Aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur
Tarix: 08.09.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq

Aqroparkın fəaliyyəti regionda fəaliyyət göstərən kiçik və orta kənd təsərrüfatı məhsulları istehsalçıları üçün böyük imkanlar yaradır

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar–sənaye kompleksinin modernləşdirilməsi istiqamətində yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyası irəli sürülüb. Aqropark, kənd təsərrüfatı istehsalının qeyri- kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır. Yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır. Beləliklə, müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir.

26 rayon üzrə 157,8 min hektar ərazidə 40-a yaxın müasir aqropark yaradılır

Bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrinin inkişafına təkan verir, elmi yeniliklərin tətbiqinə şərait yaradır. Bundan başqa, aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibini yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması bölgələrin iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə başlaması həm də regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə, idxalı əvəzləyən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin tərkib hissəsi kimi xarakterizə edilir.
Hazırda ölkədə 26 rayon üzrə 157,8 min hektar ərazidə 40-a yaxın müasir aqropark yaradılır. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

“Yalama Aqropark”ı istehsal sahələri üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olub

Hazırda fəaliyyət göstərən aqroparklardan biri “Yalama Aqropark”ıdır ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkədə yaradılmış ilk Aqroparkdır.
Nazirlər Kabinetinin 12 sentyabr 2013-cü il tarixli 254S nömrəli sərəncamı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən “Yalama” südçülük-maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinə daimi istifadə üçün təhkim edilmiş 523 hektar torpaq sahəsinin əsasında özəl pilot təsərrüfat olaraq yaradılıb. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113 baş sağmal olmaqla 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. “Trend”in məlumatına görə, son 1 ildə “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb və istehsal genişləndirilib. Əkin sahələri genişləndirilməklə yanaşı, idxal əvəzləyici xarakterə malik soya bitkisinin əkini aparılıb, həmçinin taxıl və qarğıdalı bitkisinin əkinin həcmi genişləndirilib. Həmçinin heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir. Belə ki, heyvandarlıq kompleksinin istehsal gücü damazlıq istiqaməti üzrə 1300 baş sağmal inəyə qədər genişləndirilməsi, həmçinin əlavə olaraq istehsal tutumu 1000 baş olan yeni kökəltmə heyvandarlıq kompleksinin tikintisi üzrə işlərə start verilib.
“Yalama Aqropark”da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də ölkə üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. Belə ki, keçən əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15.6 ton məhsul yığılıb ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq olaraq tarixə keçib. Ümumilikdə son bir ilin istehsal nəticələrinə nəzər salsaq müəssisədə 400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca, 170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə silosluq qarğıdalı əkini və 50 hektar sahədə soya əkini aparılıb. Ümumilikdə son 1 ildə 895 ton dən arpa və 1846.5 arpa senajı, 2600 ton yonca senajı və 900 min ton quru yonca otu, 1560 ton dən qarğıdalı və 4325 ton silosluq qarğıdalı istehsal edilib. Hazırda 200 hektar silosluq qarğıdalı sahəsində məhsul yığımı davam edir. Sentyabr ayı ərzində dən arpa və soya yığımı işlərinə başlanacaq. Heyvandarlıq sahəsi üzrə gündəlik istehsal həcmi hazırda 13 tona bərabərdir.

“Yalama Aqropark”da istehsal edilən süd artıq xarici ölkə bazarlarında Azərbaycan məhsulu adı ilə satılır

“Yalama Aqropark” hazırda həm təsərrüfatda saxlanılan heyvan sayı, həmçinin daimi işçi heyətinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Hazırda təsərrüfatda cəmi heyvan sayı 2100 başa bərabərdir, təsərrüfata Avstriya və Almaniyadan gətirilmiş inəklərdən 2-ci laktasiya üzrə balaların alınması davam etdirilir. Həmçinin 300 yaxın dişi damazlıq düyələrdən növbəti il balalar alınacaq ki, onlarda sürü üzrə sağmal inək sayının artmasını təmin edəcək.
“Yalama Aqropark” layihəsində müəssisədə süd emalı zavodu və intensivlik bağçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. Hazırda müəssisənin bütün resursları yeni əlavə edilmiş 956 hektar sahədə müasir suvarma sistemlərinin qurulması və heyvandarlıq təsərrüfatının istehsal imkanlarının genişləndirilməsinə yönəldilib. “Yalama Aqropark”ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, k/t texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilib. Ümumilikdə qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 170 daimi iş yerinin yaradılması, illik 4 milyon AZN dəyərində təbii süd və 1.5 milyon AZN dəyərində bitkiçilik məhsulları istehsalına nail olunub. Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin suvarma suyuna olan ehtiyacların ödənilməsində mühüm rol oynayan 3.2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilib.
Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon AZN investisiya qoyuluşu planlaşdırılır. Bununla aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaq.
Süd satışı sahəsində tərəfdaşlıq etdiyimiz bir neçə süd emalı zavodu öz məhsullarını Rusiya və digər xarici ölkə bazarlarına çıxarır. Əminliklə söyləmək olar ki, “Yalama Aqropark”da istehsal edilən süd artıq xarici ölkə bazarlarında Azərbaycan məhsulu adı ilə satılır. Lakin öz məhsulumuz və brendimiz olaraq məhsulların daxili və xarici bazara satışı süd emalı zavodu fəaliyyətə başladıqdan sonra mümkün olacaq. Həmçinin cins damazlıq heyvandarlıq təsərrüfatında yetişdirdiyimiz cins düyələrin satışı da nəzərdə tutulur.
Hazırda heyvandarlıq kompleksinin tutumunun 1300 baş sağmal inəyə çatdırmaq və Müqtədir ərazisində 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə işləri icra edilir. Heyvandarlığın artan yem tələbatını təmin etmək üçün tutumu 6500 kubmetr olacaq taxıl anbarı (silo) və qurutma gücü 25 ton olan yeni qurutma sisteminin qurulması üzrə işlər davam etdirilir.
“Yalama Aqropark” ilk aqropark olaraq fəaliyyətə başlamaqla Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə icra edilən aqroparkların yaradılması işləri üçün bir nümunə və ya “brendə” çevrilib. Həmçinin aqroparkın fəaliyyəti regionda yaşayan və fəaliyyət göstərən kiçik və orta k/t məhsulları istehsalçıları üçün də əlavə üstünlüklər qazandırıb. Bu əkin ili üzrə heyvandarlıq təsərrüfatının ehtiyacları üçün regionda olan fermer təsərrüfatlarından 1000 tona yaxın dən arpa və 500 min kq arpa samanı alışı həyata keçirilib.
“Yalama Aqropark” təkcə k/t məhsullarının istehsal ilə deyil, həmçinin ölkədə kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığına da öz töhfəsini verməyə çalışır. Bu istiqamətdə k/t sahəsi üzrə ölkədə fəaliyyət göstərən ali təhsil və digər təhsil pilləsi müəssisələri ilə əməkdaşlıq edir. Yay aylarında gənclər üçün yay təcrübə proqramı yaradılıb ki, bu da region və digər bölgələrdən olan gənclərə k/t üzrə praktik biliklər əldə etmək imkanı yaradıb. Hazırda müəssisədə çalışan 170 işçinin hamısı yerli mütəxəssislərdir. Onların ixtisas üzrə bilik və bacarıqlarını genişləndirilməsi üçün müəssisə olaraq səylər davam etdirilir. Keçən bir il ərzində 2 əməkdaş Almaniyada, 2 əməkdaş Türkiyədə 2-3 həftəlik təlimlərdə iştirak edib. Həmçinin 3 alman mütəxəssisin iştirakı ilə müəssisədə 3 həftə ərzində yerli mütəxəssislər üçün təlimlər təşkil edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info