Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
Tarix: 21.09.2017 | Saat: 20:35:00 | E-mail | Çapa göndər
Özbəklər bir əcnəbinin onları sevməsi və qəbul etməsi üçün çox açıq xalqdır
İstənilən jurnalistin hər hansı ölkəyə səfər edərkən əsas amalı o ölkə haqqında fikir və müşahidələrini qələmə almaqdır. Yəni jurnalist istəsə də, istəməsə də getdiyi ölkə haqqında təəssüratlarına yazmaya bilmir. Hələ ona xoş üz, ehtiram göstərilirsə, yazacaqları qəlbinə su kimi axıb gəlir... Sentyabrın 11-18-də Özbəkistanda olarkən soydaşlarımız və özbəklərlə görüşlərimdə ən vacib məqam kimi qonaqpərvərlik və səmimiliyi yüksək qiymətləndirdim.
Özbəkistana səfərimin əsas məqsədi müəllifi olduğum “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatını etmək idi. Fürsətdən istifadə edib məni Özbəkistana dəvət edən və dəstək göstərən güləş üzrə SSRİ, Asiya və dünya çempionu Mais İbadova da təşəkkür edirəm. Ayrıca kitabın təqdimatı üçün şərait yaradan Azərbaycanın Özbəkistandakı səfiri hörmətli Hüseyn Quliyevə minnətdarlığımı bildirirəm. Səfir Hüseyn Quliyev istər Azərbaycanı xaricdə layiqincə təmsil edən bir diplomat, istərsə də ləyaqətli insan kimi Özbəkistandakı soydaşlarımızın fəxridir. Xüsusən, onun sadəliyi oradakı həmyerlilərimiz üçün bir nümunədir. Diqqətçəkən məqam, Özbəkistandakı soydaşlarımızla səfirliyin münasibətlərinin sıx olmasıdır. Elə səfir Hüseyn Quliyevin diasporla bağlı kitabımın təqdimatında iştirak etməsi bunun əyani sübutudur.
Kitabın Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilməsi isə məni, sözün həqiqi mənasında, qürurlandırdı. Yeri gəlmişkən, təqdimatın təşkilati işlərində Mərkəzin direktoru Samir Abbasov və kollektivin əməyini xüsusi dəyərləndirirəm. Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Özbəkistandakı soydaşlarımız üçün sanki qürbətdə “Vətən evi”dir. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Azərbaycanla bağlı, demək olar ki, bütün tədbirlər bu mərkəzdə keçirilir. Hər bir tədbirdə də kifayət qədər soydaşımız bir araya gəlir. Özbəkistandakı soydaşlarımızın həmrəyliyində və təşkilatlanmasında bu Mərkəzin əhəmiyyətli rolu var.

Özbəkistanda illər öncə formalaşmış Azərbaycan diasporu bu gün hansı problemlər yaşayır?
Tarixə qısa nəzər salsaq görərik ki, Azərbaycanla Özbəkistan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsadüf edir. Tarixən Orta Asiya regionunun bu respublikasına azərbaycanlıların bir hissəsi könüllü mühacirət edib. Soydaşlarımızın bir qismi isə zorla Özbəkistana köçürülüb. Xüsusilə dahi sərkərdə Əmir Teymurun Azərbaycana yürüşləri nəticəsində yüzlərlə sənətkar, elm xadimi, nüfuzlu peşə sahibləri Səmərqəndə aparılıb. Bütün bunların nəticəsidir ki, azərbaycanlılar Özbəkistanın ictimai-siyasi həyatında tarixən mühüm izlər qoyublar. Zaman-zaman bu ölkəyə mühacirət etmiş soydaşlarımız tədricən Özbəkistanın ictimai-siyasi həyatına inteqrasiya ediblər. Bu gün 40 mindən çox azərbaycanlının Özbəkistanda yaşadığı deyilir. Bu insanlar Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Özbəkistanda azərbaycanlı generallarımız, SSRİ-nin Əməkdar həkimləri, mədəniyyət xadimlərimiz var. Belə ki, əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadə, tanınmış opera rejissoru Firudin Səfərov, “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Əməkdar artist Kövkəb Əliyeva, güləş üzrə dünya çempionu Mais İbadov və başqa bu kimi yüzlərlə soydaşımız Özbəkistanda xalqımızın simasıdır.
Hazırda Özbəkistandakı sadə azərbaycanlılar bir-birinə, eyni zamanda yerli xalqa qarşı çox səmimidirlər. Soydaşlarımız arasında kimsənin hər hansı problemi olursa, ona istənilən dəstəyi göstərməyə canla-başla edirlər. Düzü, soydaşlarımız arasında bu səmimilik və birliyi görmək mənə həddindən artıq qürur verdi. Onu da deyim ki, başqa ölkələrdən gəlib buradakı səmimiliyi görənlər qibtə edirlər. Lakin qeyd etməliyəm ki, diaspor təşkilatı səviyyəsində həmrəyliyə böyük ehtiyac var. Təəssüf ki, Özbəkistanda illər öncə formalaşmış Azərbaycan diasporu bu gün öz daxillərindən qaynaqlanan bir sıra problemlər yaşayır. Orada elə diaspor təşkilatı sədri var ki, soydaşlarımız ondan narazılıq edirlər. Məsələn, diaspor üzvlərinin ümumi mülkiyyəti hesab olunan hansısa sosial obyekti təşkilat rəhbəri başqa məqsədlər üçün istifadə edir. Biz hələlik ad çəkib, bu kimi faktları ictimailəşdirmək istəmirik, amma ümid edirik ki, belə diaspor təşkilatı rəhbərləri fəaliyyətlərində ciddi dönüş yaradacaqlar. Bəzi diaspor təşkilatlarının zəifliyinin nəticəsidir ki, onların işini səfirlik görür. Soydaşlarımızın müvafiq qurumdan istəyi odur ki, diasporun daxilindəki bu kimi hallara son qoyulmasına dəstək olsun. Hər halda, Diasporla İş üzrə Dövlət Komitəsi Orta Asiyanın digər ölkələri kimi, Özbəkistandakı diasporun koordinasiyasına diqqət və nəzarəti daha da artırmalıdır.

Özbəkistanlı jurnalistlərin Azərbaycan arzusu
Özbəkistanda olarkən bu ölkənin tanınmış iqtisadçı, idmançı, şair, bəstəkar, jurnalist, psixoloq, etnoqraf və s. peşə sahibləri ilə bir araya gəlməyim mənim üçün gözlənilməz və yaddaqalan oldu. Onlardan şairə Fəridə Əfruz, jurnalist Rixsixon Najimova, iqtisadçı Zamira Karieva, bəstəkar Gavhar Matçanova, etnoqraf Guljahon Mardonovanın adlarını çəkə bilərəm. Bu insanların hər biri Azərbaycan haqqında məlumatlıdırlar. Onlar böyük sevgi ilə Azərbaycanda olmağı arzulayırlar. Hətta jurnalistlərdən bəziləri Azərbaycana gəlib iki xalqın adət-ənənəsinin oxşar cəhətləri mövzunda araşdırma aparmaq istəyirlər. Yeri gəlmişkən, görüşdüyüm insanların bir neçəsi sentyabrın 25-də Naftalana istirahətə gələcək. Onu da deyim ki, Naftalan müalicə-kurort şəhəri kimi Özbəkistanda çox məşhurdur. Ümumiyyətlə, özbəklər istirahət üçün Azərbaycana, əsasən, bura gəlirlər.
Özbəklər bir əcnəbinin onları sevməsi və qəbul etməsi üçün çox açıq xalqdır. Qərbdən fərqli olaraq burada qonağa böyük ehtiram göstərilir. Hər hansı avropalının soyuq münasibəti buradakı səmimilikdə əriyib yox olur. Özbəklər qonağa qulluq göstərməyi özlərinə fəxr bilirlər. Bir özbəksə onlar haqqında yazacağımı eşidəndə mənə dediyi "Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq" cümləsi ilə bütün xalqının nə dərəcədə səmimi olduğunu bir daha nümayiş etdirdi. Səmimilikdən söz düşmüşkən, qeyd edim ki, burada insanların qəlbini ələ almağın əsas açar sözləri “yaxşımısız?”, “rəhmət”, “əkə”, “iltimas”, “cigerim” sözləridir.
Özbəkistanda insanların fəaliyyətini, durumunu gördükdə belə bir qənaətə gəlmək olur ki, özbəklər yerində və vaxtında doğulmuş xalqdır. Bu ölkədə maddi durumuna görə insanlar üzdə, demək olar ki, eyni səviyyədə görünürlər. Kimsə varlıdırsa, bunu onun evinə gedərkən daha aydın hiss etmək olur. Özbəkistanda hər hansı bir naziri sadə bir restoranda kimsə görərsə, heç də təəccüblənməz. Burada, sözün həqiqi mənasında, insanlar özlərini xoşbəxt hiss edirlər.
(ardı var)
Fuad Hüseynzadə
(Bakı-Daşkənd-Bakı)




 
Bölməyə aid digər xəbərlər
10.10.2017
“Doqquz ayda 1582 şirkət qeyri-neft məhsullarının ixracına cəlb edilib”
10.10.2017
Təşəbbüskarı İlham Əliyev olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdı
09.10.2017
Regionda təhlükəli proseslər: ABŞ Türkiyə və İranla münasibətləri niyə kəskinləşdirir?
05.10.2017
Nikol Paşinyan:” Ermənistan başqa bir dövlətin ordusunun ümidinə qalıb”
04.10.2017
“Beynəlxalq terror təşkilatlarının internetdəki təbliğat saytlarının sayı on mini keçib”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info