“Rusiya və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Tarix: 14.09.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
Aleksandr Duqin:
"Sözsüz ki, Ermənistan ilk növbədə işğal altındakı beş rayonu geri qaytarmalıdır. Bundan sonra danışıqları yenidən davam etdirmək lazımdır. Azərbaycan bu gün möhkəmlənir. Regionda qüvvələr balansı dəyişir"


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Torpaqlarımızın işğalı ilə bağlı mövcud vəziyyət barədə həm ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələrinə, həm xaricdə təşkil olunan tədbirlərdə məlumatlar çatdırılır. Dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ziyalılarımız xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağla bağlı münaqişənin əsl səbəbkarları, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində burada yaşayan insanların məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumatlar verirlər.

Rusiyalı ekspert:
"Qarabağ münaqişəsi Moskva-Bakı əməkdaşlığının möhkəmlənməsinə mane olur"

Belə tədbirlərdən biri kimi Moskvada təşkil olunan Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş beynəlxalq konfransda da bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səslənib. Paytaxtın "Prezident" hotelində keçirilən konfransın təşkilatçıları "İzborskiy Klub" və Geosiyasi Ekspertiza Mərkəzidir.
"Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı konfransda Rusiya Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin deputatları, hər iki ölkənin tanınmış ictimai-siyasi xadimləri, Rusiya və Azərbaycanın elmi və ekspert dairələrinin nümayəndələri, eləcə də diplomatlar, KİV nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan, tanınmış politoloq, Geosiyasi Ekspertiza Mərkəzinin sədri Aleksandr Duqin bildirib ki, tədbirin keçirilməsində məqsəd Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirməkdir: “Tədbirdə əsas diqqət Rusiya və Azərbaycanın Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlığına yönəldiləcək. Konfrans iştirakçıları Azərbaycanın müasir beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi, regiondakı mübahisəli problemlərin birgə həlli imkanlarını müzakirə edəcəklər".
Konfransda Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayrılacaq. O cümlədən mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələləri müzakirəyə çıxarılacaq.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli beynəlxalq konfransda çıxışında bir sıra məsələlərə toxunub. Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Ə.Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: "Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək".
"Rusiya baş nazirinin müavini Dmitri Roqozin "Moskva-Bakı oxu"nun yaradılmasını alqışlayır". Bunu "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzinin sədri, tanınmış politoloq Aleksandr Duqin bildirib. O bildirib ki, Dmitri Roqozin və Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı Vladimir Şamanov "Moskva-Bakı oxu"nun yaradılmasını alqışlayır: "Roqozin və Şamanov konfrans iştirakçılarına salamlarını göndəriblər, Vahid Rusiya Partiyasının Moskva-Bakı strateji oxunu dəstəklədiyini ifadə ediblər".
Dağlıq Qarabağ münaqişəsinə toxunan rusiyalı politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsində "status-kvo"nun saxlanması Rusiyanı qane etmir. Onun sözlərinə görə, Qarabağ münaqişəsi Moskva və Bakı arasında əməkdaşlığın möhkəmlənməsinə mane olur: "Lakin Rusiya bu münaqişədə sülhməramlı kimi çıxış edir. Mövcud vəziyyətin qorunub saxlanması Moskvanı qane etmir. Bu münaqişənin hərb yolu ilə həlli yoxdur".
Münaqişənin həlli yollarından danışan siyasi ekspert danışıqlar prosesində irəli addım atmağın vacib olduğunu qeyd edib: "Sözsüz ki, Ermənistan, ilk növbədə işğal altındakı beş rayonu geri qaytarmalıdır. Bundan sonra danışıqları yenidən davam etdirmək lazımdır". A. Duqin Rusiya və bütün dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: "Baxmayaraq ki, bu gün Qarabağa Ermənistan nəzarət edir, Rusiya və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan bu gün möhkəmlənir. Regionda qüvvələr balansı dəyişir".

Fərhad Bədəlbəyli:
"ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir"
Konfransda çıxış edən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib ki, ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir. ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən F. Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb: "Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beşulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdi".

Aleksandr Proxanov:
"Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır"

Konfransda çıxışında Rusiyanın tanınmış yazıçısı, ictimai-siyasi xadim, "İzborski Klub"un sədri Aleksandr Proxanov isə bildirib ki, Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır: “Regionda vəziyyət çox mürəkkəbdir. Lakin Azərbaycan öz harmonik yerini tapmağa nail olub. Bakı bu və ya digər ittifaqlara qoşulmur. Azərbaycan Rusiya və Türkiyə, o cümlədən Rusiya və İran münasibətlərində vacib rol oynayır. Azərbaycan bu gün bütün dünyanın asılı olduğu regionda çox uğurlu fəaliyyət göstərir”.
Azərbaycandakı Rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin isə qeyd edib ki, biz Rus icması olaraq Ümumrusiya Azərbaycan Konqresinin bağlanması haqqında qərardan çox narahatıq: “Bu gün Moskvada keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair beynəlxalq konfransda ÜAK-ın fəaliyyəti məsələsini qaldıracağıq. Konfransda ÜAK-ın yeni rəhbərliyi də iştirak edir. Hesab edirik ki, ÜAK tərəfindən də təşkilatı məsələlərə səhlənkarlıqlar olub". M. Zabelin qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi məsələyə başqa cür də yanaşa bilərdi. "Fikrimcə, ÜAK-ın apelyasiya şikayəti üzrə sentyabrın 19-da keçiriləcək məhkəmədə müsbət qərar çıxarılacaq", - deyə o qeyd edib.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Dağlıq Qarabağ münaqişəsi BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəmində
21.09.2017
Ermənistan BMT-də növbəti dəfə ifşa olundu
20.09.2017
İƏT dövlətləri Ermənistanla əlaqələri məhdudlaşdırmalıdır
19.09.2017
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi uğuru var”
18.09.2017
“İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info