirlər, fəaliyyətlərini cəmiyyətdən gizlətməyə çalışırlar. Onlar hansısa xaricdə oturmuş bir donor təşkilatının hesabına Azərbaycanda layihə həyata keçirirlər və ancaq həmin donora hesabat verirlər. Bu, QHT-lər haqqında qanuna da ziddir. Sonra da deyirlər ki, şəffaflıq lazımdır, demokratiklik lazımdır. Onlar özləri bu baxımdan qeyri-şəffaf və demokratik aşkarlığa zidd fəaliyyət göstərirlər. Belə qurumları biz pisləyirik və bu cür təşkilatlara qarşı bütün vətəndaşlar imkanları daxilində mübarizə aparmalıdırlar. Dövlət sturkturları da bu sahədə qanunun sərt üzünü onlara göstərməlidirlər.
-Milli donorçuluğun inkişafında keyfiyyətcə yeni bir mərhələnin də şahidi olmaqdayıq. Bu da ondan ibarətdir ki, Azərbaycan dövləti artıq xarici QHT-lər üçün Azərbaycanın milli maraqları baxımından layihələr həyata keçirməyə yönəlmiş müsabiqə təşkil etməyə başlayıb. Bu da Azərbaycanın dünyada təbliği, imicinin güclənməsi, Azərbaycan həqiqətlərinin yayılması üçün xarici QHT-lərin stimullaşdırılması deməkdir. Bununla bağlı nə deyərdiniz?
-Bu da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını və Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin müsbət gücünə, töhfələrinə inamının güclü olduğunu göstərir. Nəinki yerli QHT-lərə, xarici QHT-lərə də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası layihə həyata keçirmək üçün maliyyə ayırır. Bu, ilk növbədə Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsinə xidmət edir. Məsələn, Türkiyədə bir QHT layihə həyata keçirirsə və bu layihəyə Azərbaycan maraqları baxımından dəstək verilirsə, yaxud erməni yalanlarına qarşı müştərək layihələr reallaşdırılırsa, bu, ancaq alqışlana bilər. Bu, Azərbaycan dövlətinin xeyrinədir. Bütün hallarda bu cür layihələrə dəstək müsbət qiymətləndirilməlidir.
-Dövlət xarici QHT-lərin layihələrini də milli maraqlarımız baxımından maliyyələşdirməyə hazır olduğunu bəyan etməyin müqabilində bizdəki bəzi QHT-lər xarici qurumlar üçün şpionaj fəaliyyəti yerinə yetirirlər. Bu isə həmin QHT-lərin fərqli və zərərli “vətəndaş cəmiyyəti” fəaliyyətini ortaya qoymuş olur...
- Azərbaycanın müstəqil və milli inişafında maraqlı olmayan bəzi xarici dairələr dolayı olaraq bəzi QHT-lər vasitəsilə ölkəmizi zəiflətmək istəyirlər. Azərbaycan dövlətinin atdığı addımlar isə xarici QHT-lər tərəfindən Azərbaycan maraqlarının qorunmasına yönəlib. Bu addımlar həmin donorların antiazərbaycan addımlarını, ölkəmizi zəiflətmək səylərinin əksinədir. Dövlətimiz bu məsələdə Azərbaycanın milli maraqları ilə bağlı düzgün strategiya nümayiş etdirir. Artıq Azərbaycan dövləti elə bir səviyyəyə yüksəlib ki, nəinki xaricdən gələn təhlükələrin qarşısını alır, hətta xarici ölkələrin QHT-lərini Azərbaycan maraqları baxımından maliyyələşdirir. Bununla da Azərbaycanın dayaqları xarici ölkələrdə QHT-lər vasitəsilə də möhkəmləndirilir. Bu, olduqca müsbət haldır. Amma biz yenə də bizim əleyhimizə iştirak edən Azərbaycanda strateji maraqları olan dövlətlərin donor təşkilatlarına qarşı həmişə sayıq olmalıyıq. Bu cür qurumlardan qanunun tələblərinə əsasən fəaliyyət hesabatları tələb olunmalıdır. Həm ictimaiyyət, həm də müvafiq qurumlar onların fəaliyyətindən tam məlumatlı olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info