Sərkisyandan BMT və beynəlxalq ictimaiyyətə qarşı hörmətsizlik
Tarix: 20.09.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Tribunasından çıxış etdiyi təşkilat həmin torpaqların Azərbaycan torpağı olduğunu rəsmən tanıyır və işğal edilən rayonların azad olunması ilə bağlı 4 qətnamə qəbul edib
Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın dövlət başçısı Serj Sərkisyan növbəti dəfə həyasızlıq nümunəsi göstərib. BMT tribunasından çıxış edən Sərkisyan utanmadan beynəlxalq ictimaiyyətə yalan danışdı. Bütün çıxışını yalan üzərində quran Sərkisyan ənənəvi erməni ampluasından çıxış edərək “yazıq-məzlum erməni” obrazının arxasında gizlənməyə çalışdı. Vətəndaşlarının aclıq-səfalət içində yaşadığı, kütləvi şəkildə miqrasiya etdiyi, seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığı, parlamentin və seçki sonrası keçirilən aksiyanın gülləbaran edildiyi ölkənin başçısı BMT tribunasında çıxışı zamanı utanmadan qeyd etdi ki, ölkəsi ötən illər ərzində beynəlxalq ictimaiyyətin tamhüquqlu və məsuliyyətli üzvü olub. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrinə məhəl qoymayan, bununla da bu təşkilatın bir çox qərar və qətnamələrinin, əslində, kağız parçasından başqa bir şey olmadığını sübut edən Ermənistan prezidentinin məhz BMT-də ölkəsinin ötən illər ərzində beynəlxalq ictimaiyyətin tamhüquqlu və məsuliyyətli üzvü olmasını deməsi ən azından bu təşkilata və beynəlxalq ictimaiyyətə təhqirdir.

Demək olar ki, bütün çıxışını Dağlıq Qarabağ üzərində quran və ölkəsi ilə bağlı heç nə deməyən Sərkisyan “Artsax xalqının hüquqlarından” geniş bəhs edib və işğal nəticəsində səbəb olduqları münaqişəni də bu kontekstdə təqdim etməyə çalışdı. Özünü ağıllı hesab edir də. İnsan hüquqları kontekstində təqdim etməklə məqsədi məsələni insanların azad seçim edə bilmək, yəni öz müqəddəratını təyin etməyə gətirib çıxarmaq olub. Dağlıq Qarabağ münaqişəsinin niyə bu qədər uzanmasından danışan Serj bildirib ki, Azərbaycan “Artsax erməniləri”nin öz müqəddəratlarını təyin etməsinə imkan vermir, hətta güc tətbiq edir. Sərkisyanın bu sözləri Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdiyi təşkilatın tribunasından səsləndirməsinə həyasızlıqdan başqa nə ad vermək olar. Belə çıxır ki, ermənilər dünya xəritəsində ilk dəfə olaraq eyni millətin yaşadığı iki qonşu dövlət yaratmaq istəyirlər, özü də Azərbaycandan qəsb etdikləri torpaqlarda. Üstəlik, ərazi bütövlüyünü pozduqları Azərbaycandan da erməni təcavüzü qarşısında sakit qalmağı tələb edirlər. Sərkisyanın həyasızlığının həddi-hüdudu olmayıb. Azərbaycan torpaqlarının 20 faizini işğal edən ölkənin başçısı deyib ki, Azərbaycan “nəzarətində olan ərazilər”də “ermənilərin böyük mədəni və dini irsi”ni dağıtmağa davam edir.

BMT qətnamələrinə əməl etməyən Ermənistanın prezidentinin məhz BMT-də ölkəsinin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olmasını deməsi ən azından bu təşkilata və beynəlxalq ictimaiyyətə təhqirdir

Maraqlıdır, görəsən, Serj “Azərbaycanın nəzarətində olan ərazilər” deyəndə hansı əraziləri nəzərdə tutur? Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı deyirsə, məlum məsələdir ki, həmin ərazilərin bir çox hissəsi erməni işğalı altındadır və erməni rəsmiləri də bu rayonların Azərbaycana məxsus olduğunu bəyan edib, eləcə də münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin mərhələdə bu rayonların qaytarılması müzakirə olunur. Dağlıq Qarabağ da erməni silahlılarının nəzarətindədir. “Böyük erməni irsi” Azərbaycanın hansı ərazisində mövcud olub? Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya gedən beynəlxalq təşkilatların nümayəndələri, səfirlər öz gözləri ilə erməni vəhşiliyinin şahidi oldular. Kəndi bütünlüklə dağıdaraq yaşanmaz hala gətirən ermənilərin prezidentinin erməni irsinin məhvindən danışmasına nə ad verəsən? Halbuki ermənilər sonradan Ermənistan adlandırılacaq İrəvan quberniyasında 310 məscidi, Xan sarayını, Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral kimi müsəlman qəbiristanlıqlarını, karvansaraları, məqbərələri dağıdıb, minlərlə tarixi abidəmizi öz adlarına çıxıblar. Bunu rəsmi məlumatlar da təsdiq edir. Ermənilər işğal etdikləri Qarabağda isə Azərbaycana aid heç bir mədəniyyət abidəsini salamat saxlamayıb- ya dağıdıblar, ya da erməniləşdiriblər. Sərkisyan bildirib ki, rəsmi Bakı Azərbaycanın erməni əhalisini etnik təmizləməyə məruz qoyub. Ermənistandan qovulan azərbaycanlılar, Qarabağdan qaçqın düşən soydaşlarımız, Xocalı soyqırımını törədənlərin bu açıqlamaları etməsinə imkan yaradılmasının özü böyük səhvdir. BMT-yə başçılıq edən şəxs bu posta seçilənə qədər təşkilatın qaçqınlarla bağlı bölməsinə rəhbərlik etdiyindən erməni işğalından əziyyət çəkən azərbaycanlılarla bağlı yaxşı məlumatlıdır. Ona görə də BMT rəhbərliyi, münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri, beynəlxalq ictimaiyyət Sərkisyanın bu həyasızlığına göz yummamalıdır. Onun bu qədər həyasızlaşmasının bir səbəbi də cəzasızlıq mühitidir.

“Sərkisyan bildirib ki, guya rəsmi Bakının məqsədi “məzlum”, “dinc erməniləri” hədəfə almaq olub. Əgər belədirsə, onda Sərkisyan və Ermənistan niyə indiyə qədər bununla bağlı bir fakt, foto-videoçəkiliş ortaya qoymayıb. Bu qədər həyasızcasına yalan danışan ölkənin əlində dinc ermənilərin hədəfə alınması ilə bağlı fakt olsaydı, indiyə kimi dünyanı dağıtmışdılar. Amma yoxdur. Çünki Azərbaycan heç vaxt dinc əhalini hədəfə almayıb. Amma ermənilər bunu dəfələrlə ediblər”

Dördgünlük müharibə kimi tarixdə qalan, Azərbaycanın qələbəsi, 2 min hektardan artıq ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnən 2016-cı ilin aprel döyüşlərinə də təzə don geyindirməyə çalışan Sərkisyan bildirib ki, guya rəsmi Bakının məqsədi “məzlum”, “dinc erməniləri” hədəfə almaq olub. Əgər belədirsə, onda Sərkisyan və Ermənistan niyə indiyə qədər bununla bağlı bir fakt, foto-videoçəkiliş ortaya qoymayıb. Bu qədər həyasızcasına yalan danışan ölkənin əlində dinc ermənilərin hədəfə alınması ilə bağlı fakt olsaydı, indiyə kimi dünyanı dağıtmışdılar. Amma yoxdur. Çünki Azərbaycan heç vaxt dinc əhalini hədəfə almayıb. Amma ermənilər bunu dəfələrlə ediblər. 2016-cı ilin aprelində ermənilərin Azərbaycanın 32 yaşayış məntəqəsini bombalaması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu. Elə bu yaxınlarda 1 yaşlı körpənin nənəsi ilə birlikdə qətlə yetirilməsinə dünyanın müxtəlif bölgələrindən etiraz səsləri ucaldı. Dünyaya bu qədər açıq şəkildə bəlli olan həqiqətləri həyasızcasına danmaq, təhrif etmək ancaq ermənilərə xas xüsusiyyət ola bilər.
Serjin Dağlıq Qarabağın heç bir zaman Azərbaycan torpağı olmadığını deməsi isə onun “Ermənistan” adlı dövlətin hansı dövlətin ərazisində, nə vaxt, hansı şərtlər altında yaradıldığını bilməyəcək qədər tarixdən xəbərsiz, savadsız olduğunu göstərir. Axı, tribunasından çıxış etdiyin təşkilat həmin torpaqların Azərbaycan torpağı olduğunu rəsmən tanıyır və işğal etdiyiniz rayonların azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Tarixi faktları utanmadan təhrif edərək, ucuz, böhtan, şər xarakterli, ənənəvi erməni üslubunda edilən bu çıxış ermənilərin mahiyyətini anlamaq üçün yetərlidir. Bu çıxışı ilə özünü daha da gülünc vəziyyətə salan Sərkisyan yenə də beynəlxalq ictimaiyyətə, təşkilatlara, BMT-yə qarşı hörmətsizlik nümayiş etdirdi. Onun bu hörmətsizliyi yenə də cəzasız qalacaq…
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info