Rüstəm İbrahimbəyov AXCP və Müsavata ultimatum verdi
Tarix: 07.05.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Əli Əliyev: “Rüstəm İbrahimbəyov Əli Kərimli və İsa Qəmbərlə yuxarıdan aşağı davranır. Həmin partiya sədrləri özləri ona bu şəraiti yaradıblar”

Mais Güləliyev: “Öncədən də “milli şura”nın perspektivsizliyi ilə bağlı fikirlərim olub, bunu indi də təsdiq edirəm”

AXCP, Müsavat, “el” kimi müxalif qurumların seçki ərəfəsində ortaya çıxarmaq istədikləri “milli şura” hələ də formalaşa bilmir. Mayın birinci yarısında qurumun yaradılacağı və tərkibinin elan ediləcəyi iddia edilsə də, tərəflərin ambisiyaları və ziddiyyətlər bu qurumun yaradılmasına əngəldir. “Milli şura” ilə bağlı danışıqlar dalana dirənib.
Belə bir vaxtda isə “milli şura” ideyasının müəllifi, Rüstəm İbrahimbəyov da pəjmürdə olub. Öz “milli şura” “ssenari”sinin alınmadığını görən R.İbrahimbəyov bir araya gətirmək istədiyi və rəhbərlik etmək niyyəti güddüyü Müsavat, AXCP kimi partiyalara ultimatum verib. O, mətbuata açıqlamasında qeyd edib ki, bir neçə gün ərzində “milli şura”nın yaradılmasında müzakirəyə cəlb olunan müxaliflər qərar verməlidirlər. O sanki “şura”nın yaradılmamasının səbəblərini ictimailəşdirmək istəyərək, bunda Müsavat, AXCP kimi partiyaları ittiham etməyə girişib. R.İbrahimbəyov bununla iddia edib ki, əgər həmin müxalif partiyalarla “milli şura” alınmasa, başqa variant olacaq. Buradan da R.İbrahimbəyovun müxalifətin fövqündə durmağa çalışdığı və onlara ultimatum verdiyi açıq görünür. O, bir “söz sahibi” kimi Müsavat və AXCP başçılarını sıxışdırmağa iddialı kimi görünür. Vaxtilə o, 80-ci illərdə “Ultimatum” adlı bir əsər yazmışdı. Bu əsərində o, antimilli xarakterinə sadiq qalaraq 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyəti üzvlərini aşağılayırdı. İndi isə müxalifətin iki partiyasına qarşı aşağılayıcı tonla və ultimatumla çıxış edir.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Yaşıllar Partiyasının sədri Mais Güləliyev qeyd edir ki, Rüstəm İbrahimbəyov müxalifətin hamısına qarşı bu cür göstəriş və iddialarla çıxış edə bilməz: “O bilir, hansı müxalif partiyalarla bu cür etmək lazımdır. Bizimlə bu cür rəftar etmək, təbii ki, mümkün deyil. Çünki bizim yolumuz ayrıdır, biz bu cür müxalif qrupla birlikdə deyilik. Eləcə də hələ “milli şura” adlı bir qurum yaranmayıb. Bu qurumun heç məram və məqsədi, fəaliyyət prinsipləri də bəlli deyil. Həmin qurumlar hələ də “milli şura” dedikləri formatı ortaya qoya bilmirlər. Biz isə Ədalət Partiyasının da daxil olduğu “Vətən” adlı blokun yaradıldığını elan etmişik. Öncədən də “milli şura”nın perspektivsizliyi ilə bağlı fikirlərim olub, bunu indi də təsdiq edirəm”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə “Palitra”ya açıqlamasında qeyd etdi ki, Rüstəm İbrahimbəyov bəzi partiyaların rəhbərlərinə müraciət edib: “Rüstəm İbrahimbəyovun artıq Əli Kərimli, İsa Qəmbər kimi müxlaif başçılarla yuxarıdan aşağı davranmaq cəhdi var. Ona bu şəraiti yaradan isə onunla əməkdaşlıq edən partiya sədrləridir. O, həmin partiyalara hədə-qorxu gəlir ki, bir həftəyə razılığa gəlməsələr, özüm zəng edib Bakıda lazımi adamlara göstəriş verəcəm ki, təşkilat komitəsi yaransın. O ki qaldı digər partiytalara, eləcə də bizə heç kim göstəriş verə bilməz k, filan işi belə görün. O cümlədən Rüstəm İbrahimbəyov kimisini də bura aid edirəm. Mən onun yuxarıdan aşağı müraciət etdiyi partiya sədrlərini şəxsən tanıyıram. Onlar hazırda hansısa özəl məqamlara görə Rüstəm İbrahimbəyovun təhdid və hədə dolu açıqlamalarına birbaşa reaksiya verə bilmirlər. Həmin müxalifət partiyaları sədrlərinin bu məsələdə umacaqlarının nədən ibarət olduğunu deyə bilmərik. Yaxud da həmin partiyalar hansısa boyunduruq və öhdəliyə, asılılığa düşüblər ki, Rüstəm İbrahimbəyov da bundan ictimai qaydada, mətbuat vasitəsilə hədə-qorxu gəlməklə istifadə edir. Hər halda, onların bu cür hədə-qorxuya susmaları yox, təpki göstərmələri daha yaxşı olardı. Yoxsa indiki halda, onlar itaətkar kimi görünürlər. Əslində bu gün Rüstəm İbrahimbəyov öz fəaliyyət sahəsinə uyğun gəlməyən və ölkəmiz üçün heç bir faydası olmayan, zərərli bir siyasi fəaliyyətə baş vurub. Belə bir vəziyyətdə, dübarə olaraq həmin iki müxalif partiya sədrinin onun əlinə baxması, müxalifətdə və ictimaiyyətdə birmənalı qarşılanmır. Onun hədə və təhdidlərinə həmin partiyalar cavab verməlidirlər”.
Onu da qeyd etdik ki, “milli şura”nın Rüstəm İbrahimbəyovun təpkisi altında, yaxud hər hansı vasitə ilə yaradılması cəhdlərinə baxmayaraq, hər halda partiyalar bu məsələdə razılığa gələ bilmirlər. Çünki hər birisi qurumda “söz sahibi” olmaq şanslarını qaçırmaq istəmir. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, İsa Qəmbərin Seçki Qərargahının sədri Arif Hacılı R.İbrahimbəyovun hədə-qorxusundan mətbuata açıqlama verib. O, dolayı olaraq əslində İsa Qəmbərin məsələ ilə bağlı mövqeyini çatdırmağa çalışıb. Belə ki, A.Hacılı da istisna etməyib ki, “şura”nı ortaya çıxarmağa çalışan qüvvələr arasında ciddi rəqabət var. O, eyni zamanda Müsavatı da rəqabət tərəflərindən biri kimi təqdim edir və açıq bildirir ki, Müsavat geri çəkilməyəcək: “Müsavat Partiyasının qatılmadığı hər hansı bir koalisiya seçkilərdə ciddi bir uğur qazanmaq şansından məhrumdur”. Hacılı daha sonra digər müxaliflərin namizədlik iddialarına qarşı Müsavatın iddialarını bir daha ortaya qoyub: “Bu gün İsa Qəmbərlə müqayisə olunacaq hər hansı namizəd görmürəm”.
O, eyni zamanda dolayı olaraq R.İbrahimbəyovun fikir və açıqlamalarına, mövqeyinə də istehza ilə yanaşıb: “Milli şura”nın yaradılması təşəbbüsünü ilk olaraq Rüstəm İbrahimbəyov irəli sürsə də, bu prosesdə onlarla şəxs fəal iştirak edir. Mən bilirəm ki, o insanların bəziləri hətta bu prosesdə Rüstəm İbrahimbəyovun özündən qat-qat fəaldırlar”. Siyasi təşkilatın və ya hər hansı bir siyasi birliyin yaranması sehrli bir söz, ideya vasitəsilə həyata keçə bilməz. Yəni təşkilat elə bir şeydir ki, bu, “ol” deməklə olmur”. Göründüyü kimi, burada Hacılı R.İbrahimbəyova qarşı açıq atmacalarla çıxış edir.
Digər tərəfdən isə o iddia edib ki, “milli şura”nın həmsədrləri də ola bilər.
Bu isə “el” qurumunun sədri, İbrahimbəyovun yaxını Eldar Namazovun əksr və mənfi reaksiyasına səbəb olub. E.Namazov da açıqlamasında etiraf edib ki, hələ də “milli şura”nın yaradılması ilə bağlı kifayət qədər ziddiyyətlər və ixtilaflar var. O, “şura”da həmsədrlik yox, sədrlik institutu olmalıdır” deməklə müsavatçıların bu məsələ ilə bağlı fikirlərinə qarşı olduqlarını, dolayı olaraq Rüstəm İbrahimbəyovun sədrliyini müdafiə etdiyini sezdirib...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info