“Elə aktyorlar var ki, özünü rola uyğunlaşdırmaqdansa, rolu öz xarakterinə uyğunlaşdırır…
Tarix: 06.05.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Ötən həftə Prezident İlham Əliyev “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncama əsasən, Prezident mükafatı veriləcək incəsənət xadimləri arasında görkəmli aktyor, Azərbaycanın Xalq artisti Ramiz Novruzun da adı var. Azərbaycan kino sənətində Milli Qəhrəman Həzi Aslanovun siması kimi tanınan sənətkarımız aktyorluq məktəbinin görkəmli nümayəndəsi kimi göz önündədir. Ramiz müəllimin teatr sahəsində də əvəzsiz rolunu görməmək qeyri-mümkündür. Çünki yaratdığı İbn Yəmin (Hüseyn Cavidin “İblis” əsəri), Səlim bəy (M. F. Axundzadənin “Lənkəran xanın vəziri” əsəri), Loğman (Bəxtiyar Vahabzadənin “Fəryad” əsəri), Fərhad (Şıxəli Qurbanovun “Sənsiz” əsəri), baş redaktor (Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" əsəri), Murad (Hüseynbala Mirələmovun “Xəcalət” əsəri), Cəbrayıl (Elçin Əfəndiyevin “Teleskop” əsəri) və başqa rolların xüsusiyyətlərini qüsursuz şəkildə səhnə qarşısında tamaşaçılara çatdırması aktyorun sənətinin yüksək məqamlarda olmasından xəbər verir. Ramiz Novruzla həm öz sənət fəaliyyəti, həm də aktyorluq sənətinin incəlikləri ilə bağlı həmsöhbət olduq. Bu müsahibəni oxuculara təqdim edirik:

-Ramiz müəllim, ifa etdiyiniz obrazların insani xüsusiyyətləri sizdə çətinliklər yaratmayıb ki?
- Mən 1978-ci ildən səhnədəyəm. Amma Akademik Milli Dram Teatrında isə 1981-ci ildən çalışıram. Mənim yaratdığım ilk obraz general Şıxlınskinin obrazı olub. Nəriman Həsənzadənin “Nəriman” poeması əsasında “Qoy bütün Şərq bilsin” adlı tamaşa hazırlanmışdı. Tərəf müqabillərim isə Məlik Dadaşov və Hicran Mehbalıyeva idi. O vaxt biz Sumqayıt Dövlət Teatrında çalışırdıq. Akademik Milli Dram Teatrında işə “Malbert” və “Xurşudbanu Natəvan” tamaşaları ilə başlamışam. Artıq 32 ildir ki, Akademik Dram Teatrında çalışıram. İrili-xırdalı bir neçə obraz yaratmışam. Onların arasında bəyəndiyim rollar da olub, bəyənmədiyim rollar da. Ancaq oynadığım rolların 90 faizi mənim xarakterimə uyğun gəlib. Klassik ədəbiyyatda isə hansısa rolu özün kimi oynasan, onda bu rolu özəlləşdirmiş olursan. Əslində elə aktyorlar da var ki, özünü rola uyğunlaşdırmaqdansa, rolu öz xarakterinə uyğunlaşdırır. Fikrimcə, bu, düzgün deyil. Çünki onda sən əsərdəki qəhrəmanı deyil, tam fərqli bir obrazı yaradırsan. Bu da öz növbəsində əsərdə başqa bir amplua yaradır.
- Xarakterinizə uyğun olmadığı üçün sizə verilən roldan imtina etmisinizmi?
- Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” tamaşasında mənə evin ərköyün oğlu olan gözləri kor nazir oğlu rolu verildi. Mən bu rolda özümü duymadığım üçün roldan imtina etdim və səbəbini də izah etdim. Vaxtilə çəkildiyim “Dodaqdan qəlbə” serialında da oynamaq istəmirdim. Çünki bilirdim ki, bu mənim rolum deyil. Amma rejissor Lütfi Məmmədbəyovla münasibətimiz çox yaxşı idi və məni serialda oynamağa razı saldı. Lakin yenə də mən rolun mənə uyğun olmadığını düşünürdüm.
- “Dodaqdan qəlbə” serialı o vaxt sevilən və baxılan serial idi. Bəs sizcə, indi belə seriallar çəkilə bilərmi?
- O, əsərin gücü idi. Çünki əsər məşhur idi. “Dodaqdan qəlbə” o dövrün gənclərinin stolüstü kitabı idi. Rəşad Nuri Güntəkinin və Orxan Kamalın məhəbbət mövzusunda yazılan əsərləri o dövrün stolüstü kitabları idi.
Serialların belə çəkilməsi isə indiki dövrdə mümkün deyil. Çünki o dövrdə belə texnika və dövlət dəstəyi yox idi. Hər rejissor da serial çəkə bilməz, həm də o dövrdəki kimi baxıla bilməz. Çünki o vaxt bir televiziya var idi və bir gecədə istənilən insan məşhur olurdu. Amma indi kifayət qədər yerli və xarici telekanal və internet var. Ona görə də ardıcıl olaraq bir neçə rolda çox yaxşı çıxış etmək lazımdır ki, səni tanısınlar.
Teleməkanda təxminən ona yaxın serial yayımlandı. Onlardan da biri, ya da ikisi seçildi. Serial belədir ki, ilk seriyaları tamaşaçını cəlb etmirsə, o serial baxılmayacaq. Ona görə də serialın sirlərini bilmək, tamaşaçının və zamanın nəbzini tutmaq çox vacibdir.
- Görkəmli və professional aktyor kimi sizin fikrinizcə, hal-hazırda çəkilən seriallar daha çox rəğbət qazanır, yoxsa bədii filmlər?
- 1995-ci ildən bu günə qədər çəkilən filmlərdən bir-ikisi sevildi. Onlardan biri Aqil Abbasın povesti əsasında çəkilmiş “Dolu” filmi idi. Bir az səs-küyə səbəb olan “Cavad xan” filmi oldu. “Sarı gəlin” filmi isə efirdə çox yayımlanmayıb. Artıq filmlərimiz də çox çəkilmir. Seriallar isə xüsusi bir məktəbdir. Serial çəkən rejissorun məktəbi ayrıdır. Eləcə də teatr, kino, televiziya tamaşası. Hər insan da serial çəkə bilməz. Onlar gərək bu sahədə təhsil alıb, serial çəkməyin sirlərinə yiyələnsinlər.
- Bugünkü gündə sizcə, nəyə görə gənc aktyorlarımızın çıxışı kliplərdə təbii, film və seriallarda isə qeyri-təbii alınır?
- Aktyorluq qabiliyyəti gənclik və ya yaşlılıqdan asılı deyil. İstedadlı və istedadsız aktyorlar var. Sadəcə bundan düzgün istifadə etmək lazımdır. Klip çəkilişlərində rejissora sadəcə baxışlar və hərəkətlər lazımdır. Mahnının müddəti 3-4 dəqiqə olduğu üçün bu vaxt ərzində fikri ifadə etmək asandır. Amma iki-üç saat fikri ifadə etmək, tamaşaçının nəbzini tutub onu maraqda saxlamaq çox çətindir.
- Sizin vaxtilə oynadığınız Həzi Aslanov obrazı dillər əzbəridir. Bu gün sizə belə rol təklif etsələr, onu da Həzi Aslanov kimi yarada bilərsinizmi?
- Həzi Aslanov Azərbaycanın Milli Qəhrəmanıdır. O, 35 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bir müsəlman olaraq xristianların əhatəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı seçilmək böyük igidlikdir. Amma əslində bir arzum var ki, Qarabağ mövzusunda ziddiyyətli xarakteri olan, hansısa rayonu işğaldan azad etmiş azərbaycanlı komandirin obrazını yaratmaq istəyirəm. Əsas odur ki, mövzunun yolu açılsın. Çünki bu mövzuda çox az filmlər çəkilir. Məsələn, “Dolu” filmi Qarabağ mövzusunda çəkilmiş uğurlu filmlərdən biridir. Vaxtilə “Fəryad” filmi də çəkilib. “Sarı gəlin” filmi isə ziddiyyətli olduğu üçün televiziyada yayımlanmayıb. Amma iyirmi illik müharibə üçün iki-üç yaxşı film düzgün deyil. Mənə elə gəlir ki, bu mövzunun üzərində çalışmaq lazımdır. Amma bu iş istedadlı rejissorlara verilsin. Çünki Qarabağdan və ya Xocalıdan bəhs edən adi bir film çəkmək günahdır. Belə mövzulara barmaqarası yanaşmaq günahdır. Ona görə də arzu edirəm ki, ciddi ssenari, ciddi rejissor və ciddi iş olsun, mən də bir obrazı canlandırım.
- Bizim bir çox görkəmli aktyorlarımız var. Sizcə, indiki gənc aktyorlar arasında onların yolunu gedənlər olacaqmı?
- Bizim istedadlı gənc aktyorlarımız var və həmişə olacaq. Sadəcə onlardan düzgün istifadə edən rejissorlarımız yoxdur. Hal-hazırda Hikmət Rəhimov, Rövşən Kərimov, Anar Heybətov, qadınlardan Şəhla Əliqızı, Məsmə Aslanqızı və s. kimi istedadlı gənc aktyorlarımız var.
- Ramiz Novruz bu 32 il ərzində səhnə həyatında kimi ifa edib və yaxud ifa etmək istəyib?
- Belə bir deyim var: “Aktyorun ürəyi oynanmamış obrazların qəbiristanlığıdır”. Aktyor nə qədər oynasa da, oynamaqdan doymur. Təbii ki, bir çox aktyorlar özünü ifa edir. Məsələn, Qarabağdan bəhs edən “Xəcalət” tamaşasında oynadığım rol mənim öz ağrılarımdır. Vaxtilə Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya?” əsərində özümü oynamışam. “Pərvanələrin rəqsi” serialında yaratdığım obraz 95 faiz özüməm. Amma elə rollarda var ki, orada ancaq rejissorun fikrini çatdırmaq lazımdır.
Azərbaycan kino sənətində misilsiz rollar yaradan Ramiz müəllimin sənətinin bu günümüzün gənc aktyorlarına qüsursuz bir örnək olacağına əminəm. Onun səhnə həyatındakı alicənablığının aktyorluq məktəbi üçün əvəzsiz bir örnək olduğunu düşünürəm. Bu yaxınlarda gözəl aktyorumuz, Xalq artisti Ramiz Novruzun 58 yaşı tamam olacaq. Bu münasibətlə böyük sənətkarımızı təbrik edir, uzun ömür, can sağlığı və həmişə Azərbaycan incəsənətində var olmağı, sənətinin zirvəsində dayanmağı və hər zaman səhnələrdə əzəmətli görünməyi arzu edirik.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info