Bu gün Üzeyir Hacıbəylinin doğum günüdür
Tarix: 18.09.2017 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün Azərbaycanın hər yerində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkarın anadan olmasının 132-ci ildönü münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 109 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
18.10.2019
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
17.10.2019
Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info