“Azərbaycan artıq qlobal çağırışlara cavab vermə gücünə malikdir”
Tarix: 06.05.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Mirağa Quliyev: “Avropadan fərqli olaraq, Baltikyanı ölkələrdə azərbaycanlıların yuxarı orqanlarda təmsili üçün daha çox imkanlar var”

Müsahibimiz Mirağa Quliyev Estoniyada doğulub, lakin valideynləri əslən azərbaycanlıdır. Onun atası hərbçi olub. Valideynləri Naxçıvanda ailə qurduqdan sonra Tallinə köçüblər. Ailədə 4 övladdırlar. M.Quliyevin atası Baltikyanı regionda Azərbaycan diasporunun yaranmasında və diaspor fəaliyyətinin inkişafında təşəbbüskarlardan biri olub. Atasının bu işdə əzmkar fəaliyyəti onu da bu işi davam etdirməyə sövq edib. M.Quliyev qəzetimizə müsahibəsində dedi ki, bu yolda ona 16 yaşında ikən, yəni 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının böyük təsiri olub.
-İndiyədək ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri yadımdadır. Mən o məşhur çıxışın canlı şahidi olmuşam və o eşitdiyim sözlər mənə dərindən təsir etmişdi. O zaman anladım ki, diaspor işi coğrafi sərhəd tanımır, Vətənini, xalqını sevən heç vaxt yanlışlığa yol vermir. Bir məqamı dərk etmək lazımdır ki, ölkə xaricində etdiyimiz hər bir hərəkət Vətənimiz-Azərbaycanı əks etdirir.
Hazırda Eston-Amerikan təhsil müəssisəsində ictimaiyyətlə əlaqələr üzrə təhsil alıram. Mən daim yeni texnologiyaları mənimsəməyə can atıram. Bizim diasporların formalaşarkən, üzləşdiyi bütün çətinlikləri görmüşəm. Onlar başqa ölkələrə bənzəyirlər.
Biz tariximizdə birliyi və parçalanmanı yaşamışıq və hazırda biz, yəni Azərbaycan diasporunun gənc nümayəndələri, bu gün keçmişdə buraxılmış imkanların fərqindəyik və bunları gələcək nəsil naminə daha qısa yolla əldə etməyə çalışırıq. Çünki bizim nəsil xaricdə formalaşıb, əgər biz indi effektiv şəkildə təşkilatlanmasaq, gələcəkdə istəmədən assimilyasiyaya uğramış olacağıq. Mən sevinirəm ki, dövlət strukturları bizimlə həmfikirdilər və bizə hərtərəfli dəstək olurlar. Bəzi təşkilatların fəaliyyəti, diasporun tam olaraq mədəni əlaqələrin möhkəmləndirilməsində ehtiyaclarını ödəmir. Dünyanın dəyişdiyini başa düşərək biz Azərbaycanın təbliğatçıları daim milli maraqlarımızı düzgün müdafiyə etməyə çalışmış, yeni texnologiyaları mənimsəməyə, Cənubi Qafqaz regionunda baş verən hadisələrin necə tənzimlənməsi və onlara düzgün reaksiya verilməsi psixologiyasını öyrənməyə cəhd etmişik. Heydər Əliyev uzaqgörən və strateji təfəkkürə malik olan bir siyasətçi kimi, həmçinin özü də bir vaxtlar diaspor nümayəndəsi olduğu üçün, birləşmiş diasporun formalaşmasının gələcəkdə xarici ölkələrdə Azərbaycanın maraqlarının təbliği üçün önəmini artıq o zamandan bilirdi. Bu gün bu siyasəti Diasporla İş üzrə Dövlət Komitəsi uğurla həyata keçirir. İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışını xatırlayanda başa düşürəm ki, diaspor məsələsi bu gün də Azərbaycan dövlətinin diqqət mərkəzindədir və bizim inkişafımızın təzahürüdür. Hər bir azərbaycanlı bu diqqəti öz üzərində hiss edir.
Mən bu günlərdə Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının İstanbulda keçirilmiş iclasında, başqa bir ölkənin vətəndaşı kimi iştirak etmişəm. Azərbaycanın gənc təbliğatçısı olaraq mən hiss etdim ki, Vətənim artıq qlobal çağırışlara cavab vermə gücünə malikdir. Ölkəmiz naminə işləyən hər bir azərbaycanlı öz tarixi Vətəninin diqqət və qayğısı ilə əhatələnəcək. Mən səmimi qəlbdən bizim dövlətimizin siyasi kursunu dəstəkləyirəm, müqayisə ediləcək çox şey var, biz nəinki on illər, hətta ayları və günləri belə itirə bilmərik. Bizi sevməyənlər daim bizim gördüyümüz işləri izləyir və bizi qabaqlamağa çalışırlar. Bu səbəbdən biz heç nəyə baxmayaraq, milli maraqlarımızın müdafiəsində birlik nümayiş etdirməliyik.
-Estoniyada gənclərlə bağlı nə fəaliyyət göstərirsiniz?
- Biz ölkələrimiz arasında ikitərəfli mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətdən cəmiyyətimizin maksimum dərəcədə bəhrələnməsi üçün gənclərimizin fəaliyyətini koordinasiya etməyə hazırlaşırıq. Biz eston ictimaiyyəti ilə “məcburi” tədbirlər keçirmirik ki, onlar özləri bizim ölkəmizin tarixi həqiqətlərini düzgün qiymətləndirsinlər. “Uğur” təşkilatı Estoniyaya rəsmi şəxslərin səfəri zamanı hər zaman keçirilən rəsmi tədbirlərdə və görüşlərdə iştirak edir. Ən yadda qalanı isə 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniyaya tarixi səfərində iştirak etməyimiz olub. O zaman biz cənab Prezidenti demək olar ki, bütün görüşlərdə müşayiət edirdik. İstənilən tədbirlərdə, hətta Avropa daxili olsa belə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa və Vətənimizin müsbət imicini qorumağa çalışırıq. Qarabağ problemi həll edilməyincə biz heç kimə həddindən artıq yumşaqlıq göstərmək fikrində deyilik. Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü kimi biz öz fəaliyyətimizi Azərbaycanın rəsmi strukturları ilə əlaqələndiririk və Vətənimizin xoşbəxt gələcəyi naminə öz fəaliyyətimizdə maksimal effektivliyə nail olmağa çalışırıq. Çünki əvvəl-axır bizim pənah yerimiz öz Vətənimiz olacaq.
- Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Xaricdə təhsil alan gənc, yeni biliklər əldə etməklə yanaşı, öz dünyagörüşünü artırır. Bu isə gələcəkdə ölkəmizin inkişafında öz müsbət nəticələrini göstərməlidir. Daim öz üzərində işlədikcə, vətəninin birinciləri sırasında olmaq nailliyyətini qazanırsan.
- Estoniyadakı azərbaycanlı gənclərin həmrəyliyi necədir?
- Artıq biz problemləri dəf etmişik. Bizi bütün gənclər dəstəkləyir, biz isə öz növbəmizdə, onların hər birinə müxtəlif sahələrdə kömək göstəririk. Biz bütün səylərimizi yönəldirik ki, bizim Baltikyanı ölkələrdəki gənclərimiz gələcəkdə gözəl jurnalist, siyasətçi, deputat olsunlar və bir neçə ildən sonra Vətənimizin dəstəyi ilə Avropa deputatları səviyyəsinə qalxsınlar. Biz indi bu yolları öyrənirik, bu, bizim üçün yaxın 7 ildə prioritet məsələlərdir. Mən əminəm ki, Avropadan fərqli olaraq, Baltikyanı ölkələrdə azərbaycanlıların yuxarı orqanlarda təmsili üçün daha çox imkanlar var.
-Gənclərimiz diaspor sahəsində aktivlik göstərirlərmi?
- Bəli, həmişə və hər bir işdə. Qürurla tanınmış bloqqer və aktivist Tural Şirinovu, Estoniyanın və Avropanın karate üzrə çempionu Amid Məhərrəmovu və bir çoxlarını qeyd etmək istərdim.
-Vətənlə əlaqələriniz hansı formadadır?
- Vətən həm də doğma insanlarla təmas deməkdir. Uzaq məsafəyə baxmayaraq, biz onlarla əlaqələri kəsmirik və bizim gələcəkdə Azərbaycanla bağlı layihələrimiz var. Vaxt gələcək və mən bir çox həmyerlilərimiz kimi, toy mərasimimi Azərbaycanda keçirəcəyəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycanın ağır günlərində biz burada yaşayan başqa ailələr kimi Vətənimizdəki soydaşlarımıza köməyimizi əsirgəmirdik və bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində əhalinin rifahı o səviyyədə yaxşılaşıb ki, artıq onlar özləri kömək etmək iqtidarındadırlar. Azərbaycan bu gün bütün sahələrdə intensiv inkişaf edir, o cümlədən vətəndaşların sosial gəlir səviyyəsi artmaqdadır, bu isə diasporumuzun inkişafı üçün böyük zəmin yaradır.
-Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Biz Baltikyanı ölkələrdəki özümüzəbənzər təşkilatlarla sıx əməkdaşlıq edirik. Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının İstanbulda keçirilən iclasında biz demək olar ki, dünyanın hər guşəsindən olan maraqlı insanlarla ünsiyyətdə olduq. Bu bizim əməkdaşlığımız və lazımi informasiya mübadiləsi üçün yeni perspektivlər yaradır. Əvvəllər bizim bu imkanlarımız yox dərəcəsində idi. Bu gün belə formatda olan tədbirlərdə iştirak etmək bizdə irəliyə getmək arzusu yaradır.
-Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?
- Son dəfə noyabr ayında qohumlarımızın toyunda olmuşam. Ümid edirəm, tez bir zamanda Azərbaycana gələrəm. Təəssüf edirəm ki, atamın doğma yurdu Zəngəzuru görə bilməyəcəyəm, lakin ümid edirəm ki, vaxt gələcək və mən orada ev tikəcəyəm. Mən Naxçıvanda da olmamışam, bu il yayda oranı da ziyarət etməyi planlaşdırıram. Siz təsəvvür edə bilməzsiniz ki, qürbətdə yaşamaq nə deməkdir! Planlar çoxdur, lakin ilk növbədə, şəxsi həyatdır.

Fuad HÜZEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info