Ali məktəb məzunu peşəkar fəaliyyətə psixoloji cəhətdən hazır olmalıdır
Tarix: 21.09.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də köklü islahatlar həyata keçirilir. Bu islahatların keçirilməsində məqsəd elm və texnikanın sürətli inkişafı nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun qabaqcıl ölkələrin təhsil sisteminə inteqrasiyasını təmin etməkdir.
Bununla əlaqədar təhsilin məzmununa, müəllim hazırlığına yenidən baxılması zərurəti yaranmışdır. İctimai həyatın və praktikanın bir çox digər sahələrində elmi və texnoloji innovasiyalar dərindən nüfuz etməkdədir. Nonotexnologiyalar, “G” və “D” indeksli innovativ texnologiyalar surətlə inkişaf edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi prioritet kimi nəzərdə tutulmuşdur. Sənəddə qeyd olunmuşdur ki, ölkədə “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elm tutumlu texnologiya, məhsul (işlər ,xidmətlər) yaradılmasını sürətləndirmək məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir. Konsepsiyada milli innovasiya sisteminin yaradılması, elmtutumlu texnologiyaların işlənilməsi və tətbiqi üçün texnologiyaların və innovasiya zonalarının yaradılması nəzərdə tutulur. “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elm və təhsilin inkişafı, onlar arasında inteqrasiyanın gücləndirilməsi, milli innovasiya sistemi və texnologiyaların inkişafı, ölkə iqtisadiyyatında elmtutumlu sahələrin genişləndirilməsi, texnoloji tərəqqinin daha da inkişaf etdirilməsi dəstəklənir, resursların elmin və texnologiyaların inkişafının prioritet istiqamətlərinə yönəldilməsi, elmi tədqiqatların nəticəyönümlüyü, perspektiv əhəmiyyətli layihə və proqramlara xüsusi önəm verilməsi diqqəti cəlb edir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılmasını əsas götürür. Bunun üçün təhsilin keyfiyyəti mühüm əhəmiyyət kəsb edir. Təhsilin keyfiyyəti kimin nəyi necə öyrətməsindən asılıdır. Strategiyada göstərilir: “Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri, akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır”. Eyni zamanda strategiyanın ikinci istiqaməti təhsil sahəsində insan resurslarının modernləşdirilməsi, yəni innovativ təlim metodlarını tətbiq edən səriştəli, peşəkar müəllimlərin formalaşdırılmasını nəzərdə tutur. Qabaqcıl ölkələrin təcrübəsindən aydın olur ki, müəllimin səriştəlilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsində interaktiv təlim metodlarından səmərəli istifadənin rolu böyükdür. Yüksəkixtisaslı elmi kadrların hazırlanması, fundamental elm sahələrinin üstün, inkişaf etdirilən sahə kimi gücləndirilməsi, təhsil və elmi fəaliyyətlərin inteqrasiyası, ali məktəblərdə elmlərin inkişafı, elm və təhsil mərkəzlərinin yaradılması, elmi müəssisələr və ali məktəblərin dövlətimizin elm və təhsil siyasətinin strateji hədəfləridir.
XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla yanaşı, innovasiyaların, yeni pedaqoji texnologiyaların tətbiqi təhsilin keyfiyyətini yüksəldən mühüm şərtlərdən hesab edilməlidir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal və interaktiv metodlar, portfolio, Boloniya prosesi, sinergetik təhsil, konstruktiv təhsil, təhsildə sinektika və s. təhsilimizin yeni anlayışları olmaqla, innovativ təhsilin mühüm sahələri və metodlarıdır.Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.
Alimlərin fikrincə, səmərəli, təkmil pedaqoji fəaliyyətin yarısı pedaqoji texnologiyaların, o biri yarısı isə müəllimin pedaqoji ustalığının payına düşür. Məqsəd müasir dövrə uyğun hərtərəfli inkişaf etmiş şəxs yetişdirmək, bilikli, səriştəli, keçmiş irsi yaşadıb, bu günün reallığını görüb, gələcəyi təsvir edən insan hazırlamaqdadır
Təhsildə innovasiyalar müasir təhsilin təkamülündə özünü göstərən, həyati zərurətə çevrilmiş, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri özündə əks etdirən, sosial və pedaqoji cəhətdən aktuallıq kəsb edən təlimin bütün forma və vasitələrinin inkişafına pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır. Məlumdur ki, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi, innovativ fəaliyyət müasir təhsil sisteminin reallığı və tələbatıdır. O, təhsilin məzmununun yenidən qurulmasına yönəlmiş, təhsilləndirici prosesin texnoloji əsasları vasitəsilə təhsil xidmətlərinin keyfiyyətinə, təhsil müəssisələrinin və məzunların rəqabətqabliyyətliliyinə etibarlı təminat yaradır. Azərbaycanın milli təhsil sistemində innovasiyalar (elmi və texnoloji innovasiyalar) qanunauyğun xarakter kəsb edir. Məlum olduğu kimi, təhsilin məzmunu, forma və vasitələrinin tətbiqi bəşəriyyətin inkişaf səviyyəsi ilə şərtlənir, cəmiyyətdə aparılan sosial-iqtisadi, hüquqi, mənəvi və siyasi proseslərlə sıx bağlıdır. Milli təhsil sistemimizdə tətbiqi genişlənməkdə olan innovasiyalar sosial məzmun daşıyır və başlıca olaraq Azərbaycan təhsilinin modernləşdirilməsi və informasiyalaşdırılması ilə diqqəti cəlb edir. İnnovasiyaların yeniliyi elmi və texnoloji parametrlərinə və mövqeyinə görə müəyyən olunur.
Təhsildə innovasiya texnologiyalarının tətbiqi təlimə yeni yanaşmaya əsaslanan müasir təhsilləndirici texnologiyaların tətbiqini tələb edir. Müasir təhlilləndirici texnologiyalar, ilk növbədə kreativ pedaqoji təfəkkürə əsaslanmalı, hər bir təhsil alanın şəxsiyyətinin, yaradıcılıq potensialının inkişafına xidmət etməlidir. Təhsil texnologiyaları özündə təhsilləndirici prosesə aid olan istənilən sahəni - təhsil sisteminin idarə olunması, təhsil müəssisəsinin inkişafı, pedaqoji kollektivin formalaşması və s. aid olan fəaliyyətləri birləşdirir.
Bu gün məktəblərimizdə tədris prosesində interaktiv təlim metodlarından, innovasiyalardan istifadə getdikcə genişlənməkdə, artmaqda və öz səmərəsini verməkdədir. İnteraktiv təlimin məqsədlərindən biri də şagirdləri əqli və fiziki cəhətdən daha da inkişaf etdirərək dünyagörüşlü şəxiyyət kimi formalaşdırmaqdır. Milli təhsil sisteminin Avropa və dünya təhsil məkanına inteqrasiyası XXI əsrdə təhsil sferasının daha önəmli və aktual problemlərindən biridir. Bu inteqrasiya müasir Azərbaycanda həyata keçirilən iqtisadi və sosial-mədəni islahatlar və çağırışlar fonunda baş verir.Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir, kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqoji-psixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara yiyələnməsi həyati təlabata çevrilir. Tələbə -gənclərin pedaqoji peşə fəaliyyətinə hazırlanması ilə məşğul olan ali pedaqoji təhsil müəssisələrinin qarşısında duran mühüm tələblərdən biri də gənc pedaqoqların peşəkar pedaqoji fəaliyyətə yüksək hazırlığını təmin etməkdən ibarətdir. 2008-ci ildən etibarən ali təhsil müəssisələrinin Baloniya sisteminə tam keçidi təmin edilmişdir. Azərbaycanın 2005-ci ildə qoşulduğu “Baloniya Bəyənnaməsi” milli təhsil sistemimizin inkişaf meyillərini müəyyənləşdirməklə yanaşı, onun başlıca prioritetlərini, milli təhsil standartlarının və modellərinin optimal seçiminə, təlim texnologiyalarının müasirləşdirilməsinə geniş imkanlar yaranmışdır. Təhsilin məqsədlərində və məzmununda baş verən dəyişikliklər, yəni yeni təhsil standartları, təlimin yeni vasitələri (kompüter təlimi), yeni tərbiyə konsepsiyaları pedaqoji innovasiyaların başlıca xüsusiyyətidir. Yeni ictimai-iqtisadi və mənəvi münasibətlərin bərqərar olduğu indiki dövrdə tənqidi təfəkkürü, demokratik prinsipləri və birgə əməkdaşlığı artıran, onların inkişafına təsir göstərən öyrənmə üçün ən səmərəli strategiyalara yiyələnmək yeniləşən Azərbaycanın yeni məktəbinin müəllimləri qarşısında duran başlıca prioritetlərdəndir. Özünün gələcək həyat və fəaliyyətini pedaqoji peşə ilə bağlamaq yolunu seçmiş tələbə-gənclərdə ali təhsil dövründə ixtisas və peşə hazırlığı gedişində pedaqoji peşə fəaliyyətinin spesifik cəhətləri, müəllim əməyinin psixoloji xüsusiyyətləri, peşəkar müəllimin şəxsiyyətinin spesifik psixoloji siması və bu peşənin digər peşə qrupları ilə müqayisədə məxsusi əlamətlərinin öyrədilməsi ali təhsil müəssisələrində pedaqoji kadr hazırlığı qarşısında duran xüsusi önəm kəsb edən məsələlər sırasındadır. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir. Təlim yaradıcı prosesdir, elmdə və ictimai praktikada əldə edilmiş naliyyətlərin konkret pedaqoji situasiyada tətbiqinə əsaslanan öyrətmə fəaliyyətidir. İnnovasiyalar təhsildə uğurlu islahatların həyata keçirilməsi ilə bağlıdır.
Təlim prosesində innovasiyalardan istifadə:
- təlim prosesində öyrənənin şəxsiyyətini ön plana çəkir;
- uğurlu öyrədən-öyrənən, məktəb-ailə münasibətləri yaradır;
- öyrənənlərin nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən uğurla istifadə edir;
- qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq qərarlar qəbul edir;
- öyrənmə prosesində öyrənənlərin şüurluluğu, fəallığı təmin edilir;
- öyrənilən material uzun müddət yadda qalır.
Eyni zamanda inteqrativ yanaşma təlim prosesinə dəyişiklik gətirir. Dərsdə inteqrasiya müəllimin nəzəri, metodiki, psixoloji, pedaqoji və ümumi hazırlığında dərsin planlaşdırmasından, müəllim təfəkkürünün, düşüncə tərzinin itiliyindən asılıdır. Pedaqoji texnologiyada daim müəllimin fəaliyyətinin aşağıdakı funksional komponentlərini ayırmaq olar:
- qnostik (idraki) komponent, layihələşdirici komponent;
- təşkilatçılıq komponent;
-kommunikativ (ünsiyyət) komponent.
Beləliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı əməliyyatlar təşkil edir:
- bilikləri toplamaq (əldə etmək) üçün əməliyyatlar;
- təlimin, təhsil-tərbiyənin məqsədlərini layihələndirmək üçün əməliyyatlar;
- təlim, təhsil-tərbiyə prosesini təşkil etmək üçün əməliyyatlar.
Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir. Bütün bunlar isə son nəticədə təhsilin modernləşməsinə səbəb olur.
Zulfiyyə Vəliyeva
Əməkdar müəllimi
ADPU-nun “Pedaqoji təhsilin problemləri”
ETL-nin elmi işçisi




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info