“Səfərnamə ədəbiyyatı tarix üçün ən etibarlı mənbələrdən hesab olunur”
Tarix: 13.09.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Müsahibimiz AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğludur:

- Şəmsi müəllim, son vaxtlar AMEA-nın Şərqşünaslıq İnstitutunda, o cümlədən elmi yaradıcılığınızda hansı yeniliklər var?
- Son vaxtlar zamanın və müstəqil dövlətçiliyin tələbi ilə AMEA-nın bütün elmi müəssisələrində olduğu kimi, onun Şərqşünaslıq İnstitutunun strukturunda da təkmilləşmə prosesi gedir. İnstitutda Nəşriyyat və elmi informasiya təminatı, Şərq-Qərb, Mərkəzi Asiya və Uzaq Şərq ölkələri, Asiya Sakit okean regionu ölkələri şöbələrinin yaradılması məhz bu təkmilləşmənin nəticəsidir.
Şəxsi elmi yaradıcılığıma gəlincə, keçən il mənim üçün uğurlu oldu. “Mirzə Müslüm Qüdsi “Divan”ının filoloji tədqiqi” adlı dissertasiya işini iki indeks-5718.01-Dünya ədəbiyyatı (fars ədəbiyyatı) və 5716.01-Azərbaycan ədəbiyyatı indeksləri üzrə müdafiə etdim. Cemelli Karerinin “Səfərnamə” əsərinin tərcüməsi hissə-hissə “Palitra” qəzetində dərc edildi. “M.M. Qüdsinin “Tousifi-İrəvan” məsnəvisi İrəvanın tarixi, coğrafiyası və milli kimliyinin öyrənilməsi üçün mənbə kimi” məqaləm Avrasiya Universitetinin “Sivilizasiya” jurnalında, “M.M.Qüdsinin irfani və ictimai görüşləri” məqaləm isə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” jurnalında çap olundu.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycan mətbəxi” kitabını rus dilindən fars dilinə tərcümə etdim və o, nəfis bir şəkildə işıq üzü gördü, Bakıda yaşayan və oxuyan iranlı eloğlularımız, xüsusən də İrandan gələn turistlər tərəfindən böyük maraq və sevinclə qarşılandı. Yəqin ki, onun təkrar nəşri də olacaqdır.
Rəhmətulla xan Mütəmədülvüzaranın I Dünya müharibəsi və ondan sonrakı illərə dair “Urmiya dünyanı yandıran müharibədə” adlı xatirələrini “ fars dilindən Azərbaycan dilinə çevirdim və o, çapa təqdim olundu. Həmin tərcümənin ssenarisi əsasında film çəkilişi nəzərdə tutulub.
“Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divanı”” monoqrafiyamı tamamladım və o, institutun Elmi Şurasının qərarı ilə çapa təqdim edildi.
2017-ci il yekunlaşmasa da, artıq bu ilə aid bəzi uğurlardan danışmaq olar. Əlbəttə, bu uğurlar təkcə mənə deyil, bütövlükdə Şərqşünaslıq İnstitutuna aiddir.
“Purya Vəlinin şəxsiyyəti və rübailəri” elmi işimin 2017-ci ilə aid “Purya Vəlinin həyat və fəaliyyətinə dair mənbələr” adlı I mərhələsi qismən icra olunub. Çünki aid mənbələr İranın, Hindistanın, Orta Asiyanın əlyazma mərkəzlərindədir. Ona görə də, heç olmasa, İrana ezamiyyətə ehtiyac var. Yəqin ki, irəlidə İrana elmi ezamiyyətə gedəcəyəm.
Bu il “Mirzə Müslüm Qüdsi İrəvani və onun “Divanı” monoqrafiyam, eləcə də, “Urmiya dünyanı yandıran müharibədə” irihəcmli tərcümə əsərim çap olunub. Yaradıcı insan üçün kitabının işıq üzü görməsi böyük sevincdir. Xüsusən də, bu işləri məqsədəuyğun şəkildə gördüyünü və onların bu xalqa və millətə, eləcə də dövlətçiliyimizə lazım olduğunu düşünəndə insan, təbii olaraq, qürur hissi keçirir və sevinci birə beş artır. Bu günlərdə “Urmiya dünyanı yandıran müharibədə” əsərinin təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
2017-ci ildə Cemelli Karerinin “Səfərnamə” əsəri, institutun Elmi Şurasının qərarı ilə çapa təqdim edilib. Yeri gəlmişkən qeyd edim ki, İrana-Azərbaycana dair 500-dən artıq səfərnamə yazılıb. Bu da bir faktdır ki, səfərnamə ədəbiyyatı tarixə işıq tutması baxımından çox böyük maraq doğurur və ən etibarlı mənbələrdən hesab olunur. Çünki o, hal, hadisə və prosesləri özündən sonrakı nəsillərə daha dolğun şəkildə çatdırır. Düzdür, səfərnamədə müəllifin subyektiv fikir və münasibətləri də ifadə edilə bilər. Bununla belə, səfərnaməni yazan şəxs özü o hadisələri görüb, eşidib, bir çox hallarda isə şəxsən yaşayıb. Ona görə də tarixin, o tarixdə baş verən hadisələrin, tarixi coğrafiyanın, dövrün ictimai, iqtisadi, ədəbi-mədəni və siyasi mənzərəsinin, xalqın (xalqların) həyat tərzi, məişəti, inanclarının, bütövlükdə dil, ədəbiyyat və mədəniyyətinin, dövrün idarəçilik sisteminin, fərdi və ictimai, eləcə də dövlətdaxili və dövlətlərarası münasibətlərin, müəyyən elmlərin, cəmiyyətin və təbiətin digər məsələlərinin öyrənilməsində səfərnamələrin əhəmiyyəti və rolu danılmazdır. Ancaq, çox təəssüflər olsun ki, onlardan yalnız barmaqla sayıla biləcək qədəri ana dilimizə tərcümə olunub.
Cemelli Karerinin “Səfərnamə” əsərinin dilimizə tərcüməsi mənim bu sahədəki ikinci işimdir. Birinci səfərnamə tərcüməm isə Süleyman xan Dərgahın, İranın “Məclis” kitabxanasının fondunda saxlanılan əlyazmasından tərcümə etdiyim və 2014-cü ildə Şərqşünaslıq İnstitutunun çap etdirdiyi “Səfərnamə” olub.
“Cemelli Karerinin Naxçıvanla bağlı verdiyi bəzi məlumatlar” məqaləm BDU-nun Filologiya fakültəsində keçirilən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” respublika elmi-nəzəri konfransının materiallarında çap olunub.
Yeri gəlmişkən, bir neçə cümlə Cemelli Kareri haqqında. Milliyyətcə italyan olan Covanni Françesko Cemelli Kareri (1651-1725) ixtisasca hüquqşünasdır; Neapolda Yezuit kollecini bitirib və hüquq üzrə elmlər doktoru dərəcəsi alıb. Lakin dünyanı gəzmək və görmək həvəsi onu Yer kürəsinin ən məşhur səyyahlarından birinə çevirib. Macərapərəst və avantürist təbiətli C.Kareri 1685-1687-ci illərdə Avropa ölkələrini (Fransa, İspaniya, Almaniya və Macarıstanı) dolaşıb, “Macar şirkətinin məruzəsi” (1689) və “Avropaya səyahət” (1693) əsərlərini qələmə alıb. 1693-cü ildə dünya səyahətinə çıxan C.Kareri 5 il yarım müddətində Messina, Malta, Türkiyə, İran, Hindistan, Çin, Filippin, Meksika, İspaniya, Fransanı gəzib və vətəni İtaliyaya qayıdıb, 6 cildlik “Dünya səyahəti” əsərini (1699) çap etdirib. Cildlər aşağıdakı ölkələri ehtiva edir: I cild-Türkiyə; II cild-İran; III cild-Hindistan; IV cild-Çin; V cild-Filippin; VI cild-Yeni İspaniya. Bəzən Cemelli Karerini turizmi icad etmiş şəxs adlandırırlar.
Göründüyü kimi, tərcüməyə cəlb edilən C.Karerinin “Dünya səyahəti”nin II cildidir. Yəni o, XVII əsrin 90-cı illərində Şah Süleyman Səfəvi vaxtında Osmanlı yolu ilə İrana gəlib, Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edib. Güclü qələmə və təsvir qabiliyyətinə sahib olan C.Kareri, İranda gördüklərini və eşitdiklərini özünün “Səfərnamə” əsərində işıqlandırıb.
- C.Karerinin “Səfərnamə”sində hansı maraqlı məqamlar diqqətinizi cəlb etdi?
- C.Karerinin “Səfərnamə”sində maraqlı məqamlar olduqca çoxdur, onlardan bir neçəsinə diqqət yetirək. Missioner səyyah İsfahanda portuqaliyalı missionerlərin malikanəsində qalıb. Bununla bağlı o, yazır ki, bu malikanədə bir portuqaliyalı aşpaz ləzzətli yeməklər bişirirdi. Ondan başqa, 12 nəfər xidmətçi xidmət göstərirdi. Onlardan 3 nəfəri qərbli, 2 nəfəri ərəb, 3 nəfəri erməni, 4 nəfəri isə hindistanlı idilər. XVII əsrin sonlarında İsfahanda portuqaliyalı missionerlərin saxladıqları 12 nəfər xidmətçidən cəmi 3 nəfərinin iranlı, həm də məhz erməni olması insanı düşündürən bir məsələdir, deyilmi? Erməni xidmətçilərdən söz düşmüşkən, C.Karerinin ermənilər haqqında fikirləri maraqlıdır. Müəllifin, İsfahanda şahidi olduğu hadisələrdən biri də bu olub ki, katoliklər, İsfahanın Culfa rayonunda öz üslublarına uyğun balaca bir kilsə tikmək və onu öz dini ənənələrinə görə idarə etmək üçün inşaata başlayırlar. Ermənilər əvvəlcə səs-küy salmağa və etiraz etməyə girişirlər. Ancaq kilsənin tikintisinin getdikcə irəli getdiyini görüncə, 2000 nəfərə qədər erməni bir yerə toplanıb ruhani pedroların evlərinə hücum çəkərək onları qarət edirlər. Bundan xəbər tutan Polşanın İrandakı səfiri dərhal özünün silahlı mühafizə dəstəsini ermənilərin üstünə göndərir və çox böyük çətinliklə ermənilərin hərəkətlərinin qarşısını almağa və onları dağıtmağa müvəffəq olur. Əgər Polşa səfiri hadisələrə müdaxilə etməsəydi, bərpası mümkün olmayan ziyanlar meydana gələcəkdi. Birinci gün isə İsfahan erməniləri tərəfindən katolik missionerlərin əksəriyyətinin, xüsusən də ruhani pedro Səfil Elikarmın əleyhinə törədilən iğtişaşlardan sonra bütün katolik xristianları böyük qalmaqalla şəhərdən çıxartdılar. Bu müddətdə bu iki dəstə arasında toqquşmalar da baş verdi. Hətta iş o yerə çatdı ki, İsfahanın divanbəyi və hakimi hadisələrin qarşısının alınması üçün bura gəldilər. C.Kareri bu məsələ ilə bağlı fikrini belə yekunlaşdırır: “Ermənilərin digər xristianlara qarşı məkri və düşmənçiliyi bu hadisənin mahiyyətindən də aydın olur”. Bu fikri, bir türk, bir müsəlman deyil, XVII əsrdə yaşamış, dünyanın böyük bir hissəsini gəzmiş, əlahiddə səlahiyyətlərə sahib olmuş, xüsusi təyinatlı, ziyalı, dövrünün kifayət qədər tanınan avropalı bir səyyahı-missioneri yazır. Bu məqamda ortaya belə bir təbii sual çıxır. Öz din qardaşları olan xristianlara qarşı belə məkrli və düşmən olan bir xalq (ən azından onun böyük kütləsi) başqalarına, daha dəqiq ifadə ilə, başqa dindən olanlara qarşı necə ola bilər?! Ermənilər tarixən türklərə, azərbaycanlılara, ümumən müsəlmanlara, eləcə də yəhudilərə qarşı törətdikləri soyqırımı və cinayətləri ilə bu sualın cavabını çoxdan veriblər. Nə yazıq ki, Avropa və hətta bütün dünyada güc və söz sahibi olan dövlətlərin yönəticilərinin əksəriyyəti hələ də bu cavabı görməzdən gəlməkdə davam edirlər.
Əsərdə xüsusi diqqət edilməli bir məqam da var. Yuxarıda Polşa səfirinin öz mühafizə dəstəsini ermənilərin üzərinə göndərməsindən bəhs etdik. İran dövləti, bunu səfirin ölkənin daxili işlərinə qarışması kimi dəyərləndirərək, onun ölkəni tərk etməsi barədə qərar verir. İsfahanda fəaliyyət göstərən missionerlər vidalaşmaq üçün səfiri nahara dəvət edirlər. Nahar əsnasında səfir belə bir açıqlama verir ki, vəzifəmi uğurla yerinə yetirmədən Polşa kralının hüzuruna qayıtmağa məcburam. Çünki mənim bütün səylərimə baxmayaraq, İran şahı Osmanlı türklərinə qarşı müharibə elan etmədi.
Bu mövzu ilə bağlı müəllifin aşağıdakı başqa qeydləri də var. O, yazır ki: “Süleyman şahın hakimiyyəti dövründə portuqaliyalılar tərəfindən dəfələrlə ona təklif edilmişdi ki, Türkiyəyə qarşı müharibə elan etsin. Elə hallar olmuşdu ki, şah Türkiyəyə qarşı müharibə elan edə və kiçik bir hərbi dəstə ilə diqqətəlayiq uğurlar qazana və böyük qənimətlər əldə edə bilərdi. Lakin o, bunu etmirdi və hər dəfə deyirdi ki, türklər ondan sülh xahiş ediblər. O, bu xahişi qəbul edib, söz verib və öhdəlik götürüb. Əhdi sındırmaq namərdlikdir. Beləliklə, şah heç vaxt osmanlılara qarşı uyğun fürsətlərdən istifadə etmədi. Bəli, acı da olsa, bu, bir həqiqətdir ki, bütün zamanlarda yad dövlətlər, xüsusən müsəlman ölkələrində “Parçala və hökm sür” siyasətini həyata keçirməyə çalışıblar. Təəssüflər olsun ki, bugünkü dünya siyasətində də bu məsələ qırmızı xətlə keçir.
C.Karerinin qeydlərindən o da məlum olur ki, həmin dövrdə polis tərəfindən erməni keşişi Atin Vertabiyənin evində axtarış aparılarkən iki ədəd islam əleyhinə kitab tapılıb. Onlardan birinin müəllifi Atin Vertabiyə özü idi. 30 il əvvəl çap olunmuş bu kitabda islam və Məhəmməd peyğəmbər (s) əleyhinə saysız böhtanlar və uydurmalar yazılmışdı.
Göründüyü kimi, “Səfərnamə”də islam ölkələrinin həmrəyliyinə mane olma, hətta ayrı-ayrı Avropa dövlətləri tərəfindən onları bir-birinə qarşı müharibəyə təhrik faktları da yer alır. Biz milli və dini ədavəti qızışdırmaq fikrindən uzağıq. Lakin adıçəkilən əsərdəki faktlar faktlığında qalır və biz bu məsələlərə diqqət etməyə məcburuq. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi, IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirdiyi və dövlət başçımızın 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etdiyi bir dövrdə bu məsələlər xüsusilə aktuallıq kəsb edir.
Yuxarıda qeyd olunanlar, islam həmrəyliyi məsələsinin islam ölkələri üçün nə dərəcədə həyati önəm daşıdığını bir daha əyani şəkildə ortaya qoyur. Bununla bağlı yazdığım “Cemelli Karerinin “Səfərnamə” əsərində islam həmrəyliyini vacib edən faktlar” məqaləsi “Azərbaycan” jurnalında çapdadır.


Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info