Nağdsız ödəniş sisteminin oturuşması hansı nəticələrə imkan yaradacaq?
Tarix: 07.05.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar tərəfindən həyata keçirilən pul dövriyyəsi formasıdır. İnkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalar ticarət, iaşə və sair xidmət müəssisələrində, yaxud turistlər tərəfindən geniş istifadə olunur. Son dövrlərdə elektron ticarətin geniş vüsət alması da belə bir şərait yaradır ki, hesablaşmalar plastik kartlar - nağdsız şəkildə həyata keçirilir. Bu, beynəlxalq təcrübədən Azərbaycana keçən çox yaxşı və effektiv üsullardan biridir. Bu ödəniş növü ödənişlərin daimi və dayanıqlı axınlarını formalaşdırır. Məhsul, xidmətlər, valyuta və qiymətli kağızların alıcılarından satıcılara, vergi ödəyicilərindən büdcəyə, büdcədən büdcə təşkilatlarına və sair fasiləsiz ödənişi təmin edilir. Nağdsız hesablaşmaların nağd ödənişlərə nisbətən bir sıra üstünlükləri var. Belə ki, hər hansı bir ölkədə nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı böyük həcmdə investisiyalar və sərbəst kredit resurslarından məhrum edir. Nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi pul-kredit siyasətinin idarə olunmasına, o cümlədən maliyyə intizamında nəzarətə, şəffaflığa və sair məsələlərə ciddi təsir göstərir. Amma xərclərin kəskin surətdə azalması, müştərilərin rahatlığının təmin olunması, müştərilərin və bankların əməliyyatlarının təhlükəsizliyi, hesablaşmaların şəffaflığının artırılması kimi hallar baxımından nağdsız ödənişlər nağd ödənişlərdən daha üstün və səmərəli hesab edilir.

Bəs Azərbaycanda nağdsız hesablaşma sahəsində vəziyyət nə yerdədir? Nağdsız ödəniş sisteminin inkişaf istiqamətləri ilə bağlı nələri bildirmək olar?
Azərbaycanda son dövrlərdə nağdsız hesablaşmalar mühüm yer tutmağa başlayır. Bu sahədə islahatlardan əlavə, beynəlxalq əhəmiyyətli tədbirlər də prosesə böyük təkan vermiş oldu. Azərbaycanda keçirilən qlobal mədəniyyət, incəsənət, elm, əyləncə, idman tədbirləri nağdsız hesablaşma sahəsinin inkişafına stimul kimi qiymətləndirilir. Beləliklə, nağdsız ödəmə sistemi son iki ildə daha çox inkişaf etməyə başlayıb. Bakıda pos-terminalların quraşdırılması prosesi uğurla tamamlanıb. Bununla belə, nağdsız hesablaşmaların kəskin artmasına imkan yaradılması üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Bu gün vətəndaşlarda plastik kartların sayı 5 milyona yaxındır. Buna baxmayaraq, hələlik vətəndaşlarda plastik kartlardan və nağdsız hesablaşmalardan istifadə ilə bağlı oturuşmuş ənənə formalaşmayıb. Bu ənənənin olmaması ona gətirib çıxarır ki, vətəndaşların plastik kartlardan istifadə həvəsini azaldır. Bundan başqa plastik kartlar satış obyektlərində, alış-veriş mərkəzlərində lazımınca istifadə edilmir. Ona görə də satış obyektlərində işçilərin plastik kartlardan istifadə ilə bağlı maarifləndirilməsinə ciddi ethiyac olması da bu sistemin inkişaf istiqamətləri sırasında qeyd edilməlidir. Həmçinin heç də bütün satış və ticarət obyektləri plastik kartlardan istifadədə maraqlı deyil. Çünki plastik kartlar vergidən yayınmanın qarşısını alır. Bu baxımdan da bir çox ticarət obyektləri bundan yayınmağa çalışırlar.
İqtisadi Resursların Tətbiqi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə qəzetimizə bu barədə belə bildirdi: “İqtisadiyyatda nağd pul dövriyyəsinin məhdudlaşdırılması və donorlaşmanın qarşısının alınması, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması, vergidən yayınma hallarının aradan qaldırılması, bazarda nağd pul emissiyasının uyğun saxlanması, pulun tədavül qanununa riayət olunması, həmçinin əməkhaqqı, pensiya və təqaüdlərin vaxtında, rahat üsullarla paylanması məsələsi, əhaliyə dövlət təşkilatları tərəfindən göstərilən kommunal və sair xidmətlərin haqlarının asan şəkildə ödənilməsi, xidmətlərin asanlaşdırılması, elektron hökumətin Azərbaycanda inkişaf etdirilməsi çərçivəsində dövlət rüsumlarının ödənilməsi, elektron bazarlara çıxışın genişləndirilməsində nağdsız hesablaşma sistemi müstəsna önəm daşıyır. Nağdsız hesablaşmaların formalaşması istiqamətlərindən biri də təsərrüfat subyektlərində sadə, ucuz, sürətli və keyfiyyətli xidmət göstərilməsi yolu ilə müştəri bazarının genişləndirilməsi kimi məsələlərdir. Dövriyyədə olan pul kütləsinin daha çox nağdsız vasitələrlə dövriyyəsinə nail olunması son nəticədə maliyyə-pul siyasətinin daha da intensivləşməsinə gətirib çıxarır. Pərakəndə iaşə, ticarət və digər xidmət müəssisələrində pos-terminalların quraşdırılması, elektron ticarət imkanlarının gücləndirilməsi, internet və mobil bankçılığın genişləndirilməsi, müvafiq beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər gedir. Bir sıra qanunvericilik aktları qəbul olunub. Biz bu qanunvericilik aktlarında Prezidentin ödəniş sisteminin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 2005-ci il tarixli sərəncamını qeyd edə bilərik. 2006-cı ildə qəbul edilmiş Nazirlər Kabinetinin pos-terminalların quraşdırılması məqsədəuyğun hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müəyyənləşdirilməsi meyarları da qeyd edilə bilər. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Nazirlər Kabinetinin 2006-cı ildə Azərbaycan Respublikası ərazisinsdə pos-terminalların istismar edilməsi qaydaları, Ədliyyə Nazirliyi tərəfindən prosessinq təşkilatlarına icazələrin verilməsi qaydaları qəbul edilib və sair tədbirlər həyata keçirilib. Qərarların qəbul edilməsi nağdsız hesablaşmalar üçün bir növ qanunverici baza rolunu oynayır”.

“Həm təşviqi, həm də inzibati metodlardan
istifadə edilməlidir”

İqtisadçı ekspert Vüqar Bayramov isə qəzetimizə bu barədə fikirlərini belə bildirir: “Plastik kartlardan, eləcə də nağdsız hesablaşmalardan istifadənin genişləndirilməsi ilə bağlı hansı addımların atılmasına gəlincə, bu zaman həm təşviqi, həm də inzibati metodlardan istifadə edilməsi məqbuldur. Təşviqi metodlardan biri ilə bağlı Türkiyə təcrübəsini misal çəkmək olar: plastik kartlardan istifadə edən və plastik kartlarla ödəniş həyata keçirənlər üçün müəyyən bonuslar müəyyənləşdirilir. Plastik kartla ödəniş edən vətəndaşların ödənişlərinin bir qismi sonradan - ayın və ya ilin sonunda onun hesabına yatırılır. Məsələn, vətəndaş rüb ərzində plastik kartdan istifadə edərək min manatlıq alış-veriş edibsə, həmin min manatın 3 faizi, yəni 30 manatı sonradan vətəndaşın hesabına yatırıla bilər. Bu isə vətəndaşlarda plastik kartlardan istifadə ilə bağlı stimul yaradır. Amma 30 manatın vətəndaşa qayıtması dövlət üçün ciddi bir xərc olmayacaq. Bu vətəndaşlarda stimul yaradacaq ki, onlar kütləvi şəkildə nağdsız hesablaşmalardan istifadə etsinlər. Eyni zamanda elektron ticarətə bir sıra güzəştlər tətbiq edilməsinə ehtiyac var. ABŞ-da eletron ticarət əlavə dəyər vergisindən azaddır. Əgər ticarət yalnız elektron formada baş verirsə, bu halda elektron ticarət edən şirkətlər əlavə dəyər vergisindən azad edilir”. Ekspert qeyd edir ki, oxşar mexanizm Azərbaycanda da tətbiq edilə bilər. Eyni zamanda da təşviqi metodlardan əlavə, inzibati metodlar da tətbiq edilməlidir: “Pos-terminallardan istifadə etməməyə görə qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması və pos-terminalları, plastik kartlardan istifadəni qəbul etməkdən imtina edən satış və xidmət obyektləri üçün cərimələrin sərtləşdirilməsinə ehtiyac var. Bu da şirkətləri məcbur edəcək ki, plastik kartlarla alış-verişi qəbul etsinlər. Qanunvericilikdə pos-terminalları quraşdırmaqdan imtina edən şirkətlər, satış obyektləri və xidmətlərin hər biri üçün hansı cərimə və cəzalar tətbiq edilməsi mexanizmi konkretləşdirilməlidir. Bununla bağlı qanunvericilikdə olan boşluq aradan qaldırılmalıdır. Eləcə də nağdlı ödənişlər üçün maksimum məbləğin müəyyənləşdirilməsi ilə bağlı praktikanın tətbiqinə ehtiyac var. Məsələn, inzibati olaraq belə bir qərar qəbul edilə bilər ki, min manatdan yuxarı ödənişlər yalnız nağdsız formada həyata keçirilsin. Bu praktika xarici ölkələrdə də tətbiq edilir”.
Beləliklə, ekspertə görə, Azərbaycanda nağdsız hesablaşmaların inkişaf etdirilməsi üçün həm təşviqi, həm inzibati metodların tətbiqinə, eləcə də qanunvericilikdəki mövcud boşluqların aradan qaldırılmasına ehtiyac var.

“Nağdsız hesablaşmanın genişlənməsi üçün maliyyə mədəniyyəti
yüksəldilməlidir”

Mövzu barədə qəzetimizə fikirlərini bildirən millət vəkili, iqtisadçı Əli Məsimli də qeyd edir ki, ölkədə plastik kartların sayı yarım milyonu ötüb: “Amma Azərbaycanda plastik kartlar, nağdsız hesablaşmalar son dövrlərdə daha çox istifadə olunmağa başlasa da, onun əhatə dairəsi daha çox artmalıdır. Azərbaycanda da yavaş-yavaş həm supermarketlərdə, həm də digər alış-veriş yerlərində nağdsız hesablaşmaların həyata keçirilməsi istiqamətində addımlar atılmağa başlayıb. Güman edirəm ki, bunun dairəsi getdikcə genişlənəcək. Bununla bağlı əhalinin KİV vasitəsilə ətraflı məlumatlandırılması və eyni zamanda stimullaşdırıcı tədbirlərin görülməsi lazımdır”.
Maliyyə eksperti Mehdi Babayevin bizə bildirdiyinə görə, nağdsız ödənişlərin geniş dairədə baş tutması nəticəsində xüsusilə vergi orqanları üçün vergi nəzarətini həyata keçirmək asanlaşacaq və bu iş daha da operativ həyata keçiriləcək. Nağdsız ödəməyə başlanılması əsasən gəlirlərə nəzarət funksiyasını həyata keçirir və bu da vergidən yayınmanın qarşısının alınmasına gətirib çıxarır. Vergiyə cəlb olunan dövriyyənin rəsmi uçotunun maksimum səviyyəyə çatdırılması və bununla da şəffaflığın təmin olunması ən vacib məsələlərdəndir. Əhalinin gəlirləri istiqamətlərində ticarətin və xidmətlərin yeri heç də az deyil və bu gün kifayət qədər pərakəndə və topdansatış ticarətlə məşğul olan sahibkar ordusu mövcuddur: “Vergitutma obyekti kimi həmin sahibkarların dövriyyədən gəlirləri əsas rol oynayır və nəzərə alsaq ki, əhali ilə aparılan hesablaşmalar zamanı nəzarət kassa aparatlarından istifadə olunsa da, bu, birtərəfli nəzarəti həyata keçirə bilər. Müştəri tərəfindən alınmış malların, işlərin və xidmətlərin dəyəri nağd ödəmə kartları ilə ödənildiyi halda isə baş vermiş münasibətlər satıcı və alıcı tərəfindən texniki vasitələrin köməyi, yəni pos-terminal və ödəmə kartları ilə həyata keçirilir. Bu zaman aparılmış əməliyyat tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq bütövlükdə rəsmi qeydiyyata alınır və digər müvafiq orqanlarda da həmin qeydiyyata nəzarət edilməsi mümkün olur. Deməli, hər hansı dövriyyə yayınmasından və bununla da vergidən yayınmadan söhbət gedə bilməz”. Amma əhalinin nağdsız ödənişlərin aparılması prosesinə doğru meyilləndirilməsi o qədər də asan deyil. Ekspert qeyd edir ki, bununla belə, heç kimin bu vasitələrdən istifadə etməkdən imtina etməyəcəyi barədə düşünmək olar, çünki bu üsul daha rahatdır və mədəni xarakterə malikdir. Lakin, bu əməliyyatların təhlükəsizliyinin təminatı, bank sektoruna olan inam göstəricisi, valyuta məzənnələrinin dəyişkənliyinin az olması və digər vacib maliyyə indikatorları əhalininin müstəqil surətdə bu məsələyə diqqətini öz-özünə artıra bilər. Bu isə ümumilikdə bir maliyyə mədəniyyətidir və vətəndaşlarda bu mədəniyyətin formalaşması stabil maliyyə mexanizmini yaradır.

“Avadanlıqların ucqarlarda da
quraşdırılması təmin edilməlidir”

Ruslan Atakişiyev də təklif edir ki, nağdsız hesablaşmaların ölkə iqtisadiyyatına gətirdiyi müəyyən töhfələr haqqında ictimaiyyət daha da maarifləndirilməlidir: “İctimaiyyətin bu sahədə məlumatının az olması, bəzi ucqar yerlərdə internetə çıxışın zəif olması, nağdsız hesablaşma ilə bağlı avadanlıqların ölkə ərazisi boyu tam quraşdırılması, onlara əhalinin çıxışının daha da asanlaşdırılması məsələləri həll olunmalıdır. Həmçinin bu gün əhalidə hələ də nağdsız hesablaşmaların köçürülməsində maliyyə institutlarına inamsızlıqlar müşahidə olunur”. Ekspert qeyd edir ki, burada təhlükəsizlik məsələlərinin həll olunması da mühüm əhəmiyyət kəsb edir.

İlkin AĞAYEV
Azərbaycan Mətbuat Şurası və “Vergilər” qəzetinin birgə elan etdiyi “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info