Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli investisiya mühiti yaradılıb
Tarix: 08.09.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Almaniyanın “Uniper” enerji şirkəti “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazını Avropa bazarına çıxaracaq

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov sentyabrın 5-də “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gesparch”) silsiləsindən növbəti verilişinin qonağı olub. Əvvəlcə “Business & Diplomacy” jurnalının naşiri Frank Şüttiq, eləcə də tədbirə ev sahibliyi edən “Pestana Hotel” və tədbirin sponsoru “Jaguar Land Rover” şirkətinin nümayəndələri “Səfirlə söhbət” layihəsi çərçivəsində sayca beşinci olan tədbirin iştirakçılarını salamlayıblar.
Çıxış edənlər bildiriblər ki, sözügedən tədbirə çoxsaylı iştirakçıların qatılması Azərbaycana olan böyük ictimai marağın göstəricisidir. Tədbirdə çıxış edən səfir Ramin Həsənov geniş auditoriya qarşısında əvvəlcə Frank Şüttiqin və jurnalın baş redaktoru Rayner Şubertin, daha sonra isə tədbir iştirakçılarının Azərbaycana aid müxtəlif mövzulu suallarını cavablandırıb. Səfir Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin tarixən birgə yaşadığı, hazırda isə özünün multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya örnək olan, eləcə də bu dəyərləri bütün dünyada təşviq edən ölkə olduğunu bildirib. R.Həsənov Avropa ilə Asiya arasında körpü rolu oynayan ölkəmizin həm özünün tarixi köklərinə, milli-mədəni dəyərlərinə, həm də dünyəvi konstitusiya quruluşuna sadiq olduğunu vurğulayıb. Diplomat Azərbaycanın çətin geosiyasi məkanda tam müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü, bütün qonşuları ilə dost və mehriban qonşuluq münasibətləri saxlamağa çalışdığını qeyd edib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası sayəsində ölkəmizin xarici investorları və tərəfdaşları regiona cəlb etdiyini, bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini və hazırda “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihəni reallaşdırmaqda olduğunu bildirib. Səfir “Cənub Qaz Dəhlizi”nin regional inkişafa və əməkdaşlığa verdiyi töhfəni, eləcə də Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində oynayacağı rolu qeyd edib. Bildirilib ki, TANAP və TAP layihələri üzrə işlərin xeyli hissəsi artıq başa çatıb. Almaniyanın “Uniper” enerji şirkəti “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazını Avropa bazarına çıxaracaq. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən, biznes mühitinin təkmilləşdirilməsi üçün göstərilən səylərdən danışan səfir Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli investisiya mühitinin yaradıldığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyişin olmadığını diqqətə çatdırıb. Münaqişənin həlli imkanlarına toxunan səfir bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu, Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini bildirib. O, Dağlıq Qarabağın müstəqil olmasının və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqa zidd olduğunu, Azərbaycanın da bununla heç vaxt barışmayacağını vurğulayıb.
R.Həsənov Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli prosesinə təsir göstərmək iqtidarında olduqlarını bildirib. O qeyd edib ki, həm vasitəçilər, həm də digər ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarını ikili standartlarla deyil, beynəlxalq hüquq çərçivəsində qursalar, münaqişənin sülh yolu ilə və ədalətli həllinə töhfə vermiş olarlar. Səfir Azərbaycanın avropalı tərəfdaşlarından gözləntilərinin də məhz bu olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycanda alman məskənlərinin salınmasından söhbət açılıb. Səfir 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının Azərbaycanda tolerantlıq və xoş məramla qarşılandıqlarını bildirib. Diplomat ölkəmizdə məskunlaşmış yüzlərlə alman ailəsinin Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, o cümlədən respublikamızda şərabçılıq ənənələrinin əsasını qoyduqlarını bildirib. Qeyd olunub ki, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış sərəncama müvafiq olaraq tədbirlər planı hazırlanıb, həm Azərbaycanda, həm də Almaniyada bir sıra tədbirlər keçirilib. Sözügedən yubileyin cari il sentyabrın 19-da Parisdə UNESCO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini diqqətə çatdırılıb. Azərbaycanda alman dilinin həm orta, həm də ali məktəblərdə tədris olunduğunu, ölkə gənclərinin alman dilini öyrənmələri üçün yaxşı imkanların mövcud olduğunu deyən R.Həsənov bir müddət əvvəl Almaniya Bundestaqının Azərbaycanda Höte Mərkəzinin açılmasına dair qərar qəbul etdiyini vurğulayıb. Mərkəzin cari ildə istifadəyə veriləcəyi gözlənilir. Azərbaycanın turizm imkanlarına toxunan səfir R.Həsənov ölkəmizin əcnəbi turistlər üçün maraqlı olan tərəfləri barədə məlumat verib, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycanı ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib. Daha sonra səfir tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info