“Depressiyaya tez-tez düşən insanlar payız depressiyasına da asanlıqla yaxalanırlar”
Tarix: 21.09.2017 | Saat: 20:43:00 | E-mail | Çapa göndər
Pərvin Əliyeva:
“Nə qədər ki, psixoloqlar haqqında yanlış fikirlər var, psixologiya sahəsi inkişaf etməyəcək”
Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi Pərvin Əliyevadır.

-Psixologiya çox dərin və olduqca mürəkkəb bir elmdir. Psixologiyanın əsas özəllikləri nələrdir?
-Məlumdur ki, hazırda elm və texnikanın sürətlə inkişaf etdiyi bir əsrdə yaşayırıq. Bu əsrimiz yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Bu elmlərin obyektləri eyni olsa da, fərqli predmetlərə malk olması ilə fərqlənir. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənməsidir.
Müasir dövrümüzdə psixologiya insanı öyrənən elm kimi xüsusi diqqəti cəlb edir. Onu da qeyd edim ki, hazırda insan həyatında, əmək fəaliyyətində elə bir sahə yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Hər cür insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Hər bir kəs ilk növbədə onu əhatə edən insanların nə istədiyini, xarakterini, temperament tiplərini, davranış motivlərini dərk etməyə çalışır. Bilirik ki, insanlararası ünsiyyət, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər mürəkkəb proseslərdir. Bu kimi mürəkkəb prosesləri bilmədən, onların kor-koranə, səhvlər üzərində qurulması insanlar arasında dostluq, yoldaşlıq münasibətləri yaratmaq əvəzinə, düşmənçilik amillərinin yaranmasına səbəb ola bilər. Bir sözlə, insanın özünün mənfi və müsbət cəhətlərini, öz imkanlarını, şəxsi keyfiyyətlərini dərindən bilməsi az əhəmiyyət kəsb etmir. Psixologiya elmi məhz bu biliklər sisteminin elmi şəkildə öyrənilməsinə xidmət edir. Bu elm eyni zamanda insana öz ruhi (psixi) vəziyyətini bilməyə, lazım gəldikdə onu şüurlu şəkildə dəyişdirməyə xidmət edir (meditasiya, autotrening, autogipnoz və s. vasitəsilə).
-Bəs sadə dildə izah etsək meditasiya nə deməkdir?
-Meditasiya beyinin, fikrin hər hansı bir əşya üzərində mərkəzləşdirilməsidir. Bir şeyə foks ola bilməkdir. Biz insanlar hər şey barədə çox düşünürük. Bir də baxırıq ki, vaxt keçib. Axşam olub. İşə gedirik onun dadını çıxara bilmirik. Çoxumuz bəzi səbəblər üzündən sevmədiyimiz işdə işləyirik. Demək istədiyim odur ki, biz sanki həyatı tam yaşaya bilmirik. Meditasiya o barədə çox kömək edir. Bəzi insanlarda özündən asılı olmadan keçmişə və gələcəyə aid çoxlu fikirlər olur. Hər hansı işlərinə aid müəyyən sıxıntıları, düşüncələri olur. İş orasındadır ki, bu düşüncələr onu rahat buraxmır. Eyni zamanda belə bir şey də var. Bir şeyi düşünürsən və çalışırsan ki, onun kökünü tapasan. Haradan yarandı, necə yarandı, niyə belə oldu və s. bu kimi fikirləri düşünənlər çoxdur. Meditasiya bu fikirləri, bizi narahat edən o düşüncələri, hisləri bir növ söndürmək üçündür. Meditasiya ilə məşğul olduqca içində olan düşüncələr getdikcə azalır. Elə bil, sadəcə, sən olursan və sən düşüncələrə kənardan baxa bilirsən. Meditasiya ilə məşğul olan insanlar daha çox sakit olur, daha çox hər şeyi kənardan müşahidə edə bilir. Problemin içində deyil, çölündə düşünməyi fikirləşə bilirsən. Meditasiya zamanı stabil əhval yüksək əhvalla əvəz olunur.
-Maraqlı yanaşmadır. Bəs fəsillərin necə, insan psixologiyasına təsiri olurmu? Məsələn, artıq payız fəslinə qədəm qoymuşuq.
-Bəli. Təbiidir ki, fəsillərin dəyişməsi ilə əlaqədar olaraq insanlarda bəzi duyğusal dəyişikliklər baş verə bilir. Fəsillərin dəyişməsi insanların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür. Demək olar ki, fəsil dəyişikliyi hər kəsi mövsümi depressiyaya salır. Bu tip depressiyalara daha çox qadınlarda rast gəlinir. Xüsusilə qeyd edim ki, xaraktercə pessimist, özünə inamı zəif olan insanlar riski daha çox yaşayırlar. Depressiyaya tez-tez düşən insanlar payız depressiyasına da asanlıqla yaxalanırlar. Hazırda payız ayları başlayıb və insanlar tətildən iş həyatına qayıdırlar. Bu səbəbdən payız depressiyası haqqında məlumat vermək istəyirəm və ilk öncə qeyd edim ki, hər iki depressiyaya səbəb orqanizmdə hormon balansında baş verən dəyişikliklərdir. Yay tətilindən sonra insanlar bir müddət işə adaptasiya olmaqda çətinlik çəkirlər. Səhər yuxudan oyanma vaxtından tutmuş qidalanmaya, asudə vaxta qədər tətildə hər şey dəyişir. Yenidən ciddi rejimlə işə başlamaq istəyən insan gərginlik yaşamağa başlayır. Deyərdim ki, payız depressiyası bir xəstəlik deyil, yalnız bir psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər. Çalışın, özünüzə faydalı məşğuliyyətlər tapasınız. İdmanla məşğul olsanız, stresinizi atmış olarsınız. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əlamətləri artırır. İdmanla məşğul olan zaman isə beyinin qanla təchizatı güclənir, mənimsəmə qabiliyyəti artır. Səhərlər qaçmaq əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur.
Baharda “qan qaynayır” deyirik. Amma bu fəsildə də mövsümi depressiyaya düşmək mümkündür. Yazın gəlişiylə günün uzanması, havada baş verən dəyişikliklər bəzi insanların halsız olmasına, davamlı yatmaq istəyinə səbəb olur. Burada da səbəb hormon dəyişikliyi ilə bağlıdır. Orqanizm həm psixoloji olaraq adaptasiya çətinliyi yaşayır, həm də fiziki olaraq zəifləmiş olur. İki fəsil depressiyası arasında fərq ondan ibarətdir ki, payızda çox yorulma, həvəssizlik, zövqalma istəyinin aşağı düşməsi halları özünü göstərir, yazda isə aqressivlik, əsəbilik halları yaranır. Bizi depressiyaya salan və depressiyadan çıxaran əsas amil həyata baxışımızdır. Mövsümi depressiyaya keçməmək üçün qabaqlayıcı tədbirlərin görülməsinə və özümüzü yeni gərgin iş günlərinə hazırlıqlı getməyə ehtiyac var. İnsan yaşadığı hadisələrin səbəbindən asılı olmayaraq, psixoloji vəziyyətinə nəzarət etmək öz əlindədir.
-Cəmiyyətimizin psixoloq haqqında təsəvvürləri sizi qane edirmi?
-Paytaxtda insanların psixoloqun işi haqqında məlumatları olsa belə, regionlarda bu göstərici xeyli aşağı səviyyədədir. Psixoloqu bəziləri “dəli həkimi” adlandırır. Nə qədər ki, bu yanlış fikirlər var, psixologiya sahəsi inkişaf etməyəcək. Məktəblərdə psixoloqlar olsa belə, ancaq məktəbəqədər təhsildə psixoloqlara demək olar ki, rast gəlinmir. İnkişaf etmiş ölkələrdə nəinki müəssisələrdə, hətta ailədə də ailə həkimi olmaqla yanaşı, ailə psixoloqunun olması vacib sayılır. Bizdə isə nəinki ailədə, hətta məktəblərdə, tibb müəssisələrində psixoloqun olmasına ciddi təəccüblə yanaşırlar. Bu baxımdan insanların bu haqda məlumatlanması, psixoloqun işinin insanlara düzgün çatdırılması əsas məsələ olaraq diqqət mərkəzindədir. Məlumat azlığından psixoloqa müraciət edən insanlara cəmiyyətdə müəyyən damğa vurulur. Onları "dəli" və ya "zəif" insanlar adlandırırlar. Ona görə də insanlarda cəmiyyət tərəfindən damğalanmaq qorxusu var və bu baxımdan psixoloqa gizlin müraciət edirlər.
-Hazırda Psixologiyanı tədris edirsiniz. Tələbələrin bu sahəyə marağı sizi qane edirmi?
-Tələbələrlə çalışmaq, həqiqətən çətin və məsuliyyətli və deyərdim ki, zövqverici işdir. Sevindirici haldır ki, bu gün tələbələrin psixologiyaya olan marağı daha da artmaqdadır. Xüsusilə psixologiya ixtisası üzrə oxuyan tələbələr təkcə mühazirələrlə kifayətlənməyib müxtəlif psixoloji əsərlər, əlavə mütaliələrlə bu sahəyə aid biliklərini zənginləşdirirlər. Təəssüf olsun ki, Azərbaycanda psixologiya sahəsinin, xüsusilə praktik psixoloq hazırlığının inkişaf səviyyəsi çox aşağıdır. Əvvəla, qeyd edim ki, inkişaf etmiş ölkələrdə praktik psixoloqun mövqeyi, statusu ilə bizdəki mövqeyi, statusu istər kəmiyyət, istərsə də keyfiyyət baxımından çətinliklə müqayisə edilə bilər. Hər halda, konkret faktlarla müqayisə aparsaq bu bizim xeyrimizə olmayacaq. Çünki həmin məsələ bir çox inkişaf etmiş ölkələrdə uzun tarixi inkişafa malikdir. Başqa sözlə, həmin tarix orada çox zaman əsrlərlə ölçülür, bizdə isə bu, əsasən, qısa bir dövrün məhsuludur. Digər tərəfdən praktik psixoloqun hazırlanması məsələsi indiyədək bizim üçün mühüm problem olaraq qalmaqdadır. Bu və ya digər ali məktəbdə mütəxəssisə verilən elmi-nəzəri bilik səviyyəsi ilə onların peşə hazırlığı səviyyəsi arasında ciddi təzad yarana bilir. Burada belə bir zehniyyət hökm sürür ki, mütəxəssisi elmi cəhətdən yaxşı hazırladıqda peşə keyfiyyətlərinə həyatın özündə, praktik fəaliyyətdə yiyələnə bilər. Əlbəttə, burada müəyyən qədər həqiqət var. Amma biz bunu tamamilə psixoloq hazırlığına aid edə bilmərik. Çünki onun sənəti ilk gündən xüsusi peşə hazırlığı tələb edir.
Nəhayət, onu da qeyd edim ki, praktik psixoloqun məktəblərdə, ümumi istehsalat müəssisələrində qəbulu bəzi hallarda təəccüblə qarşılanır. Yəni ki, müəssisə rəhbərləri, kollektiv üzvləri ona psixoloji cəhətdən hazır olmurlar. Psixoloqu bir sıra hallarda işlərinə mane olacaq bir şəxs kimi təsəvvür edirlər. Psixoloqa olan belə münasibət təsadüfi deyil. Çünki bunun üçün lazımi psixoloji hazırlıq aparılmayıb, bu sahədə peşəkar psixoloqun insanlara verə biləcəyi fayda barəsində lazımi təsəvvürə malik deyillər.
-Bəs bugünkü gənc nəslin həyat tərzini necə qiymətləndirirsiniz və onların psixoloji problemləri, əsasən, nələrdən ibarətdir?
- İstehlak cəmiyyətinin özüylə bərabər gətirdiyi psixoloji, sosial və ictimai problemlər insanlara çox təsir edir. Bir çox həmyaşıdlarım həyatın mənasız olduğunu və yaşamağa bir əsaslarını olmadığını deyirlər. Bunun da təməlində gənclərin zəhmət çəkməyə meyilli olmamaqları durur. İnsan nə üçün yaşayır, həyatın mənası varmı? Varsa nədədir, hansı həyat tərzi seçmək lazımdır? Sağlam düşüncə tərzinə malik olan az adam tapılar ki, ömründə, heç olmasa, bir neçə dəfə bu suallar üzərində düşünməmiş olsun. Bu təbiidir. Çünki öz tarixini öz şüurlu fəaliyyətləri ilə yaradan insanlar yalnız təbiəti dərk etməklə kifayətlənə bilməzlər. Onlar bununla bərabər həm də özlərini, öz mahiyyətlərini, öz məqsəd və həyat tərzlərini dərk etməyə çalışırlar. Təəssüflə qeyd edim ki, bizim cəmiyyətdə hələ həyatın həqiqi mənasını başa düşməyənlərə, həyata meşşancasına baxanlara rast gəlmək olur. Xeyli müasir gəncin psixoloji vəziyyəti də demək olar ki, acınacaqlıdır, referent qruplara alkoqolizm kimi mənfi vərdişə meyil edir, çayxanalarda qəlyan çəkməklə vaxt keçirirlər və s. Həmin qrup gənclər təhsilə barmaqarası yanaşırlar, təhsili yalnız diplom xatirinə alırlar, savad xatirinə yox. Hətta savad xatirinə oxusalar belə, çox zaman öz ixtisasları üzrə çalışmrlar. Musiqi zövqləri də korlanıb ki, bu da onların psixikasında əks olunur. Dini düzgün dərk etmirlər, dini əqidədə yanlış hallar özünü göstərir və bunun nəticəsidir ki, son illərdə müxtəlif radikal cərəyanlara qoşulmaların şahidi olduq. Avropanın vulqar dəbinə daha çox meyil edirlər, bunlar saç düzümündə, geyimlərdə özünü göstərir. Demək olar ki, oğlanlarda feminizasiya (qızlaşma), qızlarda maskulinasiya(oğlanlaşma) gedir. Bu hallara daha çox rast gəlindiyi üçün əsas problemlər kimi sadaladım. Ailə dəyərləri haqqında təsəvvürlər, demək olar ki, yox dərəcəsindədir. Bunun nəticəsidir ki, boşanmaların sayı üzrə göstərici də ilbəil artır. Ümid edirəm bu kimi problemlər yaxın gələcəksə xeyli azalacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
“Azərbaycan gənci bütün sahələrdə öz sözünü deyə bilir”
13.12.2017
“Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
07.12.2017
Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7928

1 “Növbəti 4 il Azərbaycan gənclərinin inkişafında yeni mərhələ olacaq”
2 Bakı Atatürk Liseyində Ulu öndərin xatirəsi yad edilib
3 Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
4 Kollec məzunları ali məktəblərə imtahansız qəbul olunacaq
5 DJB növbəti “Diaspor dərsi”ni Bakı Humanitar Kollecində keçirib


14.12 15:41
14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info