ABŞ Azərbaycanın layihələrinə dəstəyi davam etdirəcək
Tarix: 22.09.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər
“Cənub Qaz Dəhlizi” və Azərbaycanın əhəmiyyəti artır

Səfir Robert Sekuta: “Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir”


2020-ci ilədək neftin qiyməti kəskin arta bilər
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələrindən ibarət Birgə Monitorinq Komitəsi Avstriyanın paytaxtı Vyanada bir araya gəlib. OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri neft bazarının yenidən balanslaşdırılmasının təmin olunması üçün bu il yanvarın 1-dən qüvvədə olan neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılmasını nəzərdən keçiriblər. İclasda istehsal kvotasının daha bir faiz azaldılması məsələsi də müzakirə edilib. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, kotirovkalarda 1 faiz azalma üçün heç bir rəsmi tələb və ya müraciət yoxdur. Qeyd edək ki, avqustda OPEC-in neft istehsalının azaldılması üzrə sazişə əməletmə səviyyəsi 82 faizə çatıb. Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Cari ilin avqust ayı ərzində Azərbaycan üzrə gündəlik neft hasilatı 734,8 min barel olub. Bunun 704 min barelini xam neft, 30,8 min barelini kondensat təşkil edib. Gündəlik 617,6 min barel xam neft, 30,8 min barel kondensat, 6,6 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarları üzrə nümayəndəsi Neil Atkinson deyib ki, 2020-ci ilədək neftin qiyməti kəskin arta bilər. O bildirib ki, dünya bazarında neftin qiymətinin müəyyən mənada bahalaşmasına baxmayaraq, neft sənayesinə yatırılan investisiyaların həcmində artım müşahidə edilmir. Yeni layihələrə xərclərin artmaması 2020-ci ilə qədər neft qiymətlərində kəskin artıma gətirib çıxaracaq.

2040-cı ildə Avropanın istehlakı rekord həddə çatacaq
Onu da qeyd edək ki, ABŞ Enerji Nazirliyi tərəfindən hazırlanan hesabatda qeyd edilir ki, Avropanın neft-qaz asılılığı artacaq. Hesabatda qeyd edilir ki, 2040-cı ildə Avropanın istehlakı rekord həddə çatacaq. Amerikalılar hesab edir ki, Avropa yaxın 20 il ərzində Rusiyadan olan enerji asılılığından qurtula bilməyəcək. Eyni zamanda qeyd edilir ki, Rusiyadan Avropaya olan qaz ixracı ilə yanaşı Çinə satılan qazın həcmi də artacaq. Xatırladılır ki, 2014-cü ildə Rusiya ilə Çin arasında qaz kəmərinin çəkilməsi ilə bağlı saziş imzalanıb. Həmin kəmərin 2019-cu ildə istifadəyə verilməsi gözlənilir. Bundan sonra Çinin Rusiyadan ildə 38 milyard kub metr qaz alacağı nəzərdə tutulur. Amma kəmərin gücü 60 milyard kub metr olacaq. ABŞ Energetika Nazirliyi vurğulayır ki, Rusiya ilə yanaşı OPEK üzvü olmayan ölkələrdə də neft istehsalı və ixracı artacaq. Hesabatda qeyd edilir ki, OPEK-ə daxil olmayan ölkələrdə gündəlik neft istehsalı 2015-ci illə müqayisədə 630 min barelə yüksələcək. ABŞ Avropanın Rusiyadan olan enerji asılılığını azaltmaq üçün qitəyə sıxılmış qaz satmağa başlayıb. Bununla bağlı Polşada terminal inşa edilib və ilk sıxılmış qaz artıq Polşaya çatdırılıb. Amma Rusiya bazardakı payının azalması ilə razı olmayacaq. Bunun üçün “Türk axını” və “Şimal axını-2” layihələri reallaşdırılır. Rusiyalı ekspert Rustəm Tankaev “RT”-yə bildirib ki, ölkəsi gündəlik 14 milyon barel neft istehsal edə bilər. Amma bu qədər neftin bazara çıxarılması qiyməti avtomatik olaraq 20 dollara endirə bilər ki, bu da heç bir istehsalçının marağında deyil. Ekspert deyib ki, ABŞ böyük həcmdə qaz istehsal edə bilir. Amma Birləşmiş Ştatların istehlakı da çox olduğundan onu sata bilmir. Satmaq üçün kimdənsə qaz alıb satmalıdır. Sıxılmış qazı uzaq məsafəyə satmaq rentabelli deyil. Çünki belə olan halda qazın qiyməti adi qazın qiymətindən baha olur. ABŞ-dan ilk sıxılmış qazı alan Polşa artıq bunu etiraf edib. Ona görə də Avropa üçün Azərbaycanın müəllifliyi ilə həyata keçirilən layihələr, əsasən də “Cənub Qaz Dəhlizi” böyük əhəmiyyət kəsb edir. Bu layihə vasitəsilə Avropa böyük həcmdə qaz ala biləcək. Gələcək illərdə kəmərlə başqa istehsalçıların da mavi yanacağı ixrac edilə bilər. Bu amil isə “Cənub Qaz Dəhlizi” layihəsinin və Azərbaycanın Avropa üçün əhəmiyyətini dəfələrlə artırır. ABŞ-ın Azərbaycanın müəllifliyi ilə həyata keçirilən layihələrə dəstəyi də ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadağı rolu göstərir. ABŞ-ın indiki dövlət başçısı Donald Tramp, hakimiyyətə gəlməsindən aylar ötməsinə baxmayaraq, dəfələrlə ölkəmizin enerji təhlükəsizliyndəki rolunu yüksək qiymətləndirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta:
“ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri-neft sektorunda və yeni İpək yolu layihələrində uzunmüddətli tərəfdaşı olmağa davam edəcək”
Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzi “Caspian Policy Center”in (CPC) Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişə həsr edilən xüsusi icmalına açıqlama verib. Səfir qeyd edib ki, qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir: “ABŞ AÇG yataqlar blokunun inkişafı istiqamətində imzalanan yeni sazişdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnundur. ABŞ davamlı olaraq Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində neft və qaz yataqlarının hasilatını dəstəkləyib. Burada əsas hədəf neft və qaz resurslarının Avropa və digər bazarlara çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirilir. Bu həqiqət, ABŞ Prezidenti Donald Trampın 28 May – Respublika Günü ilə bağlı, eyni zamanda, XXIV Neft və Qaz sərgisi və konfransı münasibətilə Azərbaycana ünvanladığı təbrik məktubunda, ABŞ dövlət katibi Reks Tillersonun fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasına göndərdiyi məktubda öz əksini tapıb”. Səfir qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaşı olmağa davam edəcək: “1990-cı illərin sonunda ABŞ Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə siyasi dəstək verib, ABŞ şirkətləri bu layihədə özlərinin maliyyə və texnologiya vəsaitləri ilə iştirak ediblər. ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri-neft sektorunda və yeni İpək yolu layihələrində uzunmüddətli tərəfdaşı olmağa davam edəcək”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
Böyük ixraca hesablanan logistik mərkəzlər, aqroparklar və sənaye zonaları yaradılacaq
17.10.2017
Tələbələr Metropolitendə istehsalat təcrübəsinə cəlb olunub
17.10.2017
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artıb
17.10.2017
“Ağ qızıl“ın şəfa əhəmiyyəti
17.10.2017
TAP Albaniyaya əlavə 800 mln. avro yatıracaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info