Antiazərbaycan qüvvələrin Azərbaycanın nüfuzunu ləkələmək cəhdi
Tarix: 06.09.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Ölkəmizə qarşı informasiya təxribatlarında erməni izi

Aydın Mirzəzadə:
“Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri xaricdə müəyyən antiazərbaycan mərkəzləri çox ciddi narahat edir”

Rasim Musabəyov:
“Azərbaycanın müstəqil, qətiyyətli mövqeyi bəzi qüvvələri qane etmir”

Asim Mollazadə:
“Azərbaycana qarşı bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi durub”

Son günlər bir sıra əcnəbi mətbu orqanlarında Azərbaycanın əleyhinə absurd yazıların tirajlanması bu çirkin kampaniyanın vahid mərkəzdən idarə olunması şübhəsini yaradıb. Ümumiyyətlə, Cənubi Qafqazın ən stabil, daim inkişaf edən, demokratik, iqtisadi və digər sahələrdə ciddi islahatların aparıldığı, tolerantlığı və başqa müsbət amillərilə özündən söz açdırmağı bacaran bir ölkəsinə qarşı qəfildən anormal və əsassız ittihamlarla dolu yazılarla hücum edilməsi, təzyiqlər göstərilməsi bir sıra suallar yaradır.
Əslində isə təzyiqlər və ittihamlar daha çox Qafqazın “qara yarası” olan, regionu “barıt çəlləyinə” çevirən Ermənistana edilməli idi. Bəs niyə məhz şübhəli və müəmmalı təzyiqlərlə Azərbaycanın üstünə gəlməyə çalışırlar? Məsələ ondadır ki, son illər Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artıb və bu nüfuz dairəsi hər gün daha da genişlənir, milli dövlətçiliyimiz isə möhkəmlənir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələr və gedən proseslərə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutması isə bəzi xarici dairələri, ermənipərəst qüvvələri ciddi narahat etməyə başladı. Zaman-zaman Azərbaycana qarşı güclənən və səngiyən çirkin qarayaxma kampaniyasının əsasında isə onun heç bir qüvvənin qarşısında əyilməməsi, öz mövqeyini qətiyyətlə müdafiə etməsi, ardıcıl və prinsipial siyasəti durur.
Bu gün haqqında söz açdığımız həyata keçirilən qarayaxma kampaniyası xarici antiazərbaycan və ermənipərəst qüvvələrin növbəti dəfə beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycanın yüksək nüfuzunu ləkələmək cəhdidir desək, yanılmarıq. Bu məqsədlə, guya Azərbaycanın böyük pullar hesabına xarici siyasətçiləri, ekspertləri, rəsmi şəxsləri satın aldığı, onları gizli fondlardan maliyyələşdirdiyi barədə növbəti dezinformasiya dövriyyəyə buraxılmış və beynəlxalq media tərəfindən süni şəkildə tirajlanmağa başladı.
Artıq Azərbaycan ictimaiyyəti də bu absurd iddialarla dolu təzyiqlərə qarşı öz etirazını bildirməyə başlayıb, ayrı-ayrı ziyalılar, siyasət adamları, deputatlar QHT sədrləri və başqa şəxslər bu informasiyaları yayanları pisləyərək proseslərin vahid mərkəzdən idarə olunduğunu bildirilər.
Doğrudan da, bu informasiyalar daha çox heç bir həqiqəti əks etdirməməklə yanaşı onun dövriyyəyə tez-tələsik buraxılması və kampaniyanın ilk gündən faş olması ilə yadda qaldı. Sirr deyil ki, dünya səviyyəli fırıldaqçı, Azərbaycanda özəl maraqları olan və məqsədlərinə çata bilməyən Corc Soros, erməni fondları və s. bu kimi dairələr tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatının adından informasiya verilib və dərhal bəlli xarici KİV şəbəkəsi tərəfindən ictimailəşdirilib.

“Azərbaycana qarşı aparılan kampaniyada erməni izi”
Araşdırmalar göstərir ki, Azərbaycana qarşı belə iddiaların ortaya çıxmasında və yayılmasında erməni lobbisi və onun təsiri altında olan media və jurnalistlər xüsusi fəallıq göstərirlər.
Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs də daxildir. Bu dairələr təkcə Azərbaycanı deyil, həm də ölkəmizə xoş münasibət bəsləyən, onun inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər i- ictimai-siyasi xadimləri, rəsmi şəxsləri, ekspertləri də hədəfə götürüblər. Əgər OCCRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır.
Qısa bir xatırlatma edə bilərik ki, bu ilin əvvəlində AŞPA-da Ermənistan nümayəndə heyəti Ukraynadan olan deputat, “Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə” hesabatın müəllifi Vladimir Aryevi konyakla satın almaq istəmişdi. Vladimir Aryev bununla bağlı məlumat yayaraq demişdi ki, erməni nümayəndə heyəti bu “dadlı rüşvət”lə bir növ dinləmələrə mane olmağa çalışıb. “AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrimdən imtina edim. Bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, “Aryevin nənəsi azərbaycanlıdır”. İndi mən dəqiq bilirəm, gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır” - deyə, Aryev qeyd etmişdi. Sual yaranır: onlarca belə faktların, ən yüksək səviyyədə olan şəxslərin dilindən çıxan fikirlərin üstündən görməzcə keçən bir təşkilatın Azərbaycanla bağlı belə absurd fikirlər yayması nə qədər səmimidir?
Ümumiyyətlə, erməni siyasətçilərin, lobbisinin müxtəlif yollarla başqa ölkələrin siyasi xadimlərini öz tərəflərinə çəkmələrinin dəfələrlə şahidi olmuşuq. Amma “konyak diplomatiyası”nın bu şəkildə nümayişkaranə qabardılmasını ilk dəfədir ki görüdük. Amma sözügedən təşkilat bu cür halların üstünə heç vaxt gəlməyəcək, çünki elə o təşkilatın qarayaxma kampaniyalarının sifarişçiləri erməni lobbisi olur! Hansı səbəbdəsə erməni lobbisinin Dağlıq Qarabağın işğalını qanuniləşdirmək üçün ABŞ, Fransa, Rusiyada siyasətçiləri necə ələ alması, onlara hansı məbləğlərdə pullar ötürməsi haqqında heç nə verilmir. Bütün bunlar onu göstərir ki, OCCRP feyk qurum, Azərbaycana düşmən münasibəti ilə seçilən dairələrin ölkəmizə qarşı informasiya müharibəsində bir vasitədir. Ancaq onun arxasında duran dairələr də yaxşı anlayırlar ki, bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir və heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil.

“Hərbi təxribatların qarşısını alan Azərbaycana zərbələr informasiya müharibəsində endirilir”
Məsələyə Azərbaycan cəmiyyətindən də kəskin reaksiyalar gəlməkdə davam edir. Deputatlar kampaniyanın arxasında erməni izinin olmasının şübhə doğurmadığını deyirlər.
Aydın Mirzəzadə bu qurumla bağlı daha dolğun fikir bildirərək deyib ki, Azərbaycana qarşı yeni təxribatın şahidi oluruq, Azərbaycan hakimiyyəti, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır. Amma sözügedən təşkilat ittiham irəli sürsə də, hər hansı bir sübut ortaya qoya bilmir:
“Bu gün Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri xaricdə müəyyən antiazərbaycan mərkəzləri ölkəmizlə bağlı ya iqtisadi, ya da siyasi planları həyata keçmədiyindən çox ciddi narahat edir. Bu zaman ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında, əlbəttə ki, antiazərbaycan dairələri və erməni diasporu durur. Məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmizdə “5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir”.
Deputat vurğulayıb ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparılır: “Ona görə də növbəti dəfə Azərbaycana qarşı bu qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır”.
Deputatı Rasim Musabəyov da bildirib ki, Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparan, dövlətimizə və onun rəhbərliyinə böhtan atmağa çalışanlar ermənipərəst qüvvələrdir. Rasim Musabəyov deyib ki, “Vaşinqton Post” qəzetində Azərbaycanla bağlı qərəzli yazıların dərc olunması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Azərbaycanın müstəqil, qətiyyətli mövqeyi bəzi qüvvələri qane etmir. Ona görə də bu cür çirkin üsullarla dövlətimizə qarşı addımlar atılır, qərəzli yazılar dərc olunur. Amma həmin məkrli dairələr bilməlidirlər ki, heç zaman öz istəklərinə nail ola bilməyəcəklər.
Deputatı Asim Mollazadə isə deyir ki, Azərbaycana qarşı olan informasiya müharibəsi ölkəmizin müstəqilliyi və dövlətçiliyimizin qorunması üçün səngərdə aparılan müharibədən az təhlükə kəsb etmir. Hazırda dünyada Azərbaycana qarşı informasiya müharibəsinin getdiyini bildirən A.Mollazadənin sözlərinə görə, bu müharibənin aparılmasında məqsəd dövlətimizi zəiflətmək, ölkəmizin həyata keçirdiyi böyük beynəlxalq layihələrin və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin qarşısını almaqdır.
A.Mollazadə hesab edir ki, bu informasiya müharibəsinin arxasında beynəlxalq erməni şəbəkəsi, onların, Ermənistanın sahibləri, Azərbaycanla layihələrdə özünü rəqib kimi hiss edən qüvvələr durub:
“Bu informasiya müharibəsi Qarabağda səngərdə aparılan müharibədən daha kəskin formada həyata keçirilir. Hərbi təxribatların qarşısını alan Azərbaycana qarşı zərbələr informasiya müharibəsində endirilir. Azərbaycan bu müharibədə layiqli cavablar vermək üçün peşəkar beynəlxalq təcrübədən istifadə etməlidir".
Qeyd edək ki, bu ilk hal deyil ki, erməni lobbisi ölkəmizə qarşı müəyyən vasitələrlə informasiya savaşı açıblar. Amma sonda onlar səhv metodlardan yararlandıqlarını və kampaniyalarının effektsiz olduğunu görürlər. Bu gün də erməni lobbisinin və Ermənistanın buraxdığı hər bir səhv Azərbaycanın lehinədir. Bu baxımdan, ermənilərin əsas ideya müəllifi olduğu informasiya müstəvisindəki son təxribatları da baş tutan deyil.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info