Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
Tarix: 22.09.2017 | Saat: 19:48:00 | E-mail | Çapa göndər
Özbəklər çəkdikləri əziyyətin bəhrəsini görürlər


(Əvvəli ötən sayımızda)

Bu gün bütün dünya özbəklərin zəhmətkeşliyindən danışır. Onları xoşbəxt edən də bu əməksevərlikləridir. Yəni özbəklər xalq olaraq çəkdikləri əziyyətin hər zaman bəhrəsini görüblər və bu gün də görürlər. Bu gün Özbəkistanın əsas iqtisadi dayaqlarından biri güclü istehsal sənayesinin olmasıdır. MDB ölkələrinin əksəriyyətinin idxal etdiyi bir çox məhsullar Özbəkistanın özündə istehsal olunur, eləcə də xaricə ixrac edilir. Məsələn, Özbəkistan hazırda Koreyanın “Daevo” avtomobil kompaniyası ilə birlikdə minik avtomobili, Türkiyənin “SamKoc” avtomobil şirkətləri ilə birlikdə kiçik avtobuslar və yük maşınları, Yaponiyanın “İzusu” motor şirkəti ilə birlikdə avtobus və yük maşınları istehsal edir. Eyni zamanda maşın motoru və başqa hissələri eksport olunur.
Özbəkistanda əcnəbi iş adamlarına böyük hörmət var. Hətta xalq arasında belə, bu hörmət hiss olunur. Dövlət səviyyəsində onların hər hansı iş qurmasına şərait yaradılır. Görülən işə görə isə, cüzi vergi tələb olunur. Biz çox azərbaycanlılarla görüşümdə də bu haqda ətraflı söhbət etdik. Onlara iş qurmaq üçün hər hansı təzyiqin və qeyri-rəsmi ödənişlərin tələb olunmadığını bildirdilər. Maraqlıdır ki, iqtisadi baxımdan belə münbit şəraitin olduğu ölkədə tikinti sektoru zəif inkişaf edib. Məhz buna görədir ki, Daşkənddə müasir binalar çox da gözə dəymir. Hər halda, Azərbaycanda tikinti sektorunda olan iş adamları öz fəaliyyətlərini bu ölkədə də davam etdirə bilərlər. Əsas odur ki, burada iş quran biznesmenlərə dövlət səviyyəsində qarant var. Yəni istəniləm investor öz sərmayəsinin etibarlı əllərdə olduğuna inana bilər.
Özbəkistanda vaxtilə özəl tikinti sektoruna “Bankiskiy” evlərin tikintisi ilə start verilib. Yəni dövlət banklara imkanlar verib ki, müasir binalar tiksin. Ona görə də bankların tikdiyi evlərə xalq arasında “Bankiskiy ev”lər deyilir. Hazırda yeni müasir binalar, az da olsa, tikilir. Amma bu evlər nisbətən bahadır.
Bir haşiyə çıxaraq bildirim ki, Özbəkistanda olarkən Mais İbadov, İxtiyar Allahverdiyev və Azər Ələkbərovla bir günlük Qazaxıstana səfər etdik. Məqsəd Qazaxıstanın Çimkənd şəhərində Ötebey Baba məscidinin açılışında iştirak etmək idi. Məscidi qazaxıstanlı gənc biznesmen Əlixan Amalbayev 9-cu babası Ötebeyin şərəfinə vaxtilə yaşadığı Akaydar kəndində tikdirib.

Özbək aşını yerində yeməyin öz ləzzəti var...
Özbəkistanda aqrar sahə də əhəmiyyətli dərəcədə inkişaf edib. Ötən yazımda qeyd etdim ki, özbəklərin zəhmətkeşliyi bu ölkənin kənd təsərrüfatını dinamik inkişaf etdirib. Demək olar ki, dövlət bütün kənd təsərrüfatı məhsulları ilə əhalini təmin edir. Yerli kənd təsərrüfatı məhsullarının bolluğu qiymətlərin qalxmasına imkan vermir. Qərbin GMO məhsullarını isə bazar və dükanlarda görə bilməzsiz.
Özbəkistanda diqqətimi çəkən bir məqam da burada çəltikçiliyin yüksək səviyyədə inkişaf etməsi oldu. Maraqlıdır ki, ölkəyə, demək olar ki, xarici marka düyüləri ayaq aça bilməyib. Sərhəddən belə düyülərin buraxılmasına icazə verilmir. Eyni zamanda Özbəkistandan gedərkən 5 kq-dan artıq yerli düyü keçirməyə icazə verilmir. Bir sözlə, öz məhsulları özlərinə qalır. Bu da ondan irəli gəlir ki, bu ölkədə düyüyə böyük tələbat var. Görünür, elə buna görədir ki, özbək aşı dünyada məşhurdur.
Əslində, özbək aşını məşhur edən həm də düyünün “milli” xüsusiyyətidir. Məhz buna görədir ki, başqa ölkədə heç kim istədiyi səviyyədə özbək aşını bişirə bilmir. Onun üçün də özbək aşını elə gərək Özbəkistanda yeyib dadını alasan. Ümumiyyətlə, bir çox milli yeməklər var ki, elə vətənində yeyilərkən öz dadını almaq olur. Özbək aşı da, bu baxımdan, özəllik kəsb edir. Aş Azərbaycan kimi, Özbəkistan mətbəxinin də şahı hesab olunur. Mən Özbəkistana gedərkən əsas maraqlarımdan biri də özbək aşını yemək idi. Elə dostlarım və həmkarlarım da mənə, əsasən, bunu tövsiyə etmişdilər.
Özbəkistanda evlərdə aş bişirmək üçün ayrıca ocaqlar tikilir. Bundan başqa, ölkədə xüsusi aşxanalar fəaliyyət göstərir. Təkcə Daşkənddə minə yaxın aşxana əhaliyə xidmət göstərir. Hər gün belə aşxanalarda, əsasən, saat 12-dən 14-ə kimi insanlar kütləvi olaraq nahara gəlirlər. Belə pik vaxtlarda insanlar aş almaq üçün növbəyə dururlar. Elə dostum Mais İbadov da məni şəhərin mərkəzi aşxanalarından birinə apararkən nahar vaxtı idi. Qeyd edim ki, burda gündə 5000 nəfərə çatacaq aş dəmlənir. Təxmini hesablamalara görə, 100 qram aş bir nəfərə bəs edir. Çünki özbək aşı tərkibindəki ət və digər inqridientlərə görə doyumlu olur.
Həqiqətən, insanlar həm aş almaq, həm də yemək masalarında əyləşmək üçün növbəyə durmuşdu. Elə biz də o növbədə duranlardan olduq. Sonda illərdir gözlədiyim özbək aşını dada bildim. Həqiqətən, özbək aşını yerində yeməyin öz ləzzəti var... Düzdür, mən özbək aşını dadmaq üçün bura getmişdim. Amma anlaşılan odur ki, bura özbəklər təkcə aşı dadmaq üçün deyil, həm də maraq və ənənə olaraq gəlirlər. Yeri gəlmişkən, bu günlərdə Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalında “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün səkkiz ton ağırlığında plov hazırlanıb. “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda hazırlanan plov dünyada ən böyük plov olacaq. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib.
Özbəklərdə də qonağa öncə çay verilir. Düzdür, orada bizim vərdiş etdiyimiz pürrəngi, xoruzquyruğu çay olmur. Özbəklər daha çox yaşıl çaya üstünlük verirlər. Həmçinin özbəklər çayı bizim kimi stəkanda deyil, piyalədə içirlər. Maraqlıdır ki, qonaq getdiyimiz yerlərdə piyaləyə çay az süzülürdü. Bu da mənim üçün hər zaman sual olaraq qalırdı. Lakin sonradan öyrəndim ki, bu da hörmət əlaməti olaraq edilirmiş. Yəni, adətə görə, əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Belə ki, çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə, bu hal bir neçə dəfə təkrarlanır.

Daşkənd-yaşamalı və işləməli şəhər
Əslində, Daşkənd yaşamalı və işləməli şəhərdir. Görünür, buna görədir ki, Daşkənd turistik baxımdan heç də diqqət çəkmir. Yəni burada gəzməli yerlər o qədər də yoxdur. Ona görə də bu paytaxt şəhərində əcnəbi turistlərə çox da rast gəlmək olmurdu. Amma, buna baxmayaraq, Özbəkistanda Buxara, Səmərqənd, Xarəzm, Xivə kimi qədim və turistik şəhərlər var. Özbəklər fəxr edirlər ki, öz dövründə dünyaya səs salan və tarixdə silinməz iz qoyan əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir məqbərəsi onların vətənindədir. Bu gün Buxara şəhəri Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılır. Məhz buna görədir ki, belə şəhərlər əcnəbi turistlərin ən çox səyahət etdiyi yerlərdir.
Burda bir məqamı da xüsusi qeyd etmək istərdim ki, Özbəkistanda, əsasən, Xarəzm və Xivə şəhərlərinin əhalisinin danışıq ləhcəsi Azərbaycan dilinə çox yaxındır. Onları dinləyən istənilən azərbaycanlının qəlbi titrəməyə bilmir. Özündən asılı olmayaraq belə insanlarla qarşı ruhi yaxınlıq hiss edirsən.
Fuad Hüseynzadə
(Bakı-Daşkənd-Bakı)




 
Bölməyə aid digər xəbərlər
17.10.2017
“İslahatlar həm iqtisadiyyatın, həm də idarəetmənin xeyrinədir”
17.10.2017
ADNSU-nun professoru “İlin alimi” mükafatının qalibi olub
17.10.2017
80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib
17.10.2017
Məktəb direktorları və müəllimlər üçün müsabiqənin ikinci mərhələsinə başlanılır
17.10.2017
ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7505

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Diaspor təşkilatları Qarabağ münaqişəsinin təbliğində yeni üsullardan istifadə etməlidirlər”
3 Yeni ictimai birlik fəaliyyətə başlayıb
4 “Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
5 “Gənclər ailə qurmazdan əvvəl ciddi düşünməlidirlər”
17.10 12:18 Rizə küftə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info