Yeni çay plantasiyaları salınacaq
Tarix: 05.09.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Lənkəranlı fermer: “Respublika müşavirəsinin Lənkəranda keçirilməsi bölgəmizin ənənəvi sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcək”

Ölkəmizdə çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı ilə bağlı dövlətin dəstəyi hesabına diqqət artır. Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də bu istiqamətdə mövcud vəziyyət, perspektivlər müzakirə olunub. Müşavirədə bir daha qeyd edilib ki, kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Həmçinin son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edilib.
Kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Ümumiyyətlə, kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətli olduğunu deyən ölkə başçısı bildirib ki, ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır: “Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq.
Ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var”.

“Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik”

Ölkə başçısı qeyd edib ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var: “Çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik. Çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir”.
Bildirilib ki, 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlə ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Ölkə başçısının sözlərinə görə, burada tarazlıq bizim xeyrimizə deyil və biz çayı ixrac edirik: “Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var”.

Dünya çay ticarətində 1,58 milyon ton çay ixrac edilməkdədir

Bu gün dünya bazarında xüsusi yer tutan məhsullardan biri də çaydır. Son on ildə dünyada çay istehsal sahələri 4,52 milyon hektara çatıb. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2015-2016-cı ildə çay istehsalı 4,2 faiz artaraq 5,31 milyon ton olub. Dünya çay istehsalının 86 faizi Asiyada, 11 faizi Afrikada və 3 faizi digər ölkələrdədir. Dünya çay istehsalında, 2,270 milyon ton ilə Çin birinci, 1,210 milyon ton ilə Hindistan ikinci, 475 min ton ilə Keniya üçüncü, 329 min ton ilə Şri-Lanka dördüncü, 259 min ton ilə Türkiyə beşincidir. Növbəti yerləri müvafiq olaraq 179 min ton ilə Vyetnam, 129 min ton ilə İndoneziya tutur. Çin çay istehsalında 66,3 faiz nisbətində 1,51 milyon ton yaşıl çay, Hindistan isə 22 bölgədə 1,1 milyon ton qara çay istehsal edir. Keniya isə texniki üsulla ən böyük ikinci qara çay istehsalçısıdır. Sri- Lankada isə 2016-cı ildə istehsal 11 faiz aşağı düşüb. Dünya çay istehlakı 7,3 milyard əhali nəzərə aldığında illik 500 qr ətrafındadır. Hazırda dünya çay ticarətində 1,58 milyon ton çay ixrac edilməkdədir və bu ixracın 78 faizi qara çaydır. Dünyada 170 ölkəyə çay ixracatı həyata keçirilir. Dünyada 220 ətrafında ölkə çay idxal edir. Bu gün 50 ölkədə çay istehsalı, 170 ölkədə çay ticarəti həyata keçirilir və bu sahə 2 milyard insanın dolanışıq mənbəyidir.

“2005-ci ildə xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə sərmayə qoymaqda səhv etməmişəm”

Ölkəmizdə də bitkiçiliyin ənənəvi sahələrindən biri olan çayçılığın inkişafı istiqamətində tədbirlər davam edir. Hazırda nəinki yerli istehsalı, eləcə də ixracı artırmaq prioritetdir. “Prezident İlham Əliyevin Lənkərana səfəri çərçivəsində təsərrüfatımızda olması bizim üçün tarixi hadisədir. Dövlətimizin başçısı çaybecərənlərlə səmimi söhbət etdi, çay sahəsi ilə, tut plantasiyası ilə yaxından tanış oldu, çay məhsulları ilə maraqlandı”. Bu fikirləri Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yaqubov bildirib.
A.Yaqubov deyib: “Dövlətimizin başçısı ilə görüşümüz bizi bir daha inandırdı ki, 2005-ci ildə xarici ölkədən Azərbaycana gələrək çayçılıq kimi çətin bir sahəyə sərmayə qoymaqda səhv etməmişəm. Əlbəttə, ötən illərdə çətinliklərimiz də olub. Lakin çətin anlarda ölkə başçısı həmişə yanımızda olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Bu mərhələdə başlıca vəzifə kənd təsərrüfatının müasir səviyyədə inkişafına nail olmaq, yerlərdə müasir tələblərə cavab verən iri istehsal və emal sahələri yaratmaq, torpaqlardan səmərəli istifadə etmək, ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaqdır”. A.Yaqubov bildirib ki, dövlətimizin yaratdığı münbit şəraitdən bəhrələnərək 2006-cı ildə təsis etdiyi “Yaşıl çay” fermer təsərrüfatı uğurlarını ilbəil artırır. “Yaşıl çay” MMC-də ölkənin ərzaq təminatında mühüm rol oynayan çayçılıq, heyvandarlıq, tərəvəzçilik, bostançılıq kimi sahələr inkişaf etdirilir. Əsas məqsəd isə çayçılığın inkişaf etdirilməsidir.
Təsərrüfat direktoru deyib: “Ötən il çay sahələrindən seçmə üsulla 90 ton yaşıl çay yarpağı toplamışıq. Bu il çay sahələrindən indiyə kimi 18 tondan çox əla növ yaşıl çay yarpağı toplayıb mini çay emalı müəssisəsində qablaşdırmışıq. Artıq “Buket çay”, “Feyxoa çayı”, “Narın çay”, “Premium çayı”, “Ekstra”, “Xan çayı”, “Pürrəngi çay”, “Qara məxməri çayı”, “Tibet çayı” kimi ekoloji cəhətdən təmiz, qatqısız çaylarımız satışa çıxarılır. Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində mən də iştirak edirdim. Dövlətimizin başçısının dərin məzmunlu nitqini böyük diqqətlə dinlədim. Avqustun 4-də Qax şəhərində keçirilən müşavirədə olduğu kimi, Prezident bu müşavirədə də təkcə bu üç sahənin deyil, ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı dəyərli fikirlərini bizimlə bölüşdü və bizi işlədiyimiz bütün sahələrdə daha ürəkdən çalışmağa, məhsul bolluğu yaratmağa çağırdı. Prezidentin təsərrüfatımıza gəlişi, müşavirə zamanı çayçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu il ən müasir yapon texnologiyası ilə 5 hektar, gələn il isə daha 10 hektar sahədə yeni çay plantasiyası salmağı, həmçinin baramaçılıq, çəltikçilik və sitrusçuluq kimi rentabelli sahələri inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Qaxda keçirilən müşavirədən sonra qısa müddət sonra çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı belə respublika müşavirəsinin Lənkəranda keçirilməsi bölgəmizin ənənəvi sahələri olan çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafına güclü təkan verəcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info