Britaniyalı dövlət naziri: “Ərazilərin güc yolu ilə ilhaqı qəbuledilməzdir”
Tarix: 15.09.2017 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Azərbaycan və Böyük Britaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunkan aparıb. Nazir müavini X.Xələfov nümayəndə heyətinə Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri, Britaniyanın sabiq Baş naziri Con Meycor ilə keçirdiyi görüşünü və imzaladıqları sənədləri xatırladan nazir müavini iki ölkə arasındakı uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasının o zamandan etibarən qoyulduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlər zəminində neft şirkətləri arasında da sazişlərin imzalandığını, Heydər Əliyevin müəllifi olduğu strategiya əsasında Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz ehtiyatlarının dünyaya açılmasını nəzərdə tutan enerji siyasətinin bu gün də uğurla davam etdirildiyini nəzərə çatdırıb. Bu xüsusda Böyük Britaniyanın Azərbaycana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
11 fevral 2016-cı ildə Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirildiyini qeyd edən nazir müavini müxtəlif dövlət qurumlarının təmsil olunduğu komissiyanın əlaqələrimizin hərtərəfli inkişafı üçün mühüm rol oynadığını deyib. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilə qədər işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasının tarixi hadisə olduğunu qeyd edən Xələf Xələfov ölkələrimiz arasında olan yüksək səviyyəli əlaqələrin və qarşılıqlı etimadın haqqında bəhs olunan sazişin imzalanması ilə bir daha öz təsbitini tapdığını vurğulayıb.
Siyasi məsləhətləşmələr əsnasında, ikitərəfli əlaqələrin inkişaf perspektivləri regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında müzakirə və fikir mübadiləsi aparılıb. Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalına toxunan X.Xələfov təəssüflə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqların hər hansı nəticə vermədiyini diqqətə çatdırıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərdiyi və BMT TŞ-nin münaqişə ilə əlaqədar qətnamələrinin kağız üzərində qaldığını, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyən nazir müavini Ermənistanın müxtəlif təxribatlarla danışıqları daim pozduğunu və münaqişənin aktiv fazada qalmaqda davam etdiyini bildirib. O əlavə edib ki, Azərbaycan heç zaman öz ərazilərini, işğalı ilə barışmayacaq və haqlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını tələb edir.

“Ermənistan müxtəlif təxribatlarla danışıqları daim pozur və münaqişə aktiv fazada qalmaqda davam edir. Azərbaycan heç zaman öz ərazilərinin işğalı ilə barışmayacaq və haqlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını tələb edir”

Britaniyalı dövlət naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin beynəlxalq münasibətlərdə hüququn aliliyi prinsipini dəstəklədiyini, bir dövlətin digər dövlətin ərazisinə müdaxiləsi, ərazilərin güc yolu ilə ilhaqının qəbuledilməz hesab etdiyini vurğulayıb.
X.Xələfov Böyük Britaniyanın beynəlxalq hüququn norma və prinsipləri və hüququn aliliyi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsinə dair mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Əlavə edib ki, işğal və təcavüz hallarına qarşı beynəlxalq ictimaiyyətin qəti və birmənalı mövqeyinin ifadə olunması zəruridir.
Regional və beynəlxalq məsələlərə münasibətdə X.Xələfov Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, mehriban qonşuluq, bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qonşu dövlətlərlə əlaqələrini qurduğunu, ölkəmizin qonşu dövlətlər olaraq Rusiya və İranla ikitərəfli və üçtərəfli əsasda əlaqələrini inkişaf etdirdiyini nəzərə çatdırıb. Azərbaycanın tarazlı siyasət yürütdüyünü deyən nazir müavini bu siyasət nəticəsində Azərbaycanın regionda əməkdaşlıq məkanına çevrildiyini, region və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin təminatına mühüm töhfələr verdiyini söyləyib.
“Brexit” məsələsini qeyd edən Britaniyanın dövlət naziri ölkəsinin Avropa və beynəlxalq siyasətdə daha fəal rol oynayacağını qeyd edib.
Görüş əsnasında tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Şərq Tərəfdaşlığı proqramında iştirakı məsələlərini də müzakirə ediblər. Nazir müavini X.Xələfov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə bu ilin noyabrında keçiriləcək sammitində Azərbaycanın iştirakı və hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş üzrə aparılan intensiv danışıqlar məsələlərinə toxunub. O, bu sazişin Aİ-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşüb. Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə yaponiyalı həmsöhbətinə ətraflı məlumat verib və Yaponiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini xüsusi vurğulayıb.

Dövlət katibi:
"Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daim diqqət və həssaslıqla yanaşır"
"Azərbaycan Prezidenti ilə görüşdə də bildirdim ki, Fransa həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə sadiqdir". Bu sözləri ölkəmizdə səfərdə olan Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömua deyib. Onun sözlərinə görə, Fransa əlindən gələni edir ki, öz vasitəçilik missiyasını icra etsin: "Mən fransalı həmsədr Viskoni ilə də daim təmasdayam. Həmsədrlər öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda proses davam edir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesə daim diqqət və həssaslıqla yanaşır".
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info