Babək rayonunun Payız kəndində kompleks quruculuq işləri aparılıb
Tarix: 15.09.2017 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir”.
Sabitlik, davamlı sosial-iqtisadi islahatlar və aparılan geniş quruculuq işləri bu gün Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edib. Kəndlərin abadlaşması, müasir infrastrukturun yaradılması, fərdi təsərrüfatların genişlənməsi və məşğulluğun təmin olunması ölkəmizin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına imkan verir, məskunlaşma ilbəil artır. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Babək rayonunun Payız kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, rahat avtomobil yolu çəkilib, kənddəki qədim su dəyirmanı bərpa olunub.
Bilik Günü Payız kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə Payız kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bilik Gününün - yeni tədris ilinin başlanmasının Babək rayonunun Payız kəndində müasir məktəb binasının istifadəyə verilməsi ilə qeyd olduğunu bildirib, muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird, tələbə və müdavimlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək deyib: Təhsil qədər cəmiyyəti irəli aparan ikinci bir sahə yoxdur. Əgər təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün inkişaf edən ölkələrin təcrübəsini nəzərdən keçirsək, görərik ki, bu ölkələrin inkişafının kökündə təhsilə göstərilən qayğı dayanır. Bu bir həqiqətdir ki, Azərbaycanda təhsilin müasir standartlara cavab verməsi ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ümummilli Liderimizin müəllifi olduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir.
Ali Məclisin Sədri deyib: Göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə müasir təhsil infrastrukturu yaradılıb. Qəbul olunan dövlət proqramlarının icrası da təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olub. Hər bir təhsil pilləsi üzrə kadr hazırlığı müasir dövrün tələbləri nəzərə alınaraq həyata keçirilir. Görülən tədbirlərin nəticəsində ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbul olanların və qəbul imtahanlarında yüksək bal toplayanların sayı ilbəil artır. Təhsilə, məktəb işinə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis və əsl vətəndaş yetişdirmək istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə, təhsilə həmişə olduğu kimi, bundan sonra da xüsusi diqqət yetirməliyik. Bu gün muxtar respublikanın ən ucqar kəndində də, şəhər və rayon mərkəzlərində də gənclərimiz müasir şəraitə və imkanlara malik olan məktəblərdə təhsil alırlar. Təhsil müəssisələrində elektron təhsil və yeni tədris metodları tətbiq olunur, şagirdlər kompüterlərdən və sürətli internetdən istifadə edirlər. Kəndlərimizdə yaradılan şərait yalnız təhsil infrastrukturu ilə məhdudlaşmır. Bu gün muxtar respublikanın bütün kənd yaşayış məntəqələrində geniş quruculuq işləri aparılır, kənd və xidmət mərkəzləri, səhiyyə müəssisələri, zəngin kitabxanalar, idman meydançaları və digər sosial obyektlər istifadəyə verilir, rahat yollar və körpülər salınır, sürətli internetə çıxış imkanları yaradılır.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq deyib: Hər bir müəllim və şagird bilməlidir ki, dövlət müstəqilliyinin qorunub saxlanması vacib və taleyüklü məsələdir. Dövlət müstəqilliyini qorumağın, əsl vətəndaş olmağın yolu isə yaradılan təhsil imkanlarından bəhrələnməkdən, yaxşı təhsil almaqdan və hər bir gəncin seçdiyi sahə üzrə ixtisaslı kadr kimi yetişməsindən keçir. Təhsil elə bir sahədir ki, bu sahədə inkişafın ləngiməsi yolverilməzdir. Ona görə də məktəblərdə yaradılan müasir tədris şəraitindən, yeni texnologiyalardan lazımi şəkildə istifadə olunmalı, gənclər gələcək dövrün tələbləri nəzərə alınaraq hazırlanmalıdır. Bunun üçün, ilk növbədə müəllimlər ixtisaslarını təkmilləşdirməli, müasir tədris metodlarını mənimsəməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır.
“Hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər Azərbaycan xalqının milli sərvətidir. Biz gənclərə ölkəmizin gələcək təminatçıları kimi baxırıq. Gənclər isə bu gələcəyin daha da etibarlı olması üçün yaxşı təhsil almaqla yanaşı, həm də tariximizi, dilimizi öyrənməli, milli dəyərlərimizə və adət-ənənələrimizə sahib çıxmalı, vətənpərvər böyüməlidirlər”, - deyən Ali Məclisin Sədri tədbir iştirakçılarını, eləcə də muxtar respublikanın bütün şagird, kursant və tələbələrini, müəllimləri bir daha Bilik Günü münasibətilə təbrik edib, onların hər birinə yeni tədris ilində uğurlar arzulayıb, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Elm və bilik ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, muxtar respublikada yeni təhsil müəssisələrinin tikilməsi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin tətbiqi təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. 2017-ci ilin ötən dövründə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində yeni avadanlıqlarla təchiz edilən, ən yeni kompüter dəstləri və elektron lövhələrlə təmin olunan 2716 şagird yerlik 5 tam orta məktəb binası istifadəyə verilib. Hazırda muxtar respublikada 3-ü ibtidai, 5-i ümumi orta və 208-i tam orta olmaqla, ümumilikdə, 216 məktəb və Heydər Əliyev adına Hərbi Lisey fəaliyyət göstərir. Cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan 174 məktəbəhazırlıq qruplarına beş yaşı tamam olan 3119 uşaq cəlb edilib. Hazırda ümumtəhsil məktəblərinin birinci siniflərində 5132 şagird təhsil alır. Təhsil Nazirliyinin tabeliyində olan 1 Peşə Liseyi və 3 Peşə məktəbində isə 5 ilk peşə ixtisası üzrə 24 qrupda 511 müdavimin təhsili ilə 34 müəllim və 12 istehsalat təlim ustası məşğul olur. Ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb, məktəblərə 4242 kompüter verilib ki, onların da 3339-u internetə qoşulub. Bu ilin avqust ayında ümumtəhsil məktəblərinə 145 min 949 nüsxə dərslik, 6271 nüsxə müəllim vəsaiti, dərslərdə əyaniliyin təşkili məqsədilə məktəbəhazırlıq qrupları üçün 180 ədəd plakat verilib. Bununla yanaşı, ümumtəhsil məktəblərinə 38 adda 8640 nüsxə bədii ədəbiyyat da paylanıb.
Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli deyib ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsi yüksəldilir, tikinti-quruculuq işləri geniş vüsət alır. Quruculuq işləri içərisində təhsilə daha çox pay düşür, yeni təhsil müəssisələri istifadəyə verilir. Payız kəndində hər cür maddi-texniki baza ilə təchiz olunan və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan yeni məktəb binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Turan Məmmədli yaradılan şəraitə görə müəllim və şagird kollektivi, eləcə də valideynlər adından minnətdarlıq edib.
Ali Məclisin Sədri məktəbin açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 3 mərtəbəli məktəb binası 240 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, 2 laborato¬riya, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı fəaliyyət göstərir. Məktəbin kitabxana fondunda 1362-si dərslik və 2530-u bədii ədəbiyyat olmaqla 3892 kitab vardır. Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Kompüter ota¬ğında 19 kompüter quraşdırılıb və internetə qoşulub.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın təhsil müəssisələri ilə Heydər Əliyev Muzeyi arasında keçirilən interaktiv dərsi izləyib. İnteraktiv dərsdə şagirdlərə Ümummilli Liderin həyatı, siyasi və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri ilə təmin olunub, idman zalında və hərbi kabinədə şagirdlərin fiziki hazırlığı və hərbi vətənpərvərlik tərbiyələrinin təşkili üçün lazımi şərait yaradılıb.
Məktəbin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib ki, Payız kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Bu il 2016-cı ilin məzunlarından 1, 2017-ci ilin məzunlarından isə 3 nəfər ali məktəblərə, 1 şagird Heydər Əliyev adına Hərbi Liseyə, 1 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunub. Məktəbdə yaradılan şərait tədrisin bundan sonra da günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir. Müəllimlər şagirdlərin hərtərəfli hazırlanmasına diqqət yetirməli, keçirilən dərslər qavrama yolu ilə öyrədilməli, yaradılan şəraitdən səmərəli istifadə olunmalıdır. Şagirdlərə birinci Ana dili və Vətən tarixi, ikinci dəqiq elmlər, üçüncü xarici dil öyrədilməli, dördüncü isə təmayülləşmə, yəni seçdiyi ixtisas üzrə fənlər öyrədilməlidir.
Məktəbin müəllimi Arif Bağırov minnətdarlıq edərək deyib: Muxtar respublikada elm, təhsil hərtərəfli qayğı ilə əhatə olunub. Gənclərin təhsil alması, əsl vətəndaş kimi böyüməsi üçün bütün şərait yaradılıb. Hər il yeni məktəb binaları istifadəyə verilir, müasir tədris şəraiti yaradılır. Payız kəndində də təhsilin inkişaf etdirilməsi üçün bütün imkanlar vardır. Müəllimlər Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamını minnətdarlıqla qarşılayır, bunu gələcəyimiz olan gəncliyə göstərilən daha bir qayğı kimi dəyərləndirirlər. Bütün bunlar pedaqoji heyətin məsuliyyətini daha da artırır. Çalışacağıq ki, yaradılan şəraitdən istifadə edərək təhsilli və vətənpərvər gənclər yetişdirək.
Binanın həyətində abadlıq işləri aparılıb, bufet tikilib, açıq idman qurğuları quraşdırılıb.
Payız Kənd Mərkəzi istifadəyə verilib
Sentyabrın 15-də Payızda yeni Kənd Mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və 44 yerlik zal yerləşir. Mərkəzdə yerləşən iş otaqları zəruri mebel dəstləri və avadanlıqlarla təchiz olunub.
Kitabxanada 7856 ədəbiyyat vardır. Kitabxanaların fəaliyyətinin gücləndirilməsi və kitabxana-oxucu əlaqələrinin səmərəli qurulması ilə bağlı tapşırıqlar verilib.
Baytarlıq məntəqəsi Payız və Gülşənabad kəndlərinə xidmət edir. Məntəqə üçün ayrılan otaq müvafiq dərman preparatları və soyuducu ilə təmin edilib.
Yeni Azərbaycan Partiyası Payız kənd ərazi ilk təşkilatının 140 üzvü vardır. Onlardan 50-si gənc, 26-sı isə qadındır.
Kəndlərdə aparılan kompleks quruculuq işləri zamanı yeni tibb ocaqlarının tikilməsi və müasir avadanlıqlarla təminatı kənd sakinlərinə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldir. Feldşer-mama məntəqəsi 3 otaqdan ibarətdir. Burada lazımi şərait yaradılıb, tibbi avadanlıqlar və dərman vasitələri qoyulub.
Kənd mərkəzi istilik sistemi ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb.
Payız kəndinin yolu yenidən qurulub
Sentyabrın 15-də Payız kənd avtomobil yolu istifadəyə verilib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşüb, onları yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün Azərbaycan dövləti ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və müəyyən etdiyi yolla gedir. Ona görə də ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Bu gün ölkəmiz inkişaf edən ölkələr sırasındadır. Bütün bunların nəticəsidir ki, yaşayış məntəqələrində, kəndlərdə geniş quruculuq işləri aparılır. Bu gündən Payız kəndi də müasir kəndlərin sırasına qoşuldu. Kənddə yaradılan şərait insanların rahat yaşayışını təmin edəcəkdir. Sakinlər isə dövlətin yaratdığı bu şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verməli, təsərrüfatlar genişləndirilməli, torpaqlar əkilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.
Kənd sakini Nizami Cəfərov deyib: Bu gün muxtar respublikanın inkişafı göz qabağındadır. Şəhər və kəndlərdə geniş tikinti-quruculuq işləri aparılır. Payız kəndi muxtar respublikanın səfalı yaşayış məntəqələrindədir. Aparılan quruculuq işlərindən sonra isə kənd müasir görkəmə qovuşub. Yeni məktəb binası, yol və digər sosial obyektlər kəndin simasını tamamilə dəyişib. Dayanıqlı elektrik və qaz təminatı, rabitə xidməti, sürətli internetə çıxış imkanları, içməli və suvarma su təminatı insanları qayğılardan azad edib. Ona görə də hər kəs təsərrüfatı ilə məşğul olur, torpaqlar əkilir, bol məhsul yetişdirilir. Bütün bunlar ona görə mümkün olur ki, ölkəmizdə Ulu Öndərin yolu davam etdirilir, insanlara qayğı göstərilir. Nizami Cəfərov yaradılan şəraitə görə kənd sakinləri adından minnətdarlıq edib.
Ali Məclisin Sədri yolun açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, ümumi uzunluğu 5200 metr olan kənddaxili avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 82 su keçidi qoyulub, 2380 metrlik beton kanal çəkilib. Tikinti işləri aparılarkən yolun kənarında 115 metr daş və 298 metr istinad divarı da tikilib. Həmçinin Cəhri çayı üzərindəki kənd körpüsü təmir olunub, ətrafda 703 metr sahilbərkitmə işləri aparılıb.
Payız kəndində xidmət mərkəzi və su dəyirmanı
istifadəyə verilib
Həmin gün Payız kəndində yeni xidmət mərkəzi və su dəyirmanı da istifadəyə verilib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını bildirən lenti kəsib.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət, ərzaq və təsərrüfat malları mağazaları, dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 kənd sakini işlə təmin olunub. Ali Məclisin Sədri tapşırıb ki, yerli ərzaq məhsullarının satışına üstünlük verilsin.
Ali Məclisin Sədri kənddəki su dəyirmanının yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olub.
Məlumat verilib ki, muxtar respublikada xalqımızın məişət mədəniyyətinin ayrılmaz parçası olan su dəyirmanlarının bərpası diqqət mərkəzində saxlanılır. Culfa rayonunun Kırna, Saltaq və Camaldın kəndlərində gündəlik istehsal gücü 4 ton olan 3 su dəyirmanı fəaliyyət göstərir. Payız kəndindəki su dəyirmanının da gündəlik istehsal gücü 1 tondur. Dəyirmanda əsaslı bərpa və yenidənqurma işləri aparılıb, Cəhri çaydan qidalanan 1250 metrlik dəyirman arxı yenidən qurulub. Su dəyirmanı Payız kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcəkdir.
Ali Məclisin Sədri muxtar respublikada su dəyirmanlarının bərpasının bundan sonra da davam etdiriləcəyini bildirib, su dəyirmanlarının tarixi-mədəni irsimizin bir parçası kimi işlədilməsi və qorunub saxlanılması barədə tapşırıqlar verib.
Payız kəndində abadlıq işləri də görülüb, 3500 metr rabitə, 2900 metr elektrik xətti çəkilib, 1200 metr elektrik xətti təmir olunub. Həmçinin kənddəki yeni tiki¬li¬lərə 635 metrlik qaz xətti çəkilib, 3460 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər görülüb, 900 metr müxtəlif diametrli yeni içməli su xətti çəkilib, 300 metr içməli su xətti bərpa olunub. Cəhri çayında 1500 metr məsafədə ikitərəfli sahilbərkitmə işləri aparılıb, Cəhri göllərinə su aparan kanalın 280 metrinin yeri dəyişdirilib və beton piltələrlə üzlənib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info