“Xaricdə ölkəsinin əleyhinə danışan adamları necə azərbaycanlı adlandırmaq olar?”
Tarix: 07.05.2013 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Bildiyimiz kimi son dövrdə bəzi dırnaqarası ziyalılar ölkəmizdə ictimai-siyasi prosesləri qarışdırmağa çalışan xarici qüvvələrin maliyyə dəstəyi ilə antimilli fəaliyyətlə məşğul olurlar. Belələrindən biri də “hüquq müdafiəçi”si Leyla Yunusdur. Onun 5 may tarixində Almaniyada çıxışı zamanı ölkəmizi haqsız şəkildə tənqid etməsi, eyni zamanda Ermənistanda Regional Araşdırma Mərkəzinin sədri olan Laura Baqdasaryanla birlikdə Əkrəm Əylislinin müdafiəsinə qalxdıqlarını qeyd etməsi onun gizli, çirkin məqsədindən xəbər verir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Sahil İsgəndərov qlobal proseslər fonunda fikirlərini aşağıdakı kimi ifadə etdi: “Burada nəzərə çarpan bir sıra məqamlar var. Yadınıza gəlirsə bu yaxınlarda Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişləndirmə komissarı Ştefan Füle Azərbaycana səfərə gəlmişdi. Son zamanlar artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin fiaskoya uğradığı daha aydın şəkildə üzə çıxdıqca onlar da guya Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün qarşılıqlı etimad atmosferinin yaradılması məsələsini şişirdirlər. Sözsüz ki, bu baxımdan Ermənistanda, həm də Azərbaycanda özünü ziyalı adlandıran təbəqədən istifadə etməyə çalışırlar. Amma bunun arxasında ilk növbədə diqqəti çəkən məqam nədir? Diqqəti çəkən məqam odur ki, Azərbaycana öz ədalətli mövqeyindən geri çəkilməsi üçün güclü təzyiq gedir. Çox təəsüflər olsun ki, ölkəmizdə özünü ziyalı adlandıran, əslində dövlətçiliyimizin əleyhinə işləyən bir qrup insanlar xaricdən aldığı qrantlarla antiazərbaycan təbliğatı ilə məşğuldurlar. Çünki biz Azərbaycan tarixinə nəzər yetirsək, dəfələrlə xarici qüvvələrin daxilimizdəki bu cür üzdəniraq ziyalıları taparaq son məqamda Azərbaycanı post factum, yəni ərazilərinin işğal olunmasına baxmayaraq təcavüzkar dövlətlə yenidən əlaqələri bərpa etməyə məcbur etdiyinin şahidi olarıq. İkinci növbədə bu il Azərbaycanda prezident seçkiləridir və buna görə Qərb ölkələrindəki ermənipərəst qüvvələr daxildəki destruktiv qüvvələrdən istifadə edərək Azərbaycan hakimiyyətinə təzyiq göstərmək istəyirlər. Bunun arxasında isə həmin qüvvələrin, dövlətlərin geosiyasi maraqları durur. Onlar həm də Azərbaycana təzyiq göstərməklə ölkəmizin aparıcı rol oynadığı beynəlxalq əhəmiyyətli layihələrə Ermənistanın da qoşulmasını istəyirlər. Çünki Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində Azərbaycan tərəfindən bu layihələrdən təcrid olunub, nəticədə ölkə siyasi, hərbi-siyasi, maliyyə cəhətdən fiaskoya uğrayıb, kataklizmlərə məruz qalıb.. Əlbəttə ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində düşdüyü ağır vəziyyət onun havadarlarını narahat edir. Üçüncü məqam Azərbaycanın İranla bağlı gedən siyasi proseslərdə heç bir bloka qoşulmaması, özünün müstəqil siyasət yürütməsidir. Dördüncü məqam isə Azərbaycanın işğal edilmiş torpaqlarımız azad olunmayınca Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinin qeyri-mümkünlüyü ilə bağlı mövqeyidir. Bax bu məqamlar xarici qüvvələri çox narahat edir, ona görə də onlar daxildəki dırnaqarası ziyalıları taparaq, onları maliyyəşdirərək dünyaya Azərbaycan cəmiyyətinin, ziyalısının ermənilər haqqında heç də pis fikirləşmədiyini göstərmək istəyirlər. Buna görə də onların fikrinə görə qarşılıqlı etimad atmosferi yaradılmalıdır, ilk addımı isə Azərbaycan atmalıdır. Burada belə bir sual yaranır: Burada birinci addımı təcavüzkar ya təcavüzə məruz qalan atmalıdır?
Son dövrlərdə əfsuslar olsun ki Almaniya açıq-aşkar Türkiyəyə, ölkəmizə qarşı siyasət aparır, erməni diasporunun çox güclü təsirə mailk olan Fransa da Ermənistanı əvvəl olduğu kimi hərtərəfli şəkildə dəstəkləyir. Axı bu dövlətlərdə gedib öz ölkəsinin əleyhinə danışan adamları necə azərbaycanlı adlandırmaq olar? Guya ki, bunlar müəyyən təşkilatlarla qarşılıqlı əlaqə qurmaqla etimad atmosferi yaratmaq istəyirlər. Bəs gəlin baxaq görək qarşı tərəf buna hazırdırmı? Georq Vanyan adlı erməni kinorejissorunu Azərbaycan kinosu günləri keçirtmək istədiyi üçün az qaldı ki, öldürələr. Bundan başqa 1999-cu ildə Ermənistan parlamentində güllələnən Dəmirçiyan və başqaları Azərbaycanla danışığa getmək və heç olmasa Dağlıq Qarabağın ətrafındakı rayonları azad etməklə bağlı fikir səsləndirmişdi. Bu bir daha sübut edir ki, erməniçilik ideoloqları buna imkan verməzlər. Ermənistan tərəfindən axı bu istəklə bağlı heç bir addım atılmayıb. İndi bu dırnaqarası ziyalılar bir fikir söyləyəndə, Azərbaycanı tənqid edəndə məsələnin bu tərəfini təhlil etməlidirlər. Bundan başqa bu erməniçilik ideoloqlarının ənənəvi taktikasıdır. Torpaqlar işğal edildiyi dövrdə Balayanları, Kaputikyanları, İgidyanları və digər etnofundamentalistləri irəli atırlar, torpaqlar işğal olunub üstündən 15-20 il keçəndən sonra əlaqə qurmağın tərəfdarı olan Georq Vanyan kimi mötədil ziyalılar meydana çıxır. Beləliklə qardaşlıqdan söhbət gedir, əslində beyinlərin yuyulması gedir. Təsəvvürə gətirin ki, deyirlər ki , 20 % torpaqlarınızın işğalını unudun, gəlin qardaş olaq. Leyla Yunus, Əkrəm Əylisli kimilər Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərirlər. Leyla Yunus Almaniyada Azərbaycanda insan hüquqlarının pozulmasından danışır, lakin bu adam niyə Almaniyada insan hüquqlarının pozulmasına BMT-də baxılmasını, Almaniyada bu yaxınlarda baş verən mitinqlər zamanı vətəndaşlara divan tutulmasını, iki gün bundan qabaq neonasistlərlə bağlı məhkəmə proseslərinin başlamasını görmür? Neonasistlərin məhkəmə prosesləri zamanı ortaya Almaniya xüsusi xidmət orqanlarının qeyri-leqal, radikal milliyyətçiliyə əsaslanan hərəkatları dəstəkləməsi haqqında dəhşətli faktlar ortaya çıxıb. Almaniyada ölkəmizin əleyhinə fəaliyyət göstərən , Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasını iddia edən siyasi dairələr əvvəlcə yuxarıda sadaladığımız faktları göz önündə saxlayaraq Almaniya ilə Azərbaycan arasında müqayisə aparmalıdırlar. Ondan sonra daha çox hansı ölkədə hüquqların pozulmasını aydın görəcəklər. Ölkəmizdə bir çox xalqların nümayəndələri əsrlərdir birlikdə qardaşlıq və dostluq şəraitində, mehriban şəkildə yaşayırlar.
Fikrimcə, belə neqativ halların qarşısının alınması üçün, belə özünü ziyalı adlandıran, lakin antimilli fəaliyyət göstərənlərin cavabını ölkənin tanınmış ziyalıları verməlidirlər. Onlara xalqın gözü qarşısında televiziyalar vasitəsilə yanlış yolda olduqları, arqumentlərinin əsassız olduğu qarşılıqlı debatlar vasitəsilə sübut edilməlidir. Əfsuslar olsun ki, hələ ki, tanınmış ziyalılarımızdan belə analoji cəhdləri görmürəm. Eyni zamanda dövlətçiliyimizə, ümummilli maraqlarımıza qarşı fəaliyyət göstərənlərlə Konstitusiyamızda, qanunlarımızda göstərilən şəkildə rəftar olunmalıdır.
Haqqında danışdığımız qüvvələri inandırım sizi, ölkəmizdəki demokratiya və insan hüquqları zərrə qədər maraqlandırmır. Burada məqsəd ölkə hakimiyyətinə təzyiq göstərərək siyasi, iqtisadi dividendlər əldə etməkdir. İndi Leyla Yunus deyir ki, Əkrəm Əylislinin hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstəririk. Mən başa düşmürəm ki, Azərbaycanda Əkrəm Əylisliyə nə ediblər ki, onun hüquqlarını da Leyla Yunus müdafiə etsin. Bunlar hamısı təxribatdır, ölkəmizi gözdən salmaq üçün atılan addımlardır. Niyə Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyan küçənin ortasında güllələnir, amma heç kim onun hüquqlarını müdafiə etmək üçün təşkilat qurmur, fəaliyyət göstərmir? Niyə Azərbaycana insan hüquqları ilə bağlı təzyiq göstərənlər, Əkrəm Əylislini müdafiə edənlər Ayrikyan haqqında bir kəlmə də heç nə demirlər?
Leyla Yunuslar isə belə hallardan istifadə edib, oyunlar quraraq xarici təşkilatlardan daha çox qrant qoparmaq istəyirlər”.

Söhrab İSMAYIL







 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info