Ortaq tariximizə həsr olunan beynəlxalq konfrans
Tarix: 12.09.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


İsa Həbibbəyli: “Məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Şərqi və Qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunan və üç gün davam edəcək tədbir “İNOCTE 2017-“Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində reallaşıb. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də gül düzülüb.
Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Şərqi və Qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələrinin müzakirə edilməsi və fikir mübadiləsi aparılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır. Türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan akademik bu proseslərin səbəb olduğu sosial-iqtisadi dəyişikliklərdən, yeni formalaşan etnik-mədəni dəyərlərdən, bunların xalq və dövlətlərin inkişafındakı rolundan söz açıb. Türkoloji məsələlərlə bağlı AMEA-da bir çox tədbirlərin keçirildiyini xatırladan İ.Həbibbəyli konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Konfransın təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirən konqresin baş əlaqələndiricisi, professor Alaattin Aköz üç gün davam edəcək simpoziumun işinə uğurlar arzulayıb.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edib, müvafiq mövzu ilə bağlı fikirlərini səsləndirib və təkliflərini irəli sürüb. O, ortaq tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, eləcə də problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilmələrinin vacibliyini vurğulayıb.
Türk Tarix Qurumunun sədri, professor Refik Turan müxtəlif tarixi dövrlərdə yaşayıb yaratmış məşhur türk alimlərinin bu gün də istifadə olunan elmi tədqiqatlarından, dünya elminə verdiyi töhfələrdən danışıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, bugünkü beynəlxalq elmi konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında mühüm və əlamətdar bir hadisədir. Bu beynəlxalq elmi konfrans Şərqi və Qərbi türk dünyasına dair aparılan elmi-tədqiqatların nəticələrini müzakirə etmək, fikir mübadiləsi aparmaq, türk dünyasının tarixi köklərinin daha dərindən öyrənilməsi üçün elmi araşdırmaların genişləndirilməsi, bu sahədə çalışan elm xadimlərinin bilik və təcrübələrini bölüşə biləcəkləri akademik bir platformanın yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Konfrans həm də Azərbaycanla Türkiyə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə öz layiqli töhfəsini verəcək.
Rektor qeyd edib ki, müstəqil Azərbaycan dövləti həmişə qardaş Türkiyədən yüksək səviyyədə dəstək alıb. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olub. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin müdrikliklə dediyi “Biz bir millət, iki dövlətik” və eyni zamanda böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” fikirləri eyni soy-kökdən olan iki xalq arasında dərin mənəvi-siyasi birliyi, dostluğu, əməkdaşlığı parlaq əks etdirir. Hazırda Azərbaycanla Türkiyə uğurlu ikitərəfli əməkdaşlıq etməklə yanaşı, həm də beynəlxalq təşkilatlarda bir-birlərinə yüksək səviyyədə dəstək verirlər.
Rektor çıxışı zamanı vurğulayıb ki, 97 illik tarixə malik olan ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ADPU yeni inkişaf yoluna qədəm qoyub. Hazırda ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbə-müəllim heyəti arasında sağlam mənəvi mühitin yaradılması, insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, universitetin tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi istiqamətində islahatlar həyata keçirilir və bu islahatların davamlı olması nəzərdə tutulur. Universitetdə həm tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişiklərinə zəmin yaratmışdır. Bütün bunlarla yanaşı, ADPU-da beynəlxalq əlaqələrin genişləndirilməsinə və xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Çünki beynəlxalq əlaqələr ali təhsil müəssisəsinin inkişafının ən mühüm amillərindən biridir. ADPU müxtəlif xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparır, müştərək layihələr həyata keçirir, beynəlxalq konfranslarda, konqreslərdə, təhsil proqramlarında iştirak edir. Bugünkü beynəlxalq elmi konfransın keçirilməsi iki qardaş xalqın birgə elmi araşdırmalarının gələcək perspektivlərindən xəbər verir və yeni əlaqələrin yaranmasına kömək edəcək.
Konfransda Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin və digər çıxış edən alimlər türk dünyasının problemlərindən və inkişaf meyillərindən, türklərin tarixboyu nə qədər qəhrəman, mübariz bir xalq olmasından danışıblar.
Şərqi və Qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən bəhs edən alimlər qədim türk yazılı mənbələrinin yenidən tədqiqinin, ortaq dəyərlərin qorunub saxlanılmasının və ayrı-ayrı türkoloji mərkəzlərin münasibətlərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra bir qrup alimə təşəkkürnamələr təqdim edilib.
Plenar iclasdan sonra konfrans işini ADPU-da bölmə iclasları ilə davam etdirib. İclaslarda azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.
Konfrans sentyabrın 14-dək davam edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info